Bakıda iş adamının girov götürülməsinin - VİDEOSU

00:02 - 6 Avqust 2024 - KRİMİNAL

 Bakıda iş adamının girov götürülməsinin - VİDEOSU

2023-cü il martın 25-də Bakının Nəsimi rayonunda ata və oğlu girov götürülərək, onlardan hədə-qorxu ilə pul tələb olunub. Daxil olan müraciət əsasında 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Qəbələ rayon sakini 2001-ci il təvəllüdlü Şahin Quluyev və Cəlilabad rayon sakini 2000-ci il təvəllüdlü Sakit Əlişov saxlanılıblar. Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə başlanılan cinayət işi istintaqın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.

BUTA.TV xəbər verir ki, Lent.az həmin cinayət işinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Şahin Quluyev və Sakit Əlişov kuryer kimi xidmət göstərdikləri A.Məhərrəmov küçəsi, 68 ünvanında yerləşən kafenin icarədarı Rac Abramovun pul vəsaitin ələ keçirmək məqsədilə, martın 25-i saat 23 radələrində, həmin obyektin iş vaxtının bitməsini gözləyiblər. Şahin Quluyev zirzəmidə əvvəl Rac Abramovun baş nahiyəsinə dəmir linglə, yerə yıxıldıqdan sonra isə yumruq və təpiklə zərbələr endirib. Aralarındakı rol bölgüsünə əsasən, Sakit Əlişov həmin şəxsin azyaşlı övladı Rauf Abramovun başını divara çırpıb. Bundan sonra, hər ikisinin əllərini və ayaqlarını yapışqanlı lentlə bağlayıb, onları qanunsuz azadlıqdan məhrum ediblər. Zor göstərmə hədəsi ilə zərərçəkmiş Rac Abramovdan 200 000 manat məbləğində pulu hədə-qorxu ilə tələb ediblər.

Məhkəmə prosesində Şahin Quluyev və Sakit Əlişov ittiham üzrə özlərini qismən təqsirli biliblər.

Bu xəbər hal-hazırda çox oxunur
Boşananlara bəd xəbər: aliment artırılır

Şahin Quluyev bildirib ki, 2023-cü ilin yanvar ayından Rac Abramova məxsus kafedə kuryer işləyib:

"İşlədiyim müddət ərzində Racın digər işçilərlə söyüşlü zarafatlar etdiyinin şahidi olmuşam. Bir müddətdən sonra müdir mənimlə də eyni cür zarafatlar etməyə başladı. Məndən yaşca böyük olduğu üçün cavab qaytarmırdım. Rac həmişə dönərçinin yanında, kassada otururdu.

Martın 24-də Rac orada işləyən qızla mübahisə edərək, onu işdən çıxartdı. Ümumiyyətlə müdir səbəbsiz yerə işçiləri təhqir edirdi. Ayın 25-də axşam müdirlə söhbət etmək qərarına gəldim. Sakit mənə səbirli olmağımı və əks təqdirdə işimi itirəcəyimi dedi. Dostuma Racın şit zarafalarından yorulduğumu və onunla danışacağımı, başa düşməsə isə onu vuracağımı bildirdim. Axşam zirzəmidə Racın boğazından tutan zaman, Sakit və müdirin oğlu səsimizi eşidib aşağı düşdülər. Sakitə uşağı, atasını döydüyümü görməməsi üçün, başqa otağa aparmasını dedim. Müdirin başına açarla zərbə endirdim və bundan sonra o, yerə yıxıldı. Rac səhv hərəkət etdiyini deyib, dəfələrlə məndən üzr istədi və bir daha belə zarafatlar etməyəcəyinə söz verdi. Sonra Sakitlə birlikdə onu yapışqan lentlə stula bağladıq. Səhəri gün mülki geyimdə olan polis əməkdaşları məni bölməyə apardılar".

Şahin Quluyev qeyd edib ki, Rac Abramovdan pul tələb etməyib. Yalnız onu döyüb. Pul əldə etmək niyyəti olmayıb. Zərərçəkmiş şəxsin söylədikləri yalandır.

Sakit Əlişov bildirib ki, martın 24-də Şahin müdirlə problemi olduğunu, onunla birlikdə çalışa bilmədiyini və işdən çıxmaq istədiyini söyləyib. O, dostunun sözlərini çox da ciddi qəbul etməyib və ona səbirli olmasını, özünün Rac Abramovla söhbət edəcəyini deyib:

"Bir ay əvvəl işdən çıxmışdım. Axşam saat 22 radələrində kafenin qarşısına getdim. Şahinin ürəyində problem olduğundan tez-tez halı pisləşirdi, bir az səbirsiz insan olduğu üçün müdirlə söhbət edəndə dostumun yanında olmaq istədim. Dava ola biləcəyini düşündüm. Qabaqcadan kimisə vurub, zərərsizləşdirmək barədə aramızda razılaşma olmamışdı.

Obyektə daxil olanda, heç kimin olmadığını, yalnız müdirin oğlu Raufun salonda oturduğunu gördüm. Uşaqdan atasının harada olduğunu soruşanda, azyaşlı onun işıqları söndürmək üçün zirzəmiyə düşdüyünü dedi. 4-5 dəqiqədən sonra qışqırıq səsi eşidib birlikdə aşağı qaçdıq. Nalayiq ifadələr eşidib, orada baş verənləri görməməsi üçün, uşağı pilləkənlərdə arxadan qucaqlayıb saxladım. Daha sonra Rac oğlunu çağırmağa başladı, Şahindən uşağını soruşub, onu israrla yanına gətirməsini tələb etdi. Buna görə, azyaşlını zirzəmiyə düşürüb atasına göstərdim. Sonra onu paltar dəyişmə otağına aparıb, stulda otuzdurdum, özüm isə Şahingilin yanına getdim. Rac özünü aqressiv apardığından, onun ayaqlarını yapışqan lentlə bağladım. Əlləri açıq vəziyyətdə qalmışdı. Rac onu öldürməməyimizi xahiş edib bizə pul verəcəyini söyləsə də, dostum pul üçün gəlmədiyini dedi. Aramızda maddi mənfəət barədə razılaşma yox idi. Məqsəd yalnız söhbət etmək idi.

Rac Abramov üzr istəyərək, bir daha zarafat etməyəcəyini bildirdi, cibində və kassada olan pulları götürmələrini təklif etdi. Onu buraxmağımız üçün yalvardı. Rac Abramovu hər hansı şərt qarşılığında buraxmamışıq. Hadisə ümumilikdə yarım saat çəkib".

Zərərçəkmiş Rac Abramov ifadəsində göstərib ki, işçiləri ilə yaxşı davranıb. Sakit Əlişovu hadisədən 1 ay əvvəl işdən çıxarıb, Şahin Quluyev yanında 3-4 ay işləyib:

"Söyüş söyməyim və zarafatlarımla əlaqədar Şahinlə aramızda heç vaxt mübahisə olmayıb. Hadisə günü iş vaxtı bitdikdən sonra Şahin mənə adam gözlədiyini dedi və bu səbəbdən obyektdə qaldı. Həmişəki kimi zirzəmiyə düşəndə, başıma 2 dəfə zərbə endirildiyini hiss etdi. Sonra Şahin məni yerə yıxaraq, boğmağa başladı. Bir az güc toplayaraq, oğlumu çağırmağa başladım. Bir qədər sonra Sakit övladımı ağzı bağlı şəkildə içəri gətirdi. Şahin məni stula bağlayaraq, 200 000 manat pul tələb etməyə başladı. Üzərimdə 2-3000 manat olduğunu, əgər buraxsalar, sabah onlara 20 000 manat verəcəyimi, qalan pulu isə avtomobilimi sataraq çatdıracağımı dedim. Şahinlə Sakit mənə qarşı edəcəkləri nalayiq hərəkətləri telefona çəkəcəklərini, əgər pulu verməsəm, həmin videonu sosial şəbəkələrdə paylaşacaqlarını bildirdilər. Sakit oğlumu öldürməklə hədələyirdi, Rauf bir saata yaxın əl-qolu bağlı vəziyyətdə qalmışdı. Onlardan üzr istəyərək, bizi buraxmalarını xahiş etdim. Sonra Şahinlə Sakit məni və oğlumu azad edərək, avtomobilimə qədər yola saldılar. Evə gələndən sonra, Şahin ismarış göndərdi ki, polisə şikayət etməyim, məni hədələdi. Növbəti gün Şahinə zəng edərək, pulun hazır olduğunu və saat 11-də iş yerinə gəlməsini dedim. Görüşə gələn Şahin Quluyev polis əməkdaşları tərəfindən saxlanıldı".

Məhkəmə hesab edib ki, Şahin Quluyev və Sakit Əlişovun əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6-cı (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs tərəfindən, iki və ya daha çox şəxsə qarşı, zərərçəkmişin həyatına zor tətbiq etməklə, silah və ya silah kimi istifadə olunan əşyalardan istifadə olunmaqla törədildikdə) və 182.3.2-ci (hədə‐qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə düzgün tövsif edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Şahin Quluyev və Sakit Əlişov 12 il müddətinə azadlıqdan məhrum olunublar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol