Azərbaycanda məşhur Kəngərlilər nəslinə məxsus evlərdən birindən yenidən oğurluq hadisəsi olub. Altı il yəvvəl 1 milyon 200 min manatlıq oğurluğa məruz qaldığını deyən ailənin, bu dəfə 20 minə yaxın pulu oğurlanıb.
“Qafqazinfo” xəbər verir ki, oğurluq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva Kəngərlinin evindən edilib. G.Əliyevanın Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən villasında işləyən tibb bacısı, 1988-ci il təvəllüdlü G.Təhməzovanın evdəki çantadan 19 300 manat oğurlaması məlum olub. Belə ki, G.Əliyevanın anası, AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyevanın baxıcısı işləyən G.Təhməzova barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (Xeyli miqdarda oğurluq) maddəsi ilə iş açılıb. İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib və iyunun 14-də hökm oxunub.
Məhkəmə iclasında G.Təhməzova törətdiyi əməli etiraf edib və oğurladığı pulları geri qaytardığını deyib: “2022-ci ilin sentyabr ayından Gülşən xanımın Pirşağıdakı 4 mərtəbəli bağ evində həm xadiməçi, həm də tibb bacısı kimi işləmişəm, insult keçirmiş anası Aybəniz xanıma baxmışam.
Məndən başqa evdə daha iki xanım da tibb bacısı kimi işləyərək Aybəniz xanıma nəzarət edirdi. 5 sentyabr 2023-cü il tarixində evdə Aybəniz xanımla tək olduğum vaxt dolabda əl çantasından 19 300 manat götürdüm. Mənə az əməkhaqqı verilməsi səbəbindən aqressiv olmuşam, bu səbəbdən də həmin pulları çantadan götürmüşəm”.
Araşdırmalar zamanı məlum olub ki, G.Təhməzova pulun böyük hissəsini yaxın münasibətdə olduğu şəxsə verib. İşin üstü açıldıqdan sonra isə o, bütün pulları polisin vasitəsilə geri qaytarıb.
Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, peşmanlıq hissi duymasını, dəymiş zərəri ödəməsini, qarşı tərəfin şikayətini geri götürməsini nəzərə alaraq ona həbslə bağlı olmayan cəza verib. 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilən G.Təhməzovaya elektron qolbaq tətbiq edilib və polisin nəzarəti altına verilib.
Qeyd edək ki, Aybəniz Əliyeva-Kəngərli bir müddət AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsini də tutub. Onlar məşhur Kəngərlilər nəslindəndir.
Onu da əlavə edək ki, bir neçə il əvvəl ailənin Nəsimi rayonunda yaşadığı evdən də xidmətçi 536 min ABŞ dolları (912 min AZN), 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamışdı. Həmin vaxt xadimə X.Zeynalova və onun tanışı barəsində də cinayət işi açılmış və hər iki şəxs məhkum edilmişdi.
Fotoda: Aybəniz Əliyeva Kəngərli
Fotoda: Gülşən Əliyeva Kəngərli
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək