Cahangir Hacıyevdən dostlarına kriminal jest

17:41 - 16 Noyabr 2023 - KRİMİNAL

 Cahangir Hacıyevdən dostlarına kriminal jest

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri, 8 ildir həbsdə olan Cahangir Hacıyevin dostları - keçmiş deputat Dünyamin Xəlilov və “Bakı Fındıq Emalı” MMC-nin (zavodun) rəhbəri olmuş Azad Cavadovun cinayət işi üzrə son məhkəmə prosesi maraqla gözlənilirdi.

 Çünki iş üzrə həbsxanada olan Cahangir Hacıyevin dindirilməsi olmalı idi. Ümumilikdə mütəşəkkil dəstə Azərbaycan Beynəlxalq Bankına 6 milyon 603 min manat ziyan vurmaqda təqsirləndirilir. Bundan başqa, Azad Cavadov Cahangir Hacıyevlə yaxın dostluğundan istifadə edərək 1 milyon 603 min 727 manatı mənimsəyib. Prosesdə təqsirləndirilən şəxslər barələrində elan edilən ittiham üzrə özlərini təqsirli bilməyiblər. Bu halda Cahangir Hacıyevin dindirilməsi zərurəti yaranıb. Amma məhkəmə günü məlum olub ki, Cahangir Hacıyev prosesdə iştirak etmək istəməyib və bunu səhhəti ilə izah edib.

O, şahid qismində  yazılı ifadəsində iddia edir ki, bankdan götürülmüş milyonlarla manatlıq kreditlərin indiyədək ödənilməməsinə görə “Aqrarkredit” QSC məsuliyyət daşıyır. Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev ifadəsində təsdiqləyib ki, müxtəlif adamların adına iri məbləğdə kreditlər rəsmiləşdirilib. Onun sözlərinə görə, ayrılan kreditlər mənimsənilməyib, ayrı-ayrı layihələrə, müəssisələrin açılışına sərf olunub. “Həmin müəssisələrdən gələn gəlirlər hesabına 8 il ərzində kreditlər ödənilməli idi. Lakin 2015-ci ildə Prezidentin fərmanı ilə o müəssisələr "Aqrarkredit"in balansına verildi. Bu səbəbdən kreditlərin ödənilməməsinə görə “Aqrarkredit” məsuliyyət daşıyır", - Cahangir Hacıyevin sözləridir.

“Aqrarkredit” QSC-nin nümayəndəsi də bu məhkəmədə mülki iddiaçı qismində iştirak edir.

2015-ci ildə Beynəlxalq Bankın problemli kreditlərinin həll olunmasından ötrü Prezident fərmanı ilə yaradılmış “Aqrarkredit”in nümayəndəsi deyib ki, onlar Beynəlxalq Bankın açıq qalmış kreditlərini ödəyiblər: “Biz "Aqrarkredit" olaraq, bankın kreditlərini bağlamışıq. Bu səbəbdən həmin kreditlər bizə ödənilməlidir. Biz də 6.6 milyon manat ziyan məsələsi ilə razı deyilik. Hesab edirik ki, məbləğ 17 milyon 765 min olmalıdır".

Prokuror isə bildirib ki, ziyanın məbləği artırılanda ittiham da ağırlaşır. Məhkəmə özbaşına ittihamı ağırlaşdıra bilməz. Çünki məhkəmə işə verilən ittiham çərçivəsində baxır: “İttihamın ağırlaşdırılması üçün vəsatət verilməlidir ki, iş istintaqa qaytarılsın...

Xatırladaq ki, Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Son 8 ildə Dünyamin Xəlilov üçüncü, Azad Cavadov isə ikinci dəfədir ki, