"Azərbaycan cəmiyyətində yeni müharibə əhval-ruhiyyəsi yaratmaq istəyirlər"

21:50 - 13 Aprel 2023 - CƏMİYYƏT

"Ermənistan iddia edir ki, o, demokratik ölkədir.

Əgər Ermənistandakı vətəndaş cəmiyyəti, siyasi partiyalar, yazıçılar, ictimaiyyət nümayəndələri doğrudan da sivildirlərsə, insan hüquq və azadlıqlarından tərəfdirlərsə, faşist deyillərsə, öz hökumətlərindən tələb etsinlər ki, Azərbaycan əsgərinə qarşı bu cinayəti törədənlər məsuliyyətə cəlb edilsin.

Bu, Qafqazda sülhün yaranmasını istəməyən qüvvələrə yaxşı bir sülh mesajı ola bilər. Yoxsa ki, sabah da bizimkilər ermənini əsir götürəcək. Sonra onlar bizi əsir götürəcək. Qan davası 100 il belə olduğu kimi, 100 il də belə davam edəcək". BUTA.TV xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl deyib. Yazıçı xatırladıb ki, bir ana öz balasını 9 ay bətnində saxlayır: "3 il ona süd verir. Xəstələnəndə yanında səhəri gözüdiri açır. Yemir, yedirir. Geymir, geydirir. Axırda da o balasını kəfənləyib torpağa tapşırır. Bu, Azərbaycan anasının da dərdidir, erməni anasının da. Ömrümüz-günümüz bir-birimiz öldürməklə keçdi, eyni ənənəni balalarımız da davam etdirsinmi?

Axı o gün Paşinyan özü etiraf etdi ki, Qarabağ Azərbaycan ərazisidir. Dedi, bunu 2007-də ATƏT də qəbul edib. Bircə qalıb bu həqiqəti Ermənistan cəmiyyətinə başa salmaq! Bəs bunu Ermənistan ictimaiyyətinin qanan nümayəndələri niyə qanmayanlara da başa salmır? Diqqət etdinizsə, o gün Avropa İttifaqının Ermənistan sərhəddində monitorinq aparan müşahidəçiləri Azərbaycana da hesabat verməsi barədə xəbərlər çıxdı. Sonra Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərə Qərb tərəfindən sansiyalar tətbiq edilməyə başladı. Bunlardan başqa Xankəndidə yaşayan ermənilər belə Azərbaycan hökuməti ilə görüşmək istəyini dilə gətirdilər. Bütün bunlar Azərbaycan diplomatiyasının ciddi uğurlarıdır.

Bəs bu gün nə baş verir? Əsgərimiz əsir götürülür, döyülür və videosu yayılır. O videonun yayılmasında məqsəd nədir? Əsgərimizin döyülmə səhnəsinə baxan hər bir azarbaycanlı düşünsün ki, biz ermənilərlə necə sülh bağlayaq? Qızışaq ki, biz də sizi öldürəcəyik, asacağıq, kəsəcəyik. Bununla da Azərbaycan cəmiyyətində yeni müharibə əhval-ruhiyyəsi yaratmaq istəyirlər. Bəs yeni müharibəni kim istəyir? Alət olmayaq". 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol