Bakıda kirayə mənzillərin qiyməti bahalaşmağa davam edir. Paytaxt ərazisində kirayə ev tapmaq hər gün daha da mürəkkəb hal alır. Buna səbəb nədir?
“Yeni Sabah” kirayə mənzil bazarındakı artımın səbəblərini araşdırıb. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bahalaşma səbəblərindən danışarkən bildirib ki, vəziyyət belə davam edərsə, yaxın 5 və ya 10 ildən sonra paytaxtda kirayə mənzil tapmaq daha müşkül olacaq:
“Bir neçə ildir ki, kirayə mənzil bazarında artım müşahidə olunur. Bu artımın bir neçə səbəbi var. 2016-cı ildən paytaxt ərazisində pilot layihələrə əsasən söküntü işləri aparılır. Köhnə 4 və 5 mərtəbəli binalar və fərdi həyət evlərindən ibarət yaşayış massivləri sökülür. Ən çox ucuz kirayə mənzillər isə əsasən bu tikililərdə mövcud idi.
Söküntüyə görə artıq həmin kirayə mənzillər bazardan çıxmağa başlayıb. Sözügedən binalarda yaşayan sakinlər onlara veriləcək mənzilləri bir neçə il gözləməli olduğu üçün artıq özləri kirayə evlərdə məskunlaşmağa başlayıblar. Yeni tikililərdəki kirayə mənzillər isə əvvəlkinə nisbətən 2 qat baha qiymətə təklif olunur. Buna görə də, mənzil bazarında qiymət artımı və qıtlıq baş verib. Proses eyni axarla davam edərsə, yaxın 5 və ya 10 il ərzində paytaxtdakı kirayə mənzillər əlçatan olmayacaq”.
Ekspert problemin həlli üçün tələbə yataqxanalarının yenidən inşa edilməsini təklif edir:
“Qiymətlərin getdikcə artmasında tələbə faktorunun da rolu böyükdür. Hər il paytaxta təhsil almaq üçün bölgələrdən minlərlə tələbə gəlir. Ali təhsil müəssisələrinin əksəriyyətində tələbələrin məskunlaşmağı üçün yataqxanalar mövcud deyil, ya da yer məhdud saydadır. Bu isə tələbələrin də kirayə mənzillərdə qalmasına səbəb olur.
1990-cı illərə qədər paytaxt ərazisində tələbə yataqxanaları mövcud idi. Daha sonra həmin yataqxanaları məcburi köçkünlərə verdilər. Amma indi torpaqlarımız işğaldan azad edilib. Bu yerlərin sakinləri artıq yurd-yuvasına qayıdır. Doğrudur, onların qaldığı yataqxanalar yararsız vəziyyətdədir. Lakin tikililərin torpaq sahələri var. Həmin sahələrdə ekonom layihəli yataqxanalar inşa edib, tələbələrə ucuz qiymətə kirayəyə verilərsə, problem həllini tapar. Həmçinin, bu, universitetlər üçün də gəlir mənbəyi olar. Tələbələrin ev problemi öz həllini tapdığı təqdirdə, kirayə mənzil bazarında müəyyən qədər boşluq yaranacaq. Həmin boşluq qiymətlərin də nizamlanmasına gətirib çıxaracaq”.
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi