Almaniyada yaşayan və İranda itkin düşən 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərovanın BUTA.TV-a müsahibəsi:
- Dilarə xanım, oğlunuz harda orta və ali təhsil alıb?
- Oğlum Bakı qeydiyyatında olub, lakin mən İmişli şəhərində həkim işlədiyim üçün o da orta təhsilini orada alıb. 2014-2019-cu illərdə Azərbaycan Diplomatiya Akademiyasının İqtisadiyyat fakültəsində bakalvar təhsili alıb, magistratura təhsilini isə eyni ixtisas üzrə Almaniyanın Yena Universitetində bitirib. Magistratura təhsili xərclərini özümüz qarşılamışıq, dövlət proqramı ilə oxumayıb. Təhsilini bitirəndən sonra elə həmin şəhərdə öz ixtisası üzrə işləyirdi.
- Onun İrana getməsi və orda itkin düşməsi olduqca qəribədir. Bu, necə baş verdi?
- Biz hazırda Passau şəhərində yaşayırıq, o isə Yena şəhərində yaşayır. Fəridlə ən son martın 3-ü axşamadək əlaqəmiz olub, danışmışıq. Ayın 4-5-də isə ona mesaj yazdım, çatmadı. Həftəsonu olduğu üçün oğlumun həmişə olduğu kimi dostları ilə gəzməyə çıxdığını düşündüm. Ancaq bazar günü axşamlar mənə cavab yazardı. Martın 6-sı, yəni bazar ertəsi yenə heç bir xəbər ala bilmədiyim üçün yaşadığı binanın komendantına zəng etdim. Oğlumun qaldığı mənzil üç otaqlıdır, digər otaqlarda da ayrı şəxslər qalıb, yalnız mətbəx ümumidir. Komendant mənə oğlumun kirayə qaldığı otağın qapısının bağlı olduğunu, otaq qonşularının evdə olmadığını dedi. O zaman onun yaşadığı ərazi üzrə polis məntəqəsinə zəng etdim. Polis isə gedib otağını açıb baxıb, xəstəxanaları da yoxlayıb. Sonra dostları ilə əlaqə saxladım. Dostları mənə oğlumun artıq iki həftədir səfərdə olduğunu, onlara bunu mənə deməməyi tapşırdığını dedilər. Oğlum dostlarına tez gedib qayıdacağını bildirib.
- Oğlunuzun iranlı bir xanımla ünsiyyətdə olduğu haqqında məlumatınız var idimi?
- Xeyr. Neçə dəfə bununla bağlı söz də salmışam, amma heç vaxt mənə nəsə deməyib. Mənə rahat ürəyini aça bilsin deyə, Fəridə həmişə onun seçiminə hörmət edəcəyimi bildirmişəm. Utancaq uşaqdır. Amma dostlarından biri mənə internetdə tanış olduğu qızı görmək istədiyini, bunun üçün də İstanbula getdiyini dedi. Deyilənə görə, qızla İstanbulda görüşməli imiş. Qız gəlmədiyi və yaxud gələ bilmədiyi üçün oğlum fevralın 20-si İrana gedib. Sonra dostları ona qayıtmaq üçün Tehran-İstanbul-Berlin bileti alıb, lakin martın 6-na keçən gün o hava limanına getməyib. Ona görə də dostları narahat olub.
- Xanımın kimliyi məlumdur?
- Ünsiyyətdə olduğu xanımın adı, kimliyi ilə bağlı heç nə bilmirik. Dostlarından biri dedi ki, o, hansısa bir xanımla danışırmış, ancaq kimliyini soruşmayıb, fikirləşib, lazım olsa, Fərid özü deyər.
- Oğlunuzun fars dilini bildiyi haqqında məlumatınız olub?
- Mən Fəridin həbs olunduğunu düşünüb, onun özünü necə müdafiə edəcəyini dostlarından soruşdum. Dostları isə mənə oğlumun özünü idarə edə biləcək səviyyədə farsca bildiyini dedilər. Ona qədər Fəridin fars dilini qismən bildiyi haqqında məlumatım olmayıb. Bəlkə də tanış olduğu xanımla danışa-danışa müəyyən qədər farsca öyrənib.
- Bəs Fəridin ətrafında İrandan kimsə olub?
- Dostları ətrafında İrandan onu bu addımı atmağa təşviq edəcək heç kimin olmadığını deyib. Özü də fanatik dindar deyil, ali savadlı və müasir dünyagörüşlü gəncdir.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi martın 9-da Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin İranda itkin düşməsi ilə bağlı bu ölkəyə nota verib.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...