Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Xalid Məmmədovun (şərti ad) Cinayət Məcəlləsinin 177.2.3-1-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Ucar rayon sakini Xalid Məmmədov təxminən 5 ay əvvəl "Bolt" platformasında sürücü kimi fəaliyyətə başlayıb. O, 50 yaşlı Firuzə (şərti ad) adlı müştərini Xətai rayonu, "Viktoriya" restoranının yaxınlığından götürərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsinə aparıb. Sifarişin dəyəri cəmi 5 manat olub.
Səfər zamanı qadın sürücüyə nəğd pulu olmadığını, ödənişi kartla həyata keçirəcəyini bildirib. Bu fürsətdən istifadə edən sürücü qadının kart məlumatlarını əldə edərək, "Mosbet" mərc oyun platformasında qeydiyyatdan keçib. Daha sonra həmin kartdan ümumilikdə 435 manat vəsaiti öz hesabına köçürərək, məbləği mərc oyunlarında xərcləyib.
Firuzə dərhal sürücüyə zəng edərək pulu geri qaytarmasını tələb edib. Lakin sürücü ona "səhv nömrəyə zəng etdiyini" deyərək vəziyyətdən yayınmağa çalışıb. Qadın daha sonra bankla əlaqə saxlayaraq kart hesabını bağlatdırıb və Daxili İşlər Nazirliyinin 102 Çağrı Mərkəzinə zəng edərək hadisə barədə məlumat verib. Sürücü qısa müddət sonra saxlanılıb.
Məhkəmənin qərarına əsasən, Xalid Məmmədova 2 günlük həbs müddəti nəzərə alınmaqla 2 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası verilib. Bu müddət ərzində o, elektron qolbaqla nəzarətdə saxlanılacaq.
Qeyd edək ki, bir müddət əvvəl də bənzər hadisə baş vermişdi. Belə ki, bir nəfər Nizami küçəsindən (Tarqovı) Nəsimi rayonuna getmək üçün ayıq sürücü çağırmış, lakin sürücü içkili müştərinin kartından 7 manatlıq ödəniş əvəzinə 700 manat çəkmişdi. Həmin şəxs də məhkəmə qərarı ilə 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
- Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi
- Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...
- Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək
- Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır
- Gəncədə 18 yaşlı gənci döyüb öldürdülər
- Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...
- Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi
- İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video