"Kommersant.az" hazırda müəllimlərimizi narahat edən əsas mövzulardan birini gündəmə gətirib. Belə ki, aldığımız məlumata görə, məktəblərdəki mövcud təhsil sistemi tədrisin keyfiyyətini aşağı salır. Təhsil müəssisələrimiz isə bundan narazıdır. Hətta ötən günlərdə bir müəllim sırf məktəbdəki əlavə işləri çatdıra bilməməsi səbəbilə istefa ərizəsi yazıb. Mövzunu təhsil eksperti Kamran Əsədovla müzakirə etdik.
- Kamran bəy, müəllimlərimiz hazırda mövcud sistemə əsasən məktəbdəki “yazı-pozu”dan şikayətçidir. Aşırı səviyyədə çox olan kargüzarlıq işləri tədris prosesinə həm vaxt, həm də keyfiyyət baxımdan mənfi təsir edir. Məsələylə bağlı fikirlərinizi bilmək istərdik.
- Bəli, çox aktual mövzudur. Əslində 2008-ci ildən orta məktəblərdə tətbiq olunan kurikulum sisteminə görə müəllimlərin kifayət qədər, həm dərsin təşkili, həm qiymətləndirmə, həm də məktəbdaxili sənədləşmə işləri ilə bağlı yazıları var. Üstəlik, bu tək müəllimlər üçün yox, direktorlar üçün də keçərlidir. Hesablamalarıma görə, müəllimin bir tədris ilində işləməli olduğu 73 səhifəlik sənəd var. Elm və Təhsil Nazirliyi təzəlikcə toplu sənədləri məktəblərə göndərib. Bu isə müəllimə , sinif rəhbərinə, direktora öz vaxtını səmərəli keçirməyə imkan vermir. Digər tərəfdən rəqəmlərə baxsaq, bu gün bizim 4432 orta ümumtəhsil məktəbimizdə 1,6 milyon şagird var. Bu halda sənədləşmə, KSQ, BSQ, illik, yarımillik və s. qiymətləndirmə işləri üçün lazım olan kağızları düşünsək, çox böyük miqdarda kağız israf etdiyimizi görərik. Bu səbəbdən də həm müəllimlərin vaxtının səmərəli təşkili, həm də israfı aradan qaldırmaq üçün ən qısa vaxtda elektron sistemə keçməyimiz şərtdir. Bundan başqa, mən dəfələrlə təklif etmişəm ki, köməkçi müəllim ştatı açaq. Əsas müəllim tədrislə məşğul olsun, köməkçi müəllim isə yazı-pozu, texniki işləri görsün. Bu həm də dövlətin sosial siyasətinə müsbət təsir edəcək. Yeni iş yerlərinin, ştatların açılması universiteti yeni bitirmiş gənclər, işə qəbul imtahanlarından uğurla keçib vakant yer tapa bilməyən müəllimlərimiz üçün fürsət olacaq. Üstəlik, hazırda müəllimin əmək haqqı onun gördüyü işin qarşılığını vermir. Bu gün həddindən çox olan KSQ suallarını hazırlama, qiymətləndirmələr və s. müəllimin resurslarını, enerjisini səfərbər edir. Nəticədə isə tədrisin keyfiyyəti aşağı düşür.
Mən hesab edirəm ki, müəllimlərimizə kömək etmək lazımdır. Birinci növbədə onların əmək haqqı qaldırılmalı, daha sonra isə iş yükü azaldılmalıdır. Bu gün bizim müəllimimiz heç bir iş görməyən hər hansı nazirlik işçisindən qat-qat aşağı maaş alır.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...