14 illik dövr başa çatdı... - Fotolar

09:40 - 19 İyul 2026 - GÜNDƏM

 14 illik dövr başa çatdı... - Fotolar

Fransa millisinin baş məşqçisi Didye Deşam ABŞ-də keçirilən 2026-cı il dünya çempionatından sonra vəzifəsindən ayrılıb.

BUTA.TV” xəbər verir ki, təcrübəli mütəxəssisin rəhbərliyi altında “xoruzlar” turnirin üçüncü yer uğrunda oyununda İngiltərəyə 4:6 hesabı ilə məğlub olaraq mundialı dördüncü pillədə başa vurublar.

Fransa yığması bundan əvvəl yarımfinalda İspaniyaya 0:2 hesabı ilə uduzaraq final şansını itirmişdi.

57 yaşlı Deşam 2012-ci ilin iyulunda Fransa millisinin baş məşqçisi təyin olunmuşdu və bu müddətdə ölkə futbol tarixinin ən uğurlu məşqçilərindən birinə çevrilmişdi. O, millinin sükanı arxasında 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub, 2016-cı il Avropa çempionatında və 2022-ci il dünya çempionatında isə komandasını finala çıxarıb.

Bundan başqa, Deşamın rəhbərliyi altında Fransa 2021-ci ildə UEFA Millətlər Liqasının qalibi olub.

Fransa Futbol Federasiyası hələ 2025-ci ilin yanvarında Deşamın 2026-cı ildə başa çatacaq müqaviləsini yeniləmək niyyətində olmadığını açıqlamışdı. Təcrübəli mütəxəssis də bu qərarı təsdiqləmişdi.

Didye Deşam futbolçu kimi də Fransa futbolunun əfsanələrindən sayılır. O, 1998-ci ildə Fransa millisinin kapitanı qismində dünya çempionu olub, iki il sonra isə Avropa çempionatının qalibi adını qazanıb.

Beləliklə, Deşam Mario Zaqallo və Frans Bekkenbauerdən sonra həm futbolçu, həm də baş məşqçi kimi dünya çempionu olmağı bacaran üçüncü şəxs kimi tarixə düşüb.

Klub səviyyəsində “Nant”, “Marsel”, “Yuventus”, “Çelsi” və “Valensiya”nın formasını geyinən Deşam məşqçi karyerasında da “Monako”, “Yuventus” və “Marsel”i çalışdırıb. O, “Marsel”lə Fransa çempionluğu, “Yuventus”la isə A Seriyasına yüksəliş sevinci yaşayıb.

Qeyd edək ki, Deşam dünya çempionatları tarixində baş məşqçi kimi ən çox qələbə qazanan mütəxəssisdir. Onun rəhbərliyi altında Fransa millisi mundiallarda 20 qələbə əldə edib.

















Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol