Digər çörəklər də bahalaşacaq - AÇIQLAMA

16:14 - 10 Fevral 2026 - CƏMİYYƏT

 Digər çörəklər də bahalaşacaq  - AÇIQLAMA

Bəzi çörək növlərinin, xüsusilə “baton” çörəklərinin qiymətində artım müşahidə olunur. Bu bahalaşma fonunda sual yaranır. Yaxın dövrdə “zavod çörəyi” və ya təndir çörəyinin qiymətində də artım ola bilərmi? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı  açıqlamasında bildirib ki, çörəyin qiyməti rəsmi olaraq dövlət tərəfindən tənzimlənmir:

“Lakin faktiki vəziyyət onu göstərir ki, zavod çörəkləri üzərində hökumətin ciddi nəzarəti mövcuddur. Hətta un bahalaşdığı hallarda belə istehsalçılara qiymət artımına yol verməmək üçün tədbirlər həyata keçirilir. Bu səbəbdən zavod çörəyi istehsalçıları demək olar ki, rentabellik həddindən kənarda fəaliyyət göstərirlər. Digər çörək növlərinə baxdıqda isə artıq 1 manat 50 qəpik və daha yüksək qiymətə satılan çörəklər mövcuddur. Zavod çörəkləri isə “sosial çörək” hesab edildiyi üçün bu sahədə nəzarət və təzyiq daha sərtdir. Hökumət zavod çörəkləri üzərində qiymət təzyiqindən imtina etməlidir. Dövlətin əsas vəzifəsi istehsalçıları stimullaşdırmaqdır. Bunun üçün vergilərin azaldılması, un və buğda idxalında gömrük rüsumlarının ləğvi və digər dəstək mexanizmlərinin tətbiqi daha doğru yanaşma olardı”.

O deyib ki, hazırkı şəraitdə dünya bazarında buğda və unun qiymətinin artdığı vəziyyətdə çörəyin bahalaşması qaçılmazdır:

“Qiymət artımı 10-20 qəpik səviyyəsində də ola bilər. Hazırda əsas diqqət zavod çörəklərinə yönəlib və aparılan siyasət uzunmüddətli perspektivdə doğru hesab edilmir. Qiymətlərin aşağı saxlanılması inzibati təzyiq yolu ilə deyil, iqtisadi alətlər vasitəsilə təmin edilməlidir. Əks halda, bir gün zavodlar istehsalı dayandıraraq qiyməti sərbəst olan digər çörək növlərinə yönələ bilərlər. Zavod çörəyinin qiymətinə təsir göstərən bir sıra amillər mövcuddur. Bunlardan biri supermarketlərin çörəyin rəflərdə yerləşdirilməsi (taxça pulu) üçün istehsalçılardan ödəniş tələb etməsidir. Bu əlavə xərclər birbaşa olaraq çörəyin maya dəyərini artırır. Digər və daha ciddi səbəblərdən biri isə zavod çörəyi daşıyan nəqliyyat vasitələrinə DYP tərəfindən tətbiq olunan cərimələrdir. Məndə olan məlumatlara görə, bu maşınlar ay ərzində 2-3 min manat civarında cərimə ödəmək məcburiyyətində qalırlar. Bütün bu xərclər istehsalçıların üzərində əlavə yük yaradır və qiymət artımına təzyiq göstərir”. /Demokrat


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol