Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edir.
Bu barədə BUTA.TV-a DİM-dən məlumat verilib.
Bildirilib ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2024‑cü il avqustun 9-dan 19-dək internet vasitəsilə aparılır.
İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidir. İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edir.
Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Müsabiqə şərtləri barədə ixtisas seçimi haqqında elandan ətraflı məlumat ala bilərsiniz.
Subbakalavrların müsabiqədə iştirakı
Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün 2024‑cü il avqustun 9-dan 19-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Subbakalavrlar yalnız orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər.
İxtisasların uyğunluğu “Abituriyent” jurnalının “2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı” adlı xüsusi buraxılışında təqdim olunan “Subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”ndə verilib.
Subbakalavr ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən subbakalavr həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını subbakalavr özü müəyyənləşdirir.
Dövlət hesabına ali təhsil almış şəxslər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Subbakalavrların qəbul imtahanlarında iştirak etmədən aşağıda göstərilən ixtisaslara müsabiqə yolu ilə qəbulu aparılmır:
- Xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisaslar;
- “ADA” Universitetinin ixtisasları;
- Bakı Ali Neft Məktəbinin ixtisasları;
- İtaliya-Azərbaycan Universitetinin ixtisaslarını;
- Qarabağ Universitetinin ixtisaslarını;
- Türkiyə-Azərbaycan Unversitetinin ixtisasları.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.
İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.
Qeyd edək ki,müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri 10 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər. Səyyar Abituriyent Məsləhət Mərkəzlərinin iş qrafiki və ünvanları haqqında gün ərzində məlumat veriləcək.
Abituriyent Məsləhət Mərkəzlərinin ünvanları
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?