İranda baş verən etirazlar zorakılıq və qətllərlə müşahidə edilir. İndiyə qədər onlarla insanın öldürüldüyü və yaralandığı haqda məlumatlar var. Rejim real vəziyyəti gizlətməyə çalışsa da, Nyu-Yorkda mənzillənən “İranda İnsan Haqları Mərkəzi” 8 etirazçının öldürüldüyü, onlarla insanın yaralandığı, 100-dən çox insanın isə həbs edildiyi məlumatını yayıb. Etirazlar zamanı ən azı 50-yə yaxın şəxsin həqiqi mərmi ilə vurulduğu müəyyən edilib.
Qumda bir etirazçısının küçənin ortasında qumbara ilə öldürülməsi İrandakı rejimin qəddarlığının real nümunəsi hesab olunur. Rejim bu məlumatı əvvəlcə təkzib etməyə çalışdı. Lakin BBC-nin araşdırmaları zamanı məlum oldu ki, küçənin ortasında öldürülən etirazçı ilə bağlı görüntülər yenidir, hadisə Qumun Malek Aşta küçəsində baş verib. Yayılan videögörüntülərdə bir qadının “bombalayırlar, uşaqlarımızı öldürürlər” sözləri əks olunur. Bu faktın yayılmasından sonra rejim qüvvələri faktı təsdiqləməyə məcbur oldu, lakin partladılaraq öldürülən etirazçını “terrorçu” kimi təqdim etdilər.
Bu cür iddialar İran rejiminin diqqəti ölkədəki acınacaqlı vəziyyətdən yayındırmaq və “xarici düşmən” obrazı yaratmaq üçün illərdir istifadə etdiyi klassik taktikadır. Rejim hər dəfə bu taktikaya əl atsa da, ölkədə baş verən etirazların əsas motivi iqtisadi problemlər və sosial ədalətsizlik olub. Misal üçün, 2017-ci ildə qiymət bahalığına, 2019-cu ildə benzin qiymətlərinin artmasına, 2022-ci ildə Məhsa Aminin rejim tərəfindən öldürülməsinə görə etirazlar baş verib. Hazırda davam edən etirazların da kökündə ərzaq məhsullarının 70 faiz artması, milli valyutanın dollar qarşısında dəyər itirməsidir. İranda ekspertlər də təsdiq edir ki, baş verən etirazlarda “xarici düşmən” axtarışı absurddur. Əsl düşmən İrandakı mövcud rejimdir.
İqtisadi ekspert Səid Leylaz etirazların başlanmasından iki gün öncə bildirmişdi ki, İran talan edilib: “İranın banklarında aktivlərin 40 faizi kağız üzərindədir, reallıqda yoxdur. Ölkənin iqtisadi inkişafı sıfırdır”.
O bildirib ki, İran İslam Respublikası legitimliyin dibinə çatıb, ölkə başdan ayağa korrupsiyalaşıb.
“Hələ 2017-ci il etirazlarında dini lider Xamenei və mövcud sistem iki seçimdən birini etməli idi: ya rejimi saxlamalı, ya da xalqın tələblərini nəzərə almalı idi. Rejimin qorunmasını seçdilər. “Rejimin xadimləri” öz məqsədlərinə çatmaq üçün ölkəni “dalana dirəyiblər” və öz maraqları naminə İranın dağılmasını görməzdən gəlirlər”, - iranlı ekspert vurğulayıb.
Siyasi ekspert Navid Kalhorodi hesab edir ki, baş verən etirazlar tamamilə sosial-iqtisadi problemlərdən qaynaqlanır və rejim bunu “xarici düşmənlə” əlaqələndirə bilməz.
Etirazların ölkədəki ağır sosial şəraitdən qaynaqlandığı İran prezidenti Məsud Pezeşkian da təsdiq edib. O bildirib ki, ölkədə su qıtlığı, yüksək inflyasiya və dərin iqtisadi problemlər mövcuddur, bunları gizlətmək mümkün deyil.
“İnsanlar narazıdırsa, bu, bizim günahımızdır. Günahı ABŞ-da və ya başqa yerdə axtarmayın. Məsuliyyət bizim üzərimizdədir”, - Pezeşkian real vəziyyəti izah edib.
