Bakı Ağ Şəhərdə “Diplomat 2008” MTK tərəfindən inşa olunan yaşayış binasında mənzil almış bir qrup sakin 4 ildir yaşayış binasında işlərin yekunlaşdırılmamasından və mənzillərin sakinlərin yaşaması üçün təhvil verilməmsindən şikayət edirlər. Onlar, əli hər yerdən üzülmüş və çarəsiz vəziyyətdə olduqlarını bildirirlər, problemin həllini gözləyirlər.
Sakinlər problemlərinin ictimailəşməsi üçün Marja.az-a müraciət ediblər.
Müraciətdə bildirilir:
"Satış ofisi Xarici İşlər Nazirliyinin binasında yerləşən, sədri Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəis müavini və Həmkarlar İttifaqı Komitəsinin rəhbəri Elxan Azayev olan “Diplomat 2008” MTK 2014-cü ildə Bakı Ağ Şəhərdə yaşayış binasının tikintisinə başlamışdır. “Diplomat 2008” MTK ilə sakinlər arasında imzalanmış mənzil alqı-satqısına dair müqaviləyə əsasən binada işlər 2019-cu ildə tam başa çatdırılmalı və mənzillər səkinlərin yaşaması üçün təhvil verilməli idi. Lakin, tikintinin başlamasından 9 il keçməsinə baxmayaraq yaşayış binasında işlər yekunlaşdırılmamış və mənzillər sakinlərin yaşaması üçün təhvil verilməmişdir. “Diplomat 2008” MTK-nın sədri Elxan Azayev işlərin yekunlaşacağı və mənzillərin təhvil veriləcəyi ilə bağlı biz sakinlərə son 5 ildə dəfələrlə yalan vədlər vermişdir. Elxan Azayev sonuncu dəfə 23 yanvar 2023-cü il tarixində Xarici İşlər Nazirliyinin binasında biz sakinlərlə görüşərək binada bütün işləri ən geci 1 ay ərzində, yəni 23 fevral 2023-cü il tarixinədək yekunlaşdıracağını və mənzilləri sakinlərin yaşaması üçün tam hazır şəkildə təhvil verəcəyini bildirmişdir. Son 5 ildə olduğu kimi, bu dəfə də Elxan Azayev biz sakinləri aldatmış, üzərinə düşən öhdəlikləri icra etməmiş, binadakı işləri tamamlamamışdır.
Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmuru Elxan Azayev tərəfindən 9 il əvvəl tikintisinə başlanılmış binanın eyvanlarında işlər tamamlanmamış, binada abadlıq işləri yekunlaşdırılmamış, mənzillərin giriş qapıları qoyulmamış, binanın 3 fazalı elektirik xətti birləşdirilməmiş, layihədə olmasına baxmayaraq binaya generator qoyulmamış, liftlər işlək vəziyyətə gətirilməmiş, binaya qaz verilməmiş və s.
Hazırda binada Elxan Azayevə məxsus dəyəri bir neçə milyon manat olan əmlaklar (mənzillər, qeyri yaşayış sahələri, yeraltı avtomobil dayanacaqları) var. Elxan Azayevin bu qədər əmlakı, pulu olmasına baxmayaraq binada işləri yekunlaşdırmaqda maraqlı deyildir.
Məsələ ilə bağlı Xarici İşlər Naziri cənab Ceyhun Bayramova müraciət ünvanlasaq da, bu günə kimi müraciətimiz cavabsız qalmış, problemlərimiz həll olunmamışdır.
Vəzifəsi Bakı Ağ Şəhərdə inşa olunan binalarda işlərin icrasına, keyfiyyətinə, layihəyə uyğun tikintisinə, vaxtında başa çatdırılmasına və s. nəzarət etməli olan Bakı Ağ Şəhər Administrasiyası da işləri tamamilə nəzarətsiz qoyub və ya “Diplomat 2008” MTK-nın qanunsuz əməllərinə göz yumur.
MTK-NIN SƏDRİNDƏN İDDİALARA CAVAB
İddialar ilə əlaqədar olaraq “Diplomat 2008” MTK-nın sədri Elxan Azayev ilə əlaqə saxladıq.
Elxan Azayev Marja.az-a açıqlamasında bildirdi ki, binanın təhvili koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş karantin rejimləri, maliyyə çətinliyi, Bakı Ağ Şəhər Administrasiyasının düzgün olmayan yanaşması, sənədləşmənin vaxt tələb etməsi, bunun üçün aylarla davam edən yazışmalar səbəblərindən gecikir:
"Bizdən asılı olan və asılı olmayan səbəblər var idi. Hal-hazırda heç bir səbəb yoxdur, dövlətə təhvil-təslim prosesi gedir. 4 ildir mənzillərin təhvilinin gecikməsinin səbəblərindən birincisi yeni növ koronavirus pandemiyası ilə bağlı olaraq ölkəmizdə tətbiq edilmiş karantin rejimləri olub. İki il yarım karantin rejimləri tətbiq edildi - tərpənmək olmurdu, küçəyə icazə ilə çıxırdıq. Bunları unutmaq olmaz.
