Çinin "UBTECH Robotics" şirkəti dünyada ilk dəfə olaraq ildə 10 minədək sənaye təyinatlı humanoid (insanabənzər) robot istehsal etmək gücünə malik zavod kompleksini istifadəyə verib.

BUTA.TV xəbər verir ki, bu barədə şirkət "WeChat" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayıb.



Məlumata görə, yeni müəssisə ölkənin cənubunda, Quansi-Çjuan Muxtar Rayonunun Lyuçjou şəhərində yerləşir. Zavodun istehsal gücü hər 10 dəqiqədən bir yeni robotun yığılmasına imkan verir.

Layihədə müasir planlaşdırma texnologiyalarından və sənaye modelləşdirməsi sistemlərindən istifadə olunur. İstehsal prosesinin ən diqqətçəkən xüsusiyyətlərindən biri "robotların robotlar tərəfindən yığılması"dır.

Beləliklə, Çində humanoid robotların istehsalı laboratoriya sınaqları və kiçikhəcmli istehsal mərhələsini geridə qoyaraq, genişmiqyaslı intellektual sənaye səviyyəsinə keçid edir.

Ümumi sahəsi 14 min kvadratmetr olan zavodda əsasən "Walker S" və "Cruzr" seriyalarına aid intellektual sənaye humanoid robotları yığılır. Kompleks Almaniyanın "Siemens Digital Industries Software" şirkətinin iştirakı ilə inşa edilib.

Qeyd olunur ki, istehsal əməliyyatları sistemi sifarişlərin planlaşdırılması, materialların bölüşdürülməsi və keyfiyyətə nəzarət də daxil olmaqla, bütün mərhələlərdə qapalı dövrəli rəqəmsal idarəetməni təmin edir.

İstehsal xəttində paletlərin boşaldılması, materialların yüklənməsi və daşınması işlərini məhz insanabənzər robotlar həyata keçirir. İstehsaldan çıxan hər bir yeni robot dörd saatdan çox davam edən sınaqlardan keçirilir.

Pilotsuz çəngəlli yükləyicilərin və nəqliyyat vasitələrinin tətbiq olunduğu ağıllı sistem hissələrin və son məhsulun yığılması, sınaqdan keçirilməsi və anbarlanması da daxil olmaqla, bütün istehsal zəncirini əhatə edir.