Son günlər dəhşətli xəbərlər yayılır – doğrusu, insan o qədər narahat olur ki, gecə yata da bilmir.
Biri odur ki, xalq artistlərimizdən birinin qızı öz nişanını geri qaytarıb. Şokedicidir – axı, necə yəni qaytarıb, nə təhər qaytarıb – elə-belə, nişan üzüyünü çıxarıb verib, yoxsa nişan zamanı içdiyi şirinçayı qaytarıb?
Hələ dövlətdən səs çıxmaması da adamı narahat edən əsas cəhətlərdəndir. Axı, ən azı Mədəniyyət Nazirliyi bir açıqlama verə bilərdi ki, xalq narahat olmasın! Və yaxud DİN – nə olardı, bir press-reliz yayardılar ki, üzük xonçaya qoyularaq, polis əməkdaşlarının müşayiəti ilə təntənəli şəkildə geri aparılıb, ya yox? Yainki hər hansı insident-saxlanılan zad varmı? Üzük araşdırmaya cəlb edilibmi?
AQTA şirinçayın tərkibini yoxlamalıdır. Bəlkə bütün bəlaların kökü o şirinçaydadır? İçəndə stəkanı düz tutmayıblar və ya qənd atanda, sayını düz bölməyiblər?
Digər dəhşətli xəbər də var: iki aparıcı ər-arvad xalq artistinin övladının toyundan küsüb gediblər.
Vayyy! Belə xəbəri də sakit-sakit elan edərlər? Şok-xəbər verəndə gərək oxucunu hazırlayasan – bunun ürəyi xəstəsi, qocası-cavanı var axı. Necə ola bilər ki, ölkədə bunca tragik hadisəni manşetə daşıyırsan və qabağına “ürəyi zəif olanlar oxumasın” xəbərdarlığını etmirsən?
Kərbəlayi İsmayılın oğlu Yədullanın müsibəti belə olmamışdı – nəinki xalqımızın aldığı bu sarsıdıcı xəbər!
DİN-in bu məsələdə susması da təbii deyil. Bu, o deməkdir ki, daxili işlər orqanlarında çalışanlar cəmiyyəti narahat edən məsələlərə çox soyuqqanlı, hətta laqeyd yanaşırlar.
Sosioloqlar, psixoloqlar bu məsələyə münasibət bildirməli, cəmiyyət mütləq bu problemlərin həllini tapmalıdır. Bu, sıradan hadisə deyil – ümummilli, taleyüklü, xalqın gələcəyi ilə bağlıdır.
Hələ onu demirəm ki, hansısa rayonda fəaliyyət göstərən və bu hadisədən sonra qəfildən “məşhur aşıq” olduğu üzə çıxan bir el sənətkarının oğlunun arvadı – yəni gəlini 15-20 gündür yoxa çıxıb. Yəni bu məşhur aşıq indiyə qədər bütün yaradıcılığı ilə xalqın yadına düşməyib, ancaq gəlini evdən küsüb gedən kimi məşhurlaşıb.
Ümumiyyətlə, bu “küsmək məsələsi” həllini tapmalıdır: biri verilişdən küsür, biri evdən küsüb uşaqlarını da götürüb atası evinə gedir, biri toydan, biri dostundan...
Belə dəhşətli iqlim dəyişikliyi ilə üz-üzəyik və təəssüf ki, mediamız aylardır bu xəbərləri tirajlamasına baxmayaraq, milli problemin həllini tapa bilmir.
Xalqımız küsəyənlərdən o qədər narahatdır ki, yeməkdən-içməkdən imtina edib, üzülüb-incəlib, gülməyi özünə haram edib – ona görə hamı küçədə qaşqabaqlı gəzir, sifətindən zəhrimar tökülür. Belə şey olar? xalq artistinin toyundan küsüb gediblər axı – xalq buna nə təhər dözsün?
Təklif edirəm ki, Novruzu gözləməyək, çünki yenicə yola salmışıq və o zamana 10 ay var: dövlətimizə təzyiq edək, küsülülərin barışması üçün ayda bir dəfə Novruz qayırsın və birləşib, yumurta döyüşdürüb, xalq olaraq Kosa-Keçəllə toydan küsənləri geri qaytarıb, təzədən toy edək!
Xilas yolu təklif edirəm – sonra deməyin ki, demədi...
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir