Nazirlik “Narınc” Psixologiya Mərkəzini bağladı - Video

09:56 - 6 Aprel 2023 - CƏMİYYƏT

 Nazirlik “Narınc” Psixologiya Mərkəzini bağladı - Video

Salyanda “Narınc” Psixologiya Mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Salyan şəhəri, Ənnağı Hüseynov küçəsi, 32A ünvanında yerləşən “Narınc” Psixologiya Mərkəzində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Mərkəzdə bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. Obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb. Obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb. Obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb. Elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb. Obyektdə təxliyə planı mövcud deyil. Mətbəx otağının, sanitar qovşağının tavan sahələri yanar üzlük materialla üzlənib və pilləkən qəfəsi taxta konstruksiyadan inşa edilib. Habelə məlum olub ki, obyektdə daxili qaz boruları yivli birləşmələrlə istismar olunur.

"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Salyan şəhəri, Ə.Hüseynov küçəsi, 32A ünvanında yerləşən “Narınc” Psixologiya Mərkəzinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", FHN-in məlumatında bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol