İrəvan ya Bakıya ərazi güzəştə gedir, ya da… - Təzminat

07:02 - 25 Sentyabr 2024 - GÜNDƏM

 İrəvan ya Bakıya ərazi güzəştə gedir, ya da… - Təzminat

Müharibə və işğal dövründə Ermənistanın Azərbaycana vurduğu zərərə görə təzminatın ödənilməsi məsələsini iki müstəvidə irəli sürmək mümkündür.

Birincisi, bununla bağlı beynəlxalq məhkəmələrə müraciət etməkdir. Azərbaycan bu istiqamətdə işləyir, lakin nə qədər effektiv olacağı sual altındadır. Qarabağ münaqişəsinin mövcud olduğu dövr göstərdi ki, beynəlxalq hüquq və ədalət əsasən kağız üzərindədir, bu baxımdan, nəticənin əldə edilməsi asan olmayacaq.

İkincisi və ən effektiv yol sülh sazişi mətninə təzminatla bağlı bəndlərin daxil edilməsidir. Bakı bunu əsas şərtlərdən biri kimi irəli sürə bilər. İrəvan razılaşmayacaq, hərçənd, sülh sazişinin imzalanmaması kommunikasiyanın açılmaması deməkdir. Ki, bu olmayacağı təqdirdə “dalan ölkə” vəziyyətindən çıxa bilməyən Ermənistanın perspektivi sual altında olacaq, digər tərəfdən, İrəvan Qərb və Rusiya arasında yekun seçimi edə bilməyəcək. Bu baxımdan, təzminat məsələsinin sülh sazişi mətninə daxil edilməsində israrçı mövqe yekunda Ermənistanın geri çəkilməsi ilə nəticələnə bilər.

Əsas məsələ təzminatın hansı formada ödənilməsidir, çünki Ermənistan təkcə “müharibə təzminatı” (I Qarabağ müharibəsində vurduğu zərər) yox, həm də işğal dövründə törətdiklərinin əvəzini ödəməlidir və bu, yüz milyardlarla dollar deməkdir. Bunun bir neçə forması təqdim edilir.

1. Ermənistan pul və dövlət səhmlərini, eləcə də sənayesini Azərbaycana verir;

2. “Təzminat fondu” yaradılır və Ermənistanı tərəfdaş kimi qəbul edən ölkələr bu fonda yardımlarla kömək edirlər;

3. Təzminat qarşılığında Ermənistanın mövcud olduğu ərazilərin bir hissəsi Azərbaycana verilir;

İlk iki variant mümkünsüz görünür. İrəvan yüzmilyardlarla dollar vəsaiti ödəmək gücündə deyil, eyni zamanda, Ermənistanın dostlarının təzminat fonduna yardım etməsi ehtimalı zəifdir. Yeganə çıxış yolu üçüncü versiya - ərazilərin verilməsidir. Beynəlxalq təcrübədə bu, “ərazi güzəştləri” adlandırılsa da, Azərbaycan-Ermənistan məsələsində “ərazilərin qaytarılması” hesab oluna bilər. Çünki Ermənistanın mövcud olduğu ərazilərin böyük hissəsi ötən əsrin əvvəlində və sovetləşmə başladığı dövrdən 80-ci illərə qədər ermənilərə müxtəlif adlar altında “bağışlanan” Azərbaycan əraziləridir. Sərhədlərin şərti olması Ermənistana bu ərazilər üzərində tam legitimlik vermir, Paşinyanın tez-tez dilə gətirdiyi “kadastrımız yoxdur” ifadəsi də bununla bağlıdır.

Ermənistan təzminat qarşılığında Azərbaycanın tarixi torpaqlarını qaytara bilər. Yaxud ən azı azərbaycanlılar evlərinə - Qərbi Azərbaycana qayıdır və onların təhlükəsizliyinin qorunması üçün rəsmi Bakıya suveren hüquqlar verilir. Müxtəlif versiyalar var, lakin təzminat təkcə dəymiş ziyanın qarşlanması üçün yox, həm də ermənilərin “ağıllanması” üçün də zəruridir.

II Dünya müharibəsindən sonra Almaniyanın üzləşdiyi vəziyyət almanlarda nasizmin onlara itki gətirdiyi fikrini qətiləşdirdi. Ermənistan müharibədə məğlub olsa da, revanşizm hələ də qalır. Təzminatın ödənməsi başqa ölkələrə qarşı ərazi iddialarının və revanşizmin onlara yalnız itki gətirdiyini anlamalarına kömək edə bilər.

Azərbaycan təzminat məsələsini erməni revanşizmini nəzarətdə saxlamaq və sıradan çıxarmaq üçün rıçaqlardan biri kimi əlində saxlamalıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol