“Bu şəhərdə”nin iki simasından biri - əməkdar artist Rafael İsgəndərovun Tiktok ölüm xəbərini yayıb – təbii ki, feyk olduğunu bilə-bilə: Rafael buna çox acıqlı reaksiya verib və media da bunu fürsətə çevirib, müəmmalı bir başlıqla yayıb.
Rafael İsgəndərovun əsəbi, hikkəsi və verdiyi reaksiya anlaşılandır – o yayılan xəbəri görən dost, tanış, qohum hansı hisslər keçirər, kimlər hansı vəziyyətə düşər? Bəlkə də bu xəbərin özü Rafaelin ailəsində faciəyə çevrilə bilərdi.
Maraqlı olan həm də bu xəbərin Rafaelin kanallarımızla bağlı iradlarından sonra yayılmasıdır. Daha doğrusu, paralel ortaya çıxmasıdır – bir tərəfdə Rafael TV-ləri tənqid edir, baxmayaraq ki, bu tənqidində belə sərhəd gözləyir, məlum Zaurlar-Lalə-Elgiz-Xoşqədəm beşliyini və bu beşliyin təsirində olan verilişləri tənqid etməklə bərabər, onların baxımlı olmasına, “reytinq qırmasına” da toxunur, “balansı qoruyur”, digər tərəfdə Rafaelin “ölüm” xəbəri yayılır.
İlahi mizandır sanki, necə də üst-üstə düşür: Rafaelin adını çəkdiyi və üstünə getmədən, böyründən keçərək, cəsarətsizcəsinə, Trampın “qulağını yalayan” gülləsayağı “şou”ya bir “güllə” atır, əvəzində eynilə Trampın qatili kimi anında, yerindəcə “qətlə” yetirilir!
Bu, müqayisə deyil, zatən müqayisəyə də gəlmir – sadəcə, paralel olaylardır, eyni gündə yaşadıqlarımızdır.
Amma Tiktokun Rafaeli məhz insanların əxlaqını dağıdan rüsvayçılıqlara doğru cəsarətsizcəsinə çıxış etdiyi bir vaxtda “öldürməsi” təsadüf deyil. Mahiyyət etibarilə Tiktokdan qətiyyən fərqlənməyən həmin verilişlərə qarşı illərdir çıxışlar, sözlər, ziyalı etirazları kimsəyə təsir etmir – nə kanal rəhbərlərinə, nə də o verilişlərin müəlliflərinə. Bilə-bilə ki bu verilişlər insanların əxlaqını dağıdır, milli mədəniyyətə təcavüzdür, hər gün onlarla ailəni məhv edir, öldürür, dağıdır – yenə eyni templə davam edirlər.
Tiktok da eləcədir: yalan, feyk, düşüklük, əttökən çığır-bağırlar... Amma tiraj var, baxılma var, populyarlaşma var deyə, orda da heç bir məhdudiyyət, ölçü-mizana riayət edilmir!
Faktiki olaraq TV-lərin əlindən sağ çıxmağa çalışanları Tiktok öldürməklə məşğuldur və yaxud əksinə. Rafaelin “ölümü” əslində bir nümunədir – gündə onlarla insanı mənən öldürən, şir-fil-bayquş-qaşqaldağa görə hər şeyini qurban verən Tiktok və ya tv-şouların qətliamlarının qarşısında bir Rafaelin “ölümü” nədir ki?
Rafael bu gün “ölməyibsə” də, nəyinsə hesabına, hansı fövqəlzəhmətin sayəsində ayaqda qalıbsa da, sabah sənət baxımından, peşəkarlıq nöqteyi-nəzərindən “öləcəyi” ehtimalı çox yüksəkdir. Çünki tv-şoular və Tiktok videoları qarşısına çıxan hər şeyi dağıdır, məhv edir, qətlə yetirir. Və onların atdığı güllə heç vaxt yan keçmir – başını qaçırmağa yer də yoxdur. Trampı xilas edən başını qaçırıb monitora baxmasıydımı? Sən hara qaçıracaqsan başını? Monitora? Monitorda daha eybəcər şoulardır...
Rafaelin simasında (yəni “Bu şəhərdə”nin) istedadlı kəsim “manevr” edə bilir, ona görə ayaqdadır: heç bir satirası, hədəfi olmayan “səhnəcik” qurur, ən azı 5-6 blokundan yarısını auditoriyanı toplamağa sərf edir ki, heç olmasa, digər 2-3 blokunda o mənasız, düşük səhnələrlə cəlb etdiklərinə nəsə təqdim edə bilsin!
Bacarırlar, hələ ki! - Həm auditoriyanı, həm də sənəti qoruya bilirlər. Nə vaxta qədər? Sabah bunu saxlaya biləcəklərmi? Bu boyda aşınmanın qarşısında dayanmağa gücləri çatacaqmı? Həm də artıq gənc də deyillər, o enerji də qalmayıb; həm də artıq püxtələşmiş yaşdadırlar, daha fərqli sənət ortaya qoymağa meyilləniblər. Bu statusla davam edə biləcəklərmi?
Problem küll halda həll olunmalıdır, böyük proses başlamalıdır: həm Tiktokda, həm TV-lərdə, həm digər sosial şəbəkələrdə...
Amma heç kəsdən hərəkət yoxdur, heç bir müqavimət mövcud deyil, heç kim başlaya bilmir – çünki başlayacağı halda dəstək qazanacağına inanmır.
Ona görə Rafaellər mütləq öləcək, Baboşlar yaşayacaq, böyüyəcək, artacaq!
Ona görə artıq Rafael yox, Baboşlardan aktoqraf alırlar; artıq Rafael yox, Baboşlar küçədə-bacada barmaqla göstərilir!
Bizdə mədəniyyətin və mənəviyyatın soyqırımı aparılır Tiktok - TT ilə; bizdə maviləşmiş artilleriya ilə hər gün uşaq bağçalarına, məktəblərə, yeniyetmələrə, gənclərə ağır zərbələr endirilir; bu ölkənin mədəniyyətinin və mənəviyyatının kürəyinə “Xəncər” saplanır - bircə ədəd “Patriot”umuz da yoxdur ki, istedadlı insanlar, ziyalılar onun arxasında birləşib, hipersəs, hipervizual raketləri zərərsizləşdirsin...
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…