Azərbaycanda mədəkiçiltmə əməliyyatları ilə bağlı həyəcan təbili çalınıb.
BUTA.TV-ın məlumatına görə, tanınmış həkim Aytən İsmayılzadə öz sosial şəbəkə hesabında mədəkiçiltmə əməliyyatlarının biznes obyektinə çevrildiyini, bunun üçün həkimə müraciət edən pasiyentlərin birmənalı şəkildə mədəsinin kəsildiyini söyləyib.
"Son dövrlər Hippokrat andına xəyanət edərək pasiyentlərinə sadəcə biznes obyekti kimi baxan həkimlərin sayı durmadan artır. Gəlir gətirən sahələrdən biri də mədəkiçiltmə əməliyyatlarıdır. Çəkisi ilə kompleks yaşayan xanımlara mədəkiçiltmənin fəsadları izah olunmur, pəhriz və idmana yox, məhz əməliyyata sürüklənir. Azərbaycanda üzdə olan xanımların mədəkiçiltmə əməliyyatından sonra ağır xəstəliklərə düçar olub, cavan yaşda həyatdan köçməsi heç kimə sirr deyil. Biraz araşdırma aparsaq, hər kəsin bu əməliyyatın fəsadından əziyyət çəkən bir yaxınının olması faktına rast gələrik" - deyə həkim bildirib.
Tanınmış həkim Aytən İsmayılzadə mədəkiçiltmə əməliyyatının fəsadlarından danışaraq xanımlara bu yoldan çəkinməyə çağırıb: "Pulu veririk ki, mədəmizi kəsdirib özümüzü yarımcan edək. Bu cahillikdən başqa şey deyil. Elə intihar kimi bir şeydir. Öz kefimizdən sağlamlığa cavabdeh olan orqanımızın bir hissəsini kəsdirib atırıq. Heç bircə hüceyrə yarada bilmədiyimiz halda o boyda vacib orqanı atırıq zibilə. Mədə bir orqan olaraq sadəcə yemək kisəsi deyil ki, dibi kəsilib tikilsin. Mədənin hissələri bir birini təkrar etmir və hər tərəfi müəyyən hormon maddələr buraxır. Mədənin cismi, dibi, girişi, çıxışı, əyrilikləri fərqlidir. Bağırsaq təkrarlana bilir, onun kəsilib tikilməsi ilə mədə bir deyil. Əməliyyatın adı isə mədəkiçiltmə yox, mədəkəsilmə olmalıdır. Çünki sadəcə mədə kiçilmir, mədə kəsilərək dəyişir. Və bu dəyişən orqan artıq mədə olmur. Biz mədəmizi ancaq onu və özümüzü qorumaq məqsədilə kəsdirə bilərik. Məsələn, mədə xərçəngi zamanı kəsilə bilər, öz görünüşümüzə görə deyil".
Həkim insanların əksər hallarda sosial şəbəkələrdə reklamlara aldanaraq bu addımı atdığını bildirib.
"Heç bir səhiyyə sistemində bu həkimlərə "dur" deyən yoxdur. Bu həkimlərə ümümiyyətlə əməliyyat etməyi qadağan etməlidirlər. Mədə kəsilibsə, bir çox minerallar sorula bilmir, zülal yaxşı həzm olunmur, kimdəsə öyümə, qusma olur, insan normal həcmdə qidalana bilmir".
Bir çox məşhurların mədəkiçiltmə əməliyyatını edən laporoskopik və bariatrik cərrah, Azərbaycan Tibb Universitetinin dosenti Aslan Abdulla da bunu təsdiqləyib. O, modern.az-a açıqlamasında Bildirib ki, bəzi həkimlər pasiyentlərin bədən-kütlə indeksini nəzərə almadan əməliyyat edir. A.Abdulla bildirib ki, mədəkiçiltmə aşırı piylənməsi olan şəxslər üçün göstərişdir.
"Mədəkiçiltmə bədən-kütlə indeksi 40-dan yuxarı olan pasiyentlərə tövsiyə edilir. Yəni, piylənmə olarsa, biz pasiyentdə mədəkiçiltmə əməliyyatını icra edirik. Çox təəssüf ki, bəzi yeni çıxan həkimlər bu qaydaya əməl etmirlər. Bədən-kütlə indeksi 30-dan aşağı olan pasiyentlər üzərində də mədəkiçiltmə əməliyyatı icra edirlər. Əslində bədən-kütlə indeksi 33-dən aşağı olan pasiyent üzərində mədəkiçiltmə əməliyyatı aparmaq olmaz. O xəstənin haqqı var ki, həmin həkimi məhkəməyə versin" - A.Abdulla bildirib.
A.Abdulla deyir ki, bədən-kütlə indeksi dedikdə insanın təkcə çəkisi yox, onun boyu da nəzərə alınır. O deyir ki, əslində Beynəlxalq Piylənmə cərrahiyyəsi və Metabolik xəstəliklər assosiasiyası bədən-kütlə indeksi 27 olan pasiyentlər üzərində mədəkiçiltmə əməliyyatına icazə verir. Amma A.Abdulla deyir ki, bu aşırı piylənmə problemi olan ölkələrə tövsiyə edilir: "Mən də bu Assosasiyanın üzvüyəm. Amma nəzərə almaq lazımdır ki, bəzi ölkələrdə əhali arasında piylənmə ciddi problemə çevrilib. Bu fəsd-fud qidalanma, oturaq həyat tərzi və sair amillərlə bağlıdır. Azərbaycanda piylənmə ilə bağlı vəziyyət elə ciddi həddə deyil. Artıq çəkidən xilas olmaq üçün idman, sağlam qidalanma kimi tədbirlərdən istifadə etmək olar. Həddindən artıq piylənmə olarsa, artıq mədəkiçiltmə əməliyyatına göstəriş var. Çox təəssüf ki, Azərbaycanda bəzi yeni bu işə başlayan həkimlər kim müraciət edirsə, o pasiyenti də mədəkiçiltmə əməliyyatı edirlər. Bu doğru və peşəkar yanaşma deyil. Bunu biznes, gəlir vasitəsinə çevirmək olmaz".
A.Abdulla deyir ki, bütün həkimlər mədəkiçiltmə əməliyyatında bədən-kütlə indeksinin nəzərə alınmalı olduğunu bildirirlər. Amma yenə bu qaydaya əməl etmirlər.
"Ona görə də insanlar həkimi düzgün seçməlidirlər. Təcrübəli həkimlərə müraciət etməlidirlər. Ucuz olsun deyə hər həkimə etibar etmək olmaz. Pasiyentlərə tövsiyəm odur ki, əməliyyatın qiymətinə aldanıb həyatlarını təhlükəyə atmasınlar" - Azərbaycan Tibb Universitetinin dosenti "Sputnik"ə bildirib.
A.Abdulla bildirib ki, əgər pasiyent üzərində keyfiyyətli mədəkiçiltmə əməliyyatı aparılarsa, bu əməliyyatın qiyməti 12 min manatdan aşağı olmamalıdır. Amma hazırda ölkəmizdə bu əməliyyatların qiyməti 5 min manatdır.
Qeyd edək ki, mədəkiçiltmədən sonra ölkəmizdə həyatını itirənlər az deyil. Ötən ilin sonunda AzTV-nin 24 yaşlı əməkdaşı Vüqar Rəsulov mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişdi. İstedadlı aktrisamız, ölümü ilə tamaşaçılarını üzən Tünzalə Əliyevanın da məhz mədəkiçiltmə əməliyyatından sonra xərçəng olduğu iddia edilir.
Məlumat üçün onu da bildirək ki, Ümumdünya Piylənmə Federasiyası heç bir tədbir görülməsə, 2035-ci ilə qədər dünya əhalisinin yarıdan çoxunun piylənmə və ya artıq çəkili kimi təsnif ediləcəyini bildirib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 1 milyarddan çox insan artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. Bu insanların 650 milyonu yetkin, 340 milyonu gənc, 39 milyonu isə uşaqdır. Hər 7 kişidən 1-i və hər 5 qadından biri piylənmə ilə mübarizə aparır. Piylənmədən əziyyət çəkən insanların sayı günü-gündən artır. Ümumdünya Piylənmə Federasiyasının yaydığı məlumata görə, 2035-ci ildə artıq çəki və piylənmə ilə mübarizə aparan insanların sayı 4 milyardı keçəcək.
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?