Bizdən asılı olmayan - Ağ Şəhər ilə bağlı məsələ var idi. Orada yanaşma bir az düzgün deyildi. Bunu məqalədə qeyd etməyə də ehtiyac yoxdur.
Maliyyə çətinliyi də oldu. Sizə şikayət yazan sakinlərin içərisində elə şəxslər var ki, bu gün cədvəl üzrə maliyyə borcu var. Tikinti kooperativinə borcunu ödəmirlər, amma şikayət edirlər. Mən də sual verirəm - "Siz borcunuzu cədvəl üzrə ödəmirsinizsə, o zaman mən nə etməliyəm?! Alıcılar ödənməyən borcların təhvilin gecikməsinə görə kompensasiya olaraq silinməsini istəyirlər" .
Elxan Azayev Marja.az-ın "Əgər borcunu vaxtında ödəmək alıcının borcudursa, mənzili də vaxtında tikib təhvil vermək mənzil tikinti kooperativinin (MKT) borcudur" şərhinə belə cavab verdi:
"Sizinlə razıyam. Amma reallıqları da başa düşmək lazımdır. Bu gün ümumi borc 500 min manatdan yuxarıdır. Bu qədər borc MTK üçün maliyyə çətinliyi yaradır. Deyirlər, "siz ləngitmisiniz, buna görə qalan borc bizə kompensasiya olsun". Cavab vermişəm ki, "müqavilədə "belə bir halda Sizə kompensasiya ödəməliyəm" yazılmışdırsa, mən razıyam"".
MTK-nın sədri qeyd etdi ki, binanın təhvilini dövlət qurumlarında, xüsusilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunda sənədləşdirmək vaxt tələb edir:
"Sənədləşmələr vaxt tələb edir, aylarla yazışmalar aparılır. Hazırda bina dövlət qurumlarına təhvil verilir. Bizdə hər bir şey qaydasındadır, heç bir problem yoxdur".
Elxan Azayev, sakinlərin eyvanlarda işlərin tamamlanmadığı, həyətdə abadlıq işlərinin yekunlaşdırılmadığı, mənzillərə giriş qapısının qoyulmadığı və s. barədə iddialarına belə cavab verdi:
"Həyətdə abadlıq işləri demək olar ki, tamamilə görülüb, qalan az işlər də dama çınqıl vurulması ilə əlaqədar olaraq qalıb. Gecikmə deyil, bir-biri ilə bağlı olan işlərdir. Eyvanlarda işlər yekunlaşdırılıb, mənzillərin qapıları da qoyulub. Binaya su və elektrin enerjisi verilib. Artıq binada yaşayanlar da var.
Deyirlər ki, lifti verin. Binada lift 2017-ci ildə quraşdırılıb. Sadəcə, lifti dövlətə təhvil-təslimindən sonra istifadəyə vermək olar ki, bu proses də davam etməkdədir".
Elxan Azayev vurğuladı ki, 2-3 həftə ərzində, may ayınadək təhvil-təslim və digər xırda tamamala işləri yekunlaşacaq: "2-3 həftəyə işlər tamamailə yekunlaşacaq, orada demək olar ki, iş yoxdur".
Elxan Azayev qeyd etdi ki, binanın sakinlərinin böyük hissəsi Xarici İşlər Nazirliyinin əməkdaşları olduğu üçün şikayət edənlərin sayı çox deyil: "Şikayət edənlərin sayı çox deyil, əksəriyyəti bir ailənin üzvləridir. Bir ailədən 3-4 nəfər imza atıb müraciətlər hazırlayıblar, guya sayımız çoxdur. Binanın sakinlərinin əksəriyyəti Nazirliyin əməkdaşlarıdır. Onlara real vəziyyət yaxşı məlumdur və şikayət etmirlər".
Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurunun mənzil tikintisi ilə məşğul olması barədə deyilənlərə toxunan Elxan Azayev qeyd etdi ki, 98 mənzildən ibarət bina Nazirliyin əməkdaşlarının müraciətinə əsasən onların ev şəraitinin yaxşılaşdırılması məqsədilə tikilib:
"Mən həm də Xarici İşlər Nazirliyində Həmkarlar İttifaqı Komitəsinin sədriyəm. Əməkdaşlarımızın müraciətinə əsasən onların ev şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı Ağ Şəhərdə yaşayış binası tikilib. Bununla əlaqədar olaraq MTK-ya sədrlik edirəm. Binadakı mənzillərin əksəriyyəti Nazirliyin əməkdaşlarına verilib, əməkdaşların təlabatından artıq olan hissəsi kənar şəxslərə satılıb".
Qeyd edək ki, yerli mətbuatda dərc edilmiş bəzi xəbərlərdə "DİPLOMAT 2008" Mənzil Tikinti Kooperativi keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun biznesi kimi göstərilmişdir.
Əlavə edək ki, Bakı Ağ Şəhərin saytında "Diplomat 2008" MTK-nın binasında tikintinin gedişinə dair ilk şəkillər 2015-ci ilə, son şəkil isə 2020-ci ilin yanvar ayına aiddir.
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi