“Boşanma insanın özünü tərbiyələndirməsidir” - Samirə Bağırovadan qəribə açıqlama

15:08 - 10 Oktyabr 2023 - MÜSAHİBƏ

 “Boşanma insanın özünü tərbiyələndirməsidir” - Samirə Bağırovadan qəribə açıqlama

Son illər Azərbaycanda boşanma hallarının sayının artması heç kəsə sirr deyil.  Maraqlıdır ki, cəmiyyətin əksər hissəsi boşanma hallarının artmasından şikayətlənir, ancaq bunun konkret səbəblərini izah edən yoxdur. 

Boşanmaların pik həddə çatmasının əsas səbəbi kimi isə bəzən tək maddi problemlər göstərilir. Lakin səbəb kimi tək bunu göstərə bilmərik. Çünki məmurların, həmçinin kifayət qədər maddi imkanı yaxşı olan məşhur ailələrin də boşanan övladları var.  Bəs səbəb və ya səbəblər nədən ibarətdir?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, bu gün gənclərin düşüncəsi köhnə nəsildən çox fərqlidir. Gənclər susub nələrəsə dözmək, boyun əymək istəmir: 

 “Müasir dünyanın müasir insanlarının düşüncəsində ailə anlayışı artıq tam başqa məna kəsb edir. Keçmişdən gələn və mentalitetin tələb etdiyi “yaşın keçir ailə qurmalısan, yaxud ana-ata olma yaşın keçir” kimi şüuraltı oturuşmuş qaydalarla idarə olunsalar da, hər şey sürətlə dəyişdiyi kimi insanlar arasında münasibətlər də dəyişir. Bu günün gənci dözməyi seçmir.

O, anasına, atasına bənzəmək, onların həyatını təkrarlamaq istəmir. Bu gün fikir azadlığı, insan azadlığı, azad seçim, sərbəst qərarlar, sosiallıq daha öndədir. İnsanın istədiyini edə biləcəyini özü üçün bilməsi vacibdir. Özünə inamı həyatından məmnunluq, məşğulluq, dünya, insanlar ilə birlik hissi özünə hörmət üçün, psixoloji vəziyyəti üçün olduqca vacibdir. 

İnsan sağlam düşünə bilər, amma bu o demək deyil ki, o, xoşbəxtdir, yaxud çətinliyi yoxdur. Sadəcə çətin günlərdə sağlam düşüncəyə sahib insan bilir ki, nəyi qəbullana bilir, nəyi yox. Dözməyi seçmir, çətinliyin öhdəsindən gəlmək üçün gücü və bacarığı var. Boşanmaların artmasına gəlincə isə tək biz yox, dünya insanları bu mərhələni keçir. Və bu özü də aydınlanma deməkdir”. 

Psixoloqun sözlərinə görə, evlənmək asan olsa da, birlikdə yaşamağı bacarmaq bir fəlsəfədir: 

“İllərin mentalitetini yeni qaydalar üstələyir. Dünya, insanlar ələkdən keçir. İnsan özü üçün nəyin yaxşı, nəyin pis olduğunu dərk edib dəyişiklik edirsə, burada mürəkkəb heç nə yoxdur. Hər zaman qeyd edirəm, evlənmək ən sadə məsələdir. Birlikdə yaşamaq, tərbiyələnmək və tərbiyələndirmək isə  fəlsəfədir. Boşanma insanın özünü tərbiyələndirməsidir, nəyisə anlamasıdır.

Həyatı sevərək yaşamaq, ən azından hörmətlə paylaşmaq vacibdir. Dözərək deyil”.  

 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol