Azərbaycanı vurmağın asan yolu...

18:53 - 3 Avqust 2026 - GÜNDƏM

 Azərbaycanı vurmağın asan yolu...

Son illər sivilizasiyamızın yaşı artdıqca müdrikləşmir, əksinə...

Romanların yerini postlar, filmlərin yerini “reels” videoları, portretlərin yerini selfilər alır. Bu günə qədər özündən öndəkindən geri qalmağı özünə ar bilən generasiya qəribə şəkildə sadəsinə, rahatına qaçmağı namına sığışdıra bildi.

Kolalar, kolbasalar bulaq suyunun, quzu ətinin yerini rahatlıqla ala bildi. Hiyləgərlər sərinliklərə çəkilib meqafonlarla, ruporlarla, maşalarla iş görməyi nəhayət ki, bacardılar.

İnsanlığın minillərlə qazandığı keyfiyyətlərdən birinin – nitq də bu assorti inqilabda yerini söyüşə, təhqirə, lağ-lağıya verdi – təəssüf.

Son bir neçə ildə, xüsusilə də, 44 günlük müharibədən sonra Azərbaycanın dəyişdiyi reallıqlarla barışa bilməyənlər adekvat mübarizə üsulu tapmadıqda söz vandallarına çevrilməyə başladı. Hərə bir mağara tapıb ordan başını çıxarır, əllərini ağzına çəpər edib primitiv bir küy yaradır.

Sözdə demokratiyanın vətəninə – Avropaya sığınan qəribə-qəribə adamlar millətin adından, onun problemlərinin yanından danışmağa, daha sonra söyməyə başladı. Təəssüf ki, söyüş ritorikalı bu şəxslər əslində cəmiyyət, toplum üçün olduqca zərərli bir tərz formalaşdırırlar: problemi olan şəxs qışqırmalı, təhqir etməli və aqressiya püskürməlidir. Bir neçə ildir yorulmadan eyni tərzdə xalqın problemlərindən danışmağa başlayaraq sonda qışqıran, nazirləri, prezidenti təhqir edən bir neçə şəxs sanki bilərəkdən zəlil bir dəb yaratmaq istəyir – xalqın dili söyüşdür.

Əslində isə bizim, ümumiyyətlə dünya insanının, bu gün ən çox ehtiyacı olduğu keyfiyyət dialoqdur. Problemlərin və çıxmazların sehrli açarı dialoq qurmaq bacarığındadır. Çağdaş nailiyyət dialoqdan süzülür.

Təəssüf ki, sözügedən etika müflisləri cəmiyyəti yenidən qəbilə ritorikasına çağırır, problemini söyüşlə, qəzəblə ifadə etməyə təşfiq edir. Topluma aşılamağa çalışdıqları bu zərərli vərdiş isə Azərbaycana fərdlərin təhqirindən daha ağrılı zərbə vuracaq. Onsuz da emosiyaları tarım olan qafqazlılar üçün bu forma heç də uğurlu üslub deyil.

Biz bu günə qədər Azərbaycanda məmur-vətəndaş münasibətlərində heç vaxt aqressiyanın işə yaradığını görməmişik.

Bu şəxslər Azərbaycanı, xalqı düşünən olsaydılar, təhqiri yox, tənqidi seçərdilər. Təhqir bütün müstəvilərdə siyasi müzakirəni, iqtisadi analizləri zəiflədir, dialoq institutunu məhv edir.

Bu söyüş blogerlərinin çıxışlarından sonra insanların yaddaşında primat ulaşmasından, qara-qışqırıqdan savayı heç nə qalmır. Onlara da elə bu lazımdır, insanlara effektsiz bir mübarizə forması aşılamaq, toplumu illərlə qazandığı fikir mübadilə mədəniyyətindən, ədəbi diskussiyadan uzaqlaşdırmaq və əvəzində əlinə primitiv bir silah vermək – söyüş.

Həmin təhqir ruporları söyüşbazlığın bir toplumu necə xar edə biləcəyini gözəl anladıqları üçün, məhz həmin yolu seçiblər.

Bu şəxslərin hədəfi prezident deyil, Azərbaycandır. İlham Əliyevsiz Azərbaycanı zərbə qarşısında qoymağın asan olduğunu bildikləri üçün öncə prezidenti hədəf seçirlər.

Hədəfin üzərinə isə heç bir mədəniyyətin, sistemin leqal saymadığı bir silahla, təhqirlə irəliləyirlər.

Bütün problemlərini həll etməkdə olan Azərbaycana qarşı uğurlu vasitə tapmayan “bloger”lər mikrofonlarını atıb meqafondan istifadə edir, təhqirlə arqumentlərinin zəifliyinə maska geyindirməyə çalışırlar. Bütün sivil insanlar isə gözəl anlayır ki, söyüş, qışqırıq arqument yox, məsuliyyətsizlik və tərbiyəsizliyin səsidir.

Təəssüf ki, burda ən böyük problem belələrinin tribunalarına yaxınlaşmaqdır, onları izləməkdir. Məsələn, mən bu söyüş blogerlərinin adlarını heç dəqiq bilmirəm, çünki sosial şəbəkədə nə vaxt qarşıma çıxıbsa, barmağımın ucu ilə o yana itələmişəm, yox olublar. Bir neçə dəfə bunu təkrarladıqda, monitorlarımız əbədiyyən belə simalardan arınır.

Ağzısöyüşlüləri bu və ya başqa məqsədlə, gizlin-açıq izləyənlər özləri heç nə qazanmasa da, onlara qazandırır – müasir dövrün ən həcmli kapitalı olan auditoriyanı.

Təhqiri dinləyən toplum zamanla təhqirlə danışmağa başlayır. Bir müddət sonra söyüş etirazın, qışqırıq arqumentin, aqressiya isə düşüncənin yerini tutur. Dialoqu itirən cəmiyyət əvvəlcə söz mədəniyyətini, sonra isə dövlət qurmaq mədəniyyətini itirir.

Sivilizasiyalar silahla deyil, əvvəlcə sözün səviyyəsi ilə yüksəlir və elə sözün səviyyəsi ilə də tənəzzül edir. Hələ ki, gec deyil, bizə yaraşmayan, eşitmədiyimiz, işlətmədiyimiz ifadələri monitorlardan ofislərimizə, evlərimizə dağılmağa qoymayaq. Hələ ki bir barmağımıza bənd olan o söyüşcül ağzıları monitorumuzdan sürüşdürüb gəldiyi yerə vasil edə bilərik.

Sonra gec ola bilər...

Sərdar Amin

Xüsusi olaraq “BUTA.TV” üçün


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol