Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo 2026-cı il Dünya Çempionatının 1/8 finalında İspaniyaya qarşı keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında həm gələcəyi, həm də illərdir ünvanına səslənən tənqidlər barədə diqqətçəkən açıqlamalar verib.
“BUTA.TV”nun xəbərinə görə, 41 yaşlı futbolçu karyerasını nə vaxt başa vuracağına yalnız özünün qərar verəcəyini bildirib.
“Karyeramı istədiyim vaxt bitirəcəyəm, siz jurnalistlərin istədiyi vaxt yox”, – deyə Ronaldo vurğulayıb.
Portuqaliyalı ulduz uzun illərdir tənqidlərin hədəfində olduğunu da qeyd edib: “23 ildir ki, məni bitirməyə çalışırlar. Nəhayət, başa düşdülər ki, bu, vaxt itkisidir. Amma yenə də cəhd etməyə davam edirlər”.
Hücumçu yaşının artıq öz sözünü dediyini etiraf etsə də, hələ də yüksək səviyyədə çıxış etdiyini bildirib.
“Bəli, yaşlandım. 41 yaşım var və əvvəlki kimi deyiləm. Amma dəyişməyən bir şey var – mən hələ də qol vururam. Ümid edirəm ki, sabah da qol vuraram. Alınmasa, qoy komanda yoldaşlarımdan biri vursun. Əsas odur ki, növbəti mərhələyə yüksələk”.
Ronaldo Dünya kubokunu qazanmağın onun karyerasını müəyyən etməyəcəyini də deyib.
“Dünya kubokunu qazansam da, qazanmasam da, həyatım dəyişməyəcək. Şükürlər olsun, heç bir əskiyim yoxdur. Əlbəttə, kuboku qazanmaq istəyirik, amma sonda yalnız bir komanda çempion olacaq”.
Portuqaliya millisinin bombardiri indiyədək turnirdə üç qol vurduğunu xatırladaraq bunun pis göstərici olmadığını bildirib.
“DÇ-də indiyə qədər üç qol vurmuşam. Düşünürəm ki, bu, pis nəticə deyil. Görək sabah yenə fərqlənə biləcəyəmmi?!”
Karyerasının sonu ilə bağlı danışan Ronaldo əlavə edib: “Bir gün futbolla vidalaşacağam. O gün gələndə 100 faiz rahat vicdanla ayrılacağam”.
Mətbuat konfransında Ronaldo ilə jurnalistlər arasında yaşanan dialoq da diqqətdən yayınmayıb. O, sual vermək istəyən reportyorlardan birinə işarə edərək zarafatla deyib:
“Mikrofonu məni sevməyən o gənc jurnalistə verin. Görüm, mənə yaxşı sual verə biləcəkmi?!”
Həmin jurnalistin “41 yaşında DÇ-də oynamağın ən çətin tərəfi nədir?” sualını cavablandıran Ronaldo isə gülərək bunları söyləyib: “Ən çətin tərəf bəzi jurnalistlərlə, xüsusən də məni sevməyənlərlə danışmaqdır. Sən də onlardan birisən. Mən insanların üzünü heç vaxt unutmuram”.
Portuqaliyalı futbolçu bildirib ki, İspaniyaya qarşı qələbə DÇ-də irəliləmək baxımından böyük əhəmiyyət daşıyır: “İnsanların yaddaşında belə oyunlar qalır. Sabah İspaniyanı məğlub edə bilsək, bu, çox gözəl olacaq”.
- Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsi vuruldu, partlayış oldu - Fotolar
- "Əpl məps"də Xankəndi "Stepanakert" göstərilir
- Ronaldodan tənqidçilərinə - Sərt mesaj - Video
- Tarix yazıb qayıtdılar, bayram bayrama qarışdı - Video
- "Nokia"dan sürpriz: Zəngləri telefonunuz cavablandıracaq!
- Messi haqqında yayılan eşq iddialarına ilk dəfə cavab verdi - Foto
- Sürücülük vəsiqəsi almaq istəyənlərə şad xəbər...
- Azərbaycanlı gənc Polşada faciəvi şəkildə öldü