İranda mövcud rejimdən bezən xalq Pezeşkiana böyük etimad göstərərək, prezident seçdi. Onun seçkilər zamanı əsas vədi də sosial problemləri həll etmək, xalqın yanında olmaqla bağlı idi. İran prezidenti bunun üçün əlindən gələni edir, ən azı xalqın real etirazını “xarici düşmən”lə əlaqələndirərək, diqqəti yayındırmır. Lakin Pezeşkianın reallıqda qərar qəbul etmək səlahiyyətləri məhduddur və başda Xamenei olmaqla mühafizəkar qanadın kök saldığı İran rejimi ona belə bir imkanı tanımır.
Ekspert Səid Leylaz da bildirir ki, Pezeşkian hökuməti heç bir qərar qəbul edə bilmir: “Çoxsaylı görüşlər keçirilir, lakin heç bir nəticəsi yoxdur, hətta hökumətin səhv qərarlar qəbul edə biləcək sistemi yoxdur”.
Bunun əsas səbəbi İranın Xamenei rejiminin girovunda olmasıdır. Hazırda rejim xalqın problemlərini həll etmək əvəzinə baş verən etirazlardan xilas olmaq üçün üç istiqamətdə hərəkət edir.
1. Sosial tələblərlə çıxış edən dinc etirazçıları “iğtişaşçı” adlandıraraq, zorakılığa məruz qoyur, qətllər törədir: Xamenei də son çıxışında “iğtişaşçılar” adlandırdığı etirazçılara hücum göstərişi verib;
2. Etirazları “xarici düşmən”lə əlaqələndirməklə həm diqqəti yayındırmağa, həm də zorakılıq əməllərini legitimləşdirməyə çalışırlar;
3. Ölkədəki sosial problemləri Pezeşkian hökumətinin günahı kimi təqdim etməyə cəhd göstərirlər: rejimin real problemləri həll etmək əvəzinə etirazları yatırmaq üçün hətta hökuməti istefaya göndərməsi belə istisna edilməməlidir;
Lakin bütün bunlar mövcud problemləri həll etmir. Çünki rejim özünü qorumaq üçün bütün vasitələrə əl atır və bu gün İranda baş verənlər də molla rejiminin xalqın başına gətirdiyi müsibətlərin nəticəsidir. Bu müsibət İranda inqilabdan sonra başlandı.
Molla rejimi ölkənin sərvətlərini ən təpədə dayanan rəhbərlərin və rejimin qoruyucusu hesab olunan SEPAH-ın əlində cəmləşdirməyə başladı. Bu məqsədlə birbaşa dini liderin idarəçiliyində olan “fondlar” – qurumlar yaradıldı. Misal üçün, SEPAH-ın nəzarətindəki şirkətlər qurupunu idarə edən “Xatəm-əl Ənbiya” qərargahı, maliyyə, neft və telekommunikasiya şirkətlərini birləşdirən “İmam Xomeyni Əmrinin İcrası Qərargahı” – EİKO, ölkə iqtisadiyyatının bütün sferalarında paya sahib olan “Bonyade Mostəzəfin” (Məzlumlar vəqfi) fondu, “Astan Qüds Rəzəvi” (Astan-e-Qods bonyad) və digər bu kimi qurumlar İranın yeraltı və yerüstü sərvətlərinə nəzarət edir, əldə olunan yüzmilyardlarla gəlir rejimin iki əsas məqsədinə xərclənir.
Birincisi, birbaşa dini liderin ailəsi və “rejimin xadimləri və xidmətçilərinin” lüks həyatına sərf olunur.
Açıq mənbələrdə yayılan məlumatlar İran rejiminin ailə üzvlərinin cah-cəlal içində yaşadığını təsdiq edir. İran xalqı sosial problemlər məngənəsində sıxılarkən, dini lider Xamenei və rejimin digər rəhbərlərinin övladları sözün gerçək mənasında kef edirlər. Misal üçün, Xameneinin nəticəsi Yasəmən Eşqarinin BMW maşını və 3800 dollarlıq Dolce&Cabana brendindən olan çantalarla verdiyi poz sosial mediada geniş yayılıb. Digər nəticəsi Zəhra Eşqarinin də “Burberry” və digər brendlərdən istifadə etdiyinə dair faktlar var. Dini liderin ailəsi Tehranın şimalında yüksək təbəqəli insanların yaşadığı “Niavaran” küçəsində - şahın keçmiş sarayının yaxınlığında dəbdəbəli villada həyat sürürlər.
Sosial şəbəkələrdə “Tehranın zəngin uşaqları” adı ilə yayılan video və fotolar İran rejiminin ölkənin sərvətini nəyə xərclədiyini çılpaqlığı ilə sübut edir.
İkincisi, İranın sərvəti rejimin region ölkələrində yaratdığı proksi qüvvələrə xərclənir.
