Dünyanı dövrə vuran UNO-ları “dənləyirlər”: Çin nə edir?

14:22 - 13 Fevral 2023 - DÜNYA

 Dünyanı dövrə vuran UNO-ları “dənləyirlər”: Çin nə edir?

Dünyanın diqqəti ABŞ Hərbi Hava Qüvvələrinin vurduğu naməlum uçan obyektlərə (UNO, ingiliscə UFO) yönəlib.

Öncəliklə qeyd edək ki, UNO ifadəsi insanların düşüncəsində yadplanetlilərin idarə etdikləri obyekt kimi assosiasiya olunur, ancaq bu versiya konspiralogiyadan başqa bir şey deyil.

Hadisəyə münasibətdə naməlum sözü ona görə işlədilir ki, səmada süzən obyektin təyinatı və növünü aşkarlamaq mümkün olmayıb, o, sadəcə, hava sərhədlərini pozduğu üçün, mümkün təhlükələri önləmək üçün vurulub. Uçan obyektlərin imkanları və mənşəyi ilə bağlı ziddiyyətli fikirlər yarana bilər, amma bunun “uçan boşqab”larla heç bir əlaqəsi yoxdur. Paradoksallıq uçan obyektlərin hansı trayektoriya üzrə gəldiyi, onun dizaynı və ya nəzərdə tutulan məqsədi haqqında hərtərəfli məlumatların olmamasından irəli gəlir.

Müvafiq informasiyaların çoxalmaması üçün onların qısırlaşdırılmasından gələ biləcəyimiz məntiqli qənaət belədir ki, ABŞ fevralın əvvəlində Çinə məxsus hava şarını məhv edib, onu Atlantik okeanın sularına qərq etdikdən sonra növbəti təhdidlə üzləşib.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

Bu təhdidlərin ən təhlükəli tərəfi odur ki, uçan obyektlər hava hücumundan müdafiə sistemlərinin radarına gec düşür, yəni onlar artıq sərhədləri keçib bəlli məsafə qət etdikdən sonra aşkarlanır. Nəticədə ABŞ bu dəfə də uçan vasitələri vurmağı bacarıb, onlardan biri Alyaska, digərləri isə Kanada-ABŞ sərhədi yaxınlığında məhv edilib.

Uçan naməlum anomaliyalar təkcə ABŞ-nin hava sərhədlərində deyil, Kanada, Kolumbiya və Kosta-Rika üzərində də müşahidə olunur.

Səma üzrə dövrəvurmalar ABŞ ilə Çin arasındakı hərbi-siyasi gərginliyin qabarıqlaşması ilə əlaqəlidir.

Nəzərə almaq lazımdır ki, ABŞ-nin Tayvan mübahisəsində Çinə meydan oxuması, Pekinin buna adekvat cavabları, hər iki ölkənin texnologiyalar bazarındakı kəskin rəqabəti münasibətlərin ruhunu hərbiləşdirir.

Uçan obyektlər, həqiqətən, Çinə məxsusdursa, onda ortaya iki versiya çıxır:

1. Ya Çin bu platformaları idarə etməkdə səriştəsizdir,

2. Ya da Çin ABŞ-yə potensial olaraq təhdid ola biləcəyini qəsdən nümayiş etdirir.

Maraqlı tərəfi burasıdır ki, Çin özü də sərhədlərini pozan naməlum uçan obyekt gördüyünü və onu vuracağını bildirib.

Ola bilsin ki, Çin hadisələrdə ABŞ-ni ittiham etmək və diqqəti öz niyyətindən yayındırmaq üçün bu informasiyanı dövriyyəyə buraxıb.

Pekin bundan əvvəl ABŞ-nin vurduğu hava şarının özünə məxsus olduğunu bəyan etmişdi. Onun elmi tədqiqat məqsədləri üçün istifadə olunduğunu və səhvən ABŞ-nin hava məkanına girdiyini söyləmişdi.

Ancaq ardınca yeni uçan obyektlərin peyda olması bu ehtimalı artırır ki, Çin uçan obyektlərdən ibarət resurslardan istifadə edir.

Şarlardan ibarət “ekipaj” dünyanı dövrə vurur və strateji obyektlərin fotolarının çəkilməsində böyük rol oynayır. Həm ucuz başa gəlir, həm də məhv ediləndə insan itkisi yaşanmır – bu, unikal bir metoddur.

Yəqin ki, Çin kəşfiyyat həmlələrini genişləndirməklə ABŞ-nin Tayvanla bağlı iddialarını zəiflətməyi hədəfləyir.

ABŞ narahatlıqlarının üzərini kodlarla örtmək üçün informasiya əməliyyatlarını idarə edir, yönləndirir. Ancaq o, hələ Çinin hansı obyektləri çəkdiyini, hansı məlumatlara yiyələndiyini və kəşfiyyat məlumatları əsasında gələcək üçün hansı addımlar ata biləcəyini hesablamaqda çətinlik çəkir.

Çin ABŞ ilə danışıqlarda əldə etdiyi məxfi informasiyalardan ibarət qovluqları masaya qoyacaq və bunların Vaşinqtonun sinirlərinə necə təsir edəcəyini ölçəcək.

Bununla belə, ABŞ-nin Tayvan və Cənubi Çin dənizi üzrə iddialarını kiçildəcəyi inandırıcı səslənmir. Çünki Çinin ABŞ-yə qarşı hərbi təhdidlərinin ABŞ-nin daxilində müharibə başlatmaq potensialı yoxdur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol