Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 23 aprel tarixində paytaxtın Nərimanov rayonu ərazisində 36 yaşlı Sabir Vəliyevin (ad və soyadlar şərtidir) qətlə yetirilməsi ilə bağlı açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.
Tanışı S.Vəliyevi bıçaqlayaraq öldürən 1989-cu il təvəllüdlü Elşən Xəlilov Cinayət Məcəlləsinin 120.1-ci müddəsi ilə təqsirləndirilib.
Məhkəmə materiallarından məlum olub ki, E.Xəlilov ali təhsillidir və nazirliklərdən birinin akademiyasını bitirib. Daha sonra o, zabit kimi 7 ilə yaxın nazirliklərdən birində çalışıb. Lakin 2018-ci ildə artıq çəkidən əziyyət çəkməsi və şəkərli diabet xəstəsi olmasına görə nazirlikdəki işindən ayrılıb. Bundan sonra Ukraynaya gedən Elşən 2020-ci ildə Bakıya qayıdıb.
Təqsirləndirilən şəxsin atası məhkəmədə bildirib ki, oğlu Ukraynadan qayıdandan sonra onun narkotik vasitələrdən istifadə etdiyini hiss edib. Bir müddət Bakıda müxtəlif yerlərdə çalışan Elşən sonra işsiz qalıb və narkotik vasitə istifadəçisi olan Sabirlə tanış olub.
İttiham aktında qeyd edilib ki, paytaxtın Atatürk prospektindəki mənzilində tək yaşayan Sabir Elşənin narkotik asılılığından istifadə edərək onu evində qulluqçu kimi saxlayıb və alçaldıcı münasibət göstərib. Onlar tanış olduqda Sabir Elşənə yaşadığı mənzili satmaq fikrində olmasını və evi satmazdan öncə təmizlik işlərinin görülməsində köməklik göstərməsini xahiş edib. Elşən onun mənzilinə gəlib otaqları təmizlədikdən sonra ona pulsuz narkotik vasitə verdiyinə görə evi tərk etməyib. O, könüllü şəkildə Sabirin evində qalaraq mənzilin təmizlik işlərini görüb, həmçinin Sabirin verdiyi pullarla mütəmadi olaraq onun üçün mağazadan bazarlıq edib, evə gələn dostlarına yemək bişirib, çay hazırlayıb, qabları yuyub. Lakin bir müddət sonra Elşən Sabirin ona qulluqçu kimi yanaşmasından və digər mənfi hərəkətlərindən bezib.
Məhkəmədə şahid qismində çıxış edən mərhum Sabir Vəliyevin dostu Anar Məmmədov Elşəni ilk dəfə Sabirgilə gedəndə gördüyünü deyib:“Mən ilk dəfə Elşəni Sabirin evinə gedəndə gördüm. Sabir həmin oğlanın ona “kiçiklik” etdiyini bildirdi, bunu başa düşmədim. Evdən gedəndə isə həmin “kiçiklik” edən şəxsin evdə ola-ola qapını qıfıllayıb getdiyini gördüm. Həmçinin evdə olan zaman Sabirin təqsirləndirilən şəxslə çox aqressiv danışdığını, təqsirləndirilən şəxsi söydüyünü, vurduğunu və bıçaqla hədələdiyini də müşahidə etmişdim. Elşən mənə Sabirin evində olarkən “sən o bıçağı Sabirin əlindən al, mən onunla söhbət eləyim” demişdi, mən isə ona “ondan bıçağı alsam, sənin əlindən onu kim alacaq?” deyə soruşdum. Mən Sabirin evindən çıxdıqda Sabir Elşəni çörək almağa göndərmişdi, onunla birlikdə evdən çıxdıqdan sonra həyətdə təqsirləndirilən şəxsə “çıx get də, xoşuva gəlir belə yaşamaq?” desəm də, Elşən cavabında “əgər getsəm, başıma oyun açacaq” söylədi”.
Amma aprelin 23-nə keçən gecə Elşən evdən qaçmaq qərarına gəlib. O, dəmir qapını açaraq mənzili tərk etmək istəyəndə Sabir qapının səsini eşidirək yuxudan ayılıb və bıçağı götürərək üzərinə gəlib. Bu zaman onlar arasında dava baş verib və nəticədə Elşən Sabiri bıçaqlayaraq qətlə yetirib. Bundan sonra Elşən qapını arxadan bağlayaraq həmin ünvanı tərk edib.
Məhkəmədə ifadə verən mərhum Sabir Vəliyevin qardaşı onun narkotik vasitə aludəçisi olması səbəbindən xeyli vaxt münasibət saxlamadıqlarını bildirib.
S.Vəliyevin qonşusu isə şahid qismində çıxışı zamanı onun normal bir insan olduğunu deyib: “Aprelin əvvəlində mən xaricə getmişdim. Geri qayıdanda binanın dəhlizində güclü üfunət qoxusu olmasını hiss etdim. Bir müddət sonra qoxunun daha da kəskinləşməsi səbəbindən aidiyyəti qurumlara müraciət etdik və qapını açdıqda S.Vəliyevin öldürüldüyü məlum oldu”.
Bundan sonra S.Vəliyevin evində yaşayan Elşən tərəfindən qətlə yetirilməsi məlum olub və evdən qaçaraq gizlənən şəxs saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesin yekununda Elşən Xəlilova 9 il həbs cəzası verilib.
- Soydaşımızı Ermənistanda döydülər - Video
- Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!
- 3 böyük güc Rusiyaya qarşı – Putin 2 ay dözmək üçün…
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!