İnqilabdan sonra rejim “İslam inqilabının ixracı” və “Xomeynizmin yayılması” məqsədilə region ölkələrində “tərəfdar” toplamağa başladı. Silahlandırılan “tərəfdarlar” həm molla rejimini təbliğ edir, həm də fəaliyyət göstərdikləri ölkələrin İrana tabe etdirilməsi istiqamətində işləyirdilər. İraqda Haşdi-Şabi qruplaşması, Fələstində HƏMAS, Livanda Hizbullah, Yəməndə husilər, Suriyada nuseyrililər – Əsəd rejimi və s.
İran rejimi bu qruplaşmaların formalaşdırılması və saxlanılması üçün yüzlərlə milyard dollar vəsait xərcləyib. Beynəlxalq mediada yayılan məlumatlara görə, hər il Hizbullaha 1 milyard dollara yaxın maliyyə ayrılır. Suriyada vətəndaş müharibəsi başlanmasından etibarən, İran rejimi Əsəd rejiminin qorunması məqsədilə hər il 6 milyard dollar olmaqla 50 milyard dollardan çox vəsait xərcləyib.
İran rejimi proksi qüvvələrin yaradılmasını təkcə Yaxın Şərqlə məhdudlaşdırmayıb. Hədəf seçilən ölkələrdən biri də Azərbaycan idi. Nardaranı “dini kanton” kimi nəzarətdə saxlamağa çalışan molla rejimi Azərbaycan daxilində “Müsəlman Birliyi” hərəkatını formalaşdırmışdı. İranda isə “Azərbaycan Hizbullahı” kimi yaradılan “Hüseyniyyun” terror qruplaşması ölkəmizdə “silahlı dəstələr” qurmaq istiqamətində işləyirdi. “Müsəlman Birliyi” hərəkatı Azərbaycanda konstitusiya quruluşunu dəyişdirmək cəhdləri etdi, “Hüseyniyyun” qruplaşması isə Gəncə terroru törətdi. Bunun fonunda molla rejimi tərəfindən Azərbaycan auditoriyasına hesablanmış “Səhər” kanalı və bu kimi digər təbliğat resursları qurulmuşdu. Lakin İran rejiminin Azərbaycanla bağlı bütün planlarının qarşısı alındı. Azərbaycanda yeni “Hizbullah” yaratmaq və konstitusiya quruluşunu devirmək cəhdləri baş tutmayan İran rejiminin onilliklərdir bəslədiyi proksi qüvvələri də dağılmış vəziyyətdədir.
- Suriyada Əsədin devrilməsi ilə mollar rejiminin bu ölkədə təsir imkanları sıfırlandı;
- HƏMAS-ın siyasi və hərbi rəhbərliyi sıradan çıxarıldı;
- Hizbullah son müharibədən sonra ciddi “qan itirib” və təsir imkanları böyük ölçüdə zəifləyib;
- İraqda Haşdi-Şabi qruplaşması əvvəlki kimi “at oynada” bilmir;
- Yəməndəki husilərin də sonu yaxınlaşmaq üzrədir;
Beləliklə, molla rejiminin İran xalqının sərvətlərini xərclədiyi planları alt-üst olub. Proksi qüvvələri dağılandan sonra növbə rejimin özünə çatıb. Artıq İran xalqı çürümüş rejimin onlara məxsus sərvətin talanmasını qəbul etmək istəmirlər. Molla rejiminin nə qədər çürük olduğunu təsdiq edən amillərdən biri də İran xalqının “12 günlük müharibə”dən sonra da etirazlara davam etməsidir. Halbuki, rejim bu müharibəni “xarici düşmən” obrazı ilə xalqı öz ətrafına cəmləmək üçün fürsət kimi görürdü. Hazırda baş verən etirazlar isə İran xalqının rejimdən xilas olmaq istəyinin təzahürüdür.
Bütün bunlar Azərbaycanda İran sevdalılarının güvəndiyi, biət etdiyi molla rejiminin gerçək üzünü və düşdüyü vəziyyəti əyani şəkildə ortaya çıxarır. Bu, Xomeyni bayrağı qaldıran və Azərbaycana qarşı çıxan xainlərə dərs olmalıdır!
- Krediti ödəyə bilməyənlərin nəzərinə - Video
- Tramp daha 3 ölkəyə hücuma hazırlaşır - Çin nə edəcək?
- Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə
- Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi
- Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı
- Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı
- Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi...
- Tramp həll etdiyi yeganə münaqişə budur - Knaysl