Tanınmış jurnalist, TV Müsavat-ın redaktoru Sevinc Telmanqızı Teleqraf.com-un suallarını cavablandırıb.
BUTA.TV müsahibəni təqdim edir:
- Nemət Pənahlının sizin aparcılıq etdiyiniz verilişin efirində başüstə duruşu rezonans doğurdu. Həmsöhbəti bu vəziyyətdə göstərmək öz təşəbbüsünüz idi, yoxsa rəhbərliyin?
- Öncə onu deyim ki, bu video ilə bağlı çoxlarında yanlış qənaət formalaşıb. Nemət Pənahlının yoqa ilə bağlı göstərdiyi hərəkətlər canlı efirdə olmayıb, canlı efirdən sonra olub. Müsahibə zamanı Nemət bəy sağlam həyat tərzi, idmanla məşğul olması ilə bağlı danışanda qəfil bir sual yarandı və söhbət o istiqamətə keçdi. Mən onun hələ də yoqa ilə məşğul olub-olmadığını soruşdum.
Üstəgəl, illər öncə həmkarım Elşad Paşasoy da “Yeni Müsavat”da ondan müsahibə alarkən başüstə dayanmasını istəmiş, fotosunu da çəkmişdi. Yəni, bu, ilk dəfə deyil. Elşad həmçinin rəhmətlik Siruz Təbrizlinin də bu cür görüntülərini çəkmiş, müsahibə almışdı.
Canlı efirdə Nemət bəydən soruşdum ki, efirdə də edə bilərsizmi? “Xeyr” dedi. Amma efirdən sonra xeyli söhbət etdik. Mən ondan bunun sağlamlıq üçün faydası ilə bağlı soruşdum. Təzyiqdən əziyyət çəkdiyimi dedim, o da yoqanın faydalarından danışdı, bu hərəkətlərin sağlamlığa müsbət təsiri olacağını dedi.
Videoçəkilişdən Nemət Pənahlının özünün xəbəri var idi. Onun icazəsi ilə bunu paylaşmışam. Telefonla ondan razılığını aldım və hətta bir şərti də oldu ki, növbəti verilişlərdən birini məhz yoqaya, sağlam qidalanmaya həsr edək, öz bilgilərini paylaşsın.
“Bu videonu həmin efirdə də paylaşarsız, onda da danışarıq bu haqda” – razılaşmamız belə oldu. Yəni burda kimisə aldatmaq, etimadından sui-istifadə etmək, ya da onu gülünc vəziyyətə salmaq kimi bir məqsəd, məram olmayıb. 61 yaşını keçmiş adam dəqiqələrlə yoqa ilə məşğul ola bilir, sizdən-məndən sağlamdır, gündə neçə min addım atır. Narkotiki, içkini, əxlaqsızlığı təbliğ etmir, sağlam həyat tərzini təbliğ edir. Bunun nəyini pisləyirlər, mən anlamıram?!
Sualınızın ikinci hissəsinə gəlincə, ideya spontan yarandı. Baş redaktorumuz Rauf bəy material hazır olandan sonra bundan xəbər tutdu. Öncədən planlaşdırılmamışdı. Çünki biz Nemət bəylə həmin gün Qarabağ, Talıbov və Ukrayna müharibəsi ilə bağlı mövzuları danışırdıq.
Müzakirə qəfil şəkildə sağlam qidalanmaya, sağlam həyat tərzinə gəldi və mən də səmimi və təbii şəkildə öz sualımı verdim.
- Bu hadisəyə reaksiyalar birmənalı olmadı. Reaksiyaları siz özünüz necə qarşılayırsınız?
- O müsahibədə Nemət bəy çox maraqlı mətləblərə toxunmuşdu. Amma onların heç birinə bu qədər reaksiya gəlmədi. Etiraz edənlərin çoxu bu görüntüləri Nemət bəydən icazəsiz paylaşdığımı iddia edərək, mənə yazırdılar. Onlara bunun belə olmadığını çox mədəni şəkildə izah edəndən sonra üzr istəyənlər də oldu, “anladım” yazanlar da.
Bir qism etiraz edənlər isə canlı efirdə bunun baş verməsini qəbul etmədiklərini deyirdilər. Onlara da izah etdim ki, bu, canlı efirdə olmayıb, efirdən sonra olub. Arqumentimi onlar da qəbul etdilər. Rəyinə güvəndiyim dostlarım isə 61 yaşlı bir insanın sağlam, şıq bir görüntüdə yoqanı təbliğ etməsini alqışladılar.
- Tamaşaçı bunu necə qarşılayar – bu barədə düşünürdünüzmü?
- Az öncə dedim. Tamaşaçılar müxtəlif cür reaksiya verdilər. Amma böyük üstünlük idmanı və sağlam həyat tərzini təbliğ edən bir siyasət adamını təqdir edənlərdə oldu. Mən sizi əmin edirəm ki, xarici ölkələrin telekanallarında bir siyasətçinin efirdə yoqa ilə məşğul olması görüntüsünü izləsələr, bunu bəh-bəhlə paylaşardılar. Hansısa bir naziri, yaxud deputatı... Sonra bizim nazirlərin fotosu ilə onunkunu yanaşı qoyub, bizim naziri linç də edərdilər: “Xaricdəki nazir, bizdəki nazir”, ya da “xaricdə partiya sədrləri, bizdə partiya sədrləri”.
Mədət Quliyev şpaqat açdığı yerdə, yoqa təlimi zamanı fotolarını paylaşır, deyirlər, “vaauuu”. Nemət Pənahlı bunu edəndə deyirlər, ayıbdır. Nədi, yetim əlində qoğal əcaib?..
- Televiziya işçisi kimi bu addımı uğurlu hesab edirsinizmi?
- Bilirsiz, mən gün ərzində minimum 3, bəzən də 4-5 canlı efir aparıram, paralel TV Müsavatda redaktoram deyə redaktə, planlama işləri ilə də məşğulam. Oturub, xüsusi olaraq, sabah efirdə bunu edim deyə planlaşdırmıram. Gündəmi izləyirəm, verilişlərimə hazırlaşıram. İzlənmə, reytinq yüksək olanda isə sevinirəm, qürurlanıram. Çünki mən öz işimi dəhşətli dərəcədə sevirəm.
Bu, canlı efirdi, bilirsizmi? Mənim verilişlərimdə qonaqlar bəzən ağlayıblar, bəzən gülmə krizinə giriblər. Bəzən debatlarda elə davalar olub ki, onları dayandırmaqda əziyyət çəkmişəm, efiri yarıda kəsmişəm. Müsahibimin məni efirdə ağlatdığı da olub. Əsəblərim tab gətirməyib, söz kara gəlməyib, ağlamışam. Ya da gülmə krizinə girmişəm.
Hamımız insanıq, ətdən, sümükdən yaranmışıq. Əsəbləşə də bilərik, ağlaya da bilərik. Məsələn, Nemət bəy ötən efirlərdən birində güneydəki hadisələri xatırlayıb, hönkürtü ilə ağlamışdı. Ona niyə bu qədər reaksiya vermirdilər? O da insani bir reaksiya idi. Qəribə məmləkətdə yaşayırıq, vallah.
Oğru məmura, harınlanmış adama bu qədər oğurluq etdiyinə görə cəmiyyətin içində qəribə bir həsəd olur. “Bacarana baş qurban” deyirlər bəzən. Bir partiya sədri yoqa ilə məşğul olanda linç edib, təhqirə keçirlər. Məncə, belə olmamalıdır.
- Bəzən deyirlər ki, belə hərəkətlər reytinqə hesablanmış olur və öncədən razılaşdırılır...
- Bizdə hadisələr təbii axarda inkişaf etdi. Mənimsə elə reytinqə ehtiyacım yoxdu. Onsuz da verilişlərim reytinqlidir. Debat, müsahibə, xəbər buraxılışı janrında apardığım verilişlər yüz minlərlə insana çatır. İqtidarın ən qatı tərəfdarları ilə müxalifətdəkiləri bir araya gətirib, o studiyada gərgin, qalmaqallı debatlar aparıram – reytinq “uçur”.
Cəmiyyətdə müzakirə olunan bir məsələni müəllif verilişimdə şərh edirəm, sosial şəbəkələr daxil, bəzən 1 milyona yaxın, ondan da artıq baxış olur. O dediyiniz variantları reytinqi olmayanlar düşünsün.
Sizə bir şeyi də deyim. Bir neçə il əvvəl Hafiz Hacıyev mənim efirimdə ayaqqabısının yamağını göstərmək üçün ayaqqabısını çıxarıb göstərdi. O da olay oldu. O gün də “məni zəhərləyə bilərlər, mən öz stəkanımdan yox, sizin stəkanınızdan içəcəm suyu” deyib, məni şoka saldı. Olur da, canlı efirdi, hamımız insanıq.
Mənim müsahiblərimlə aramda çox sayğılı münasibət var. İllərdir jurnalistikadayam. Müsahiblərim mənim səmimiyyətimə, işimə, onlara olan münasibətimə, hörmətimə bələddilər. Bilirlər ki, Sevinc Telmanqızı onlara qarşı səmimidir, Sevincdən onlara ziyan gəlməz. Bir-birimizi bayramlarda təbrik edər, xəstələnəndə hal-əhval tutarıq. İşdən ziyadə, insani, dostcasına münasibətlərimiz var.
- Baş verən hadisədə sizi ən çox üzən nə oldu?
- Bu məsələdə məni ən çox incidən Nemət bəyin övladlarına kimlərinsə dil uzatması oldu. Qızının bir müraciətini oxudum, ürəyimdə “halal olsun” dedim. Bəli, bir atanın idmanla məşğul olması övladlarına başaşağılığı gətirmir. O ata haram yolla balalarını böyüdürsə, onlara xalqdan oğurladığı pullarla gün-güzəran qurursa, o halda övlad atasından utanmalıdır.
Eyni yanaşma Nemət bəyin xanımı üçün də keçərlidi. Həcər xanımın ailənin yükünü çəkməsi, işsiz olan həyat yoldaşına çalışaraq dəstək verməsi qürurverici bir haldır. O xanımla Nemət bəy fəxr etməlidi. “Mən arvad hesabına yaşayıram” deyən Nemət bəyə də mən o efirdə öz iradımı bildirdim: “O ifadə yanlışdır, həyat müştərəkdi, xanımınızın ailənin yükünü çəkməsi qürurverici bir haldır” dedim. Hesab edirəm ki, cəmiyyət bəzi məsələlərdə həssas olmalıdır.
- Adətən yoqa, yaxud hər hansı idman hərəkəti rahat geyimlə edilir. Amma Nemət bəy kostyumda idi. Belə bir təklifi irəli sürəndə qorxmadınız ki, geyimində problem yarana bilər?
- Mən o hərəkəti necə etmək olar deyə soruşdum. O da studiyadan başqa bir stul gətirib, divara söykədi və idman hərəkətini etdi. Hansısa bir problem olacağını düşünmədim və olmadı da...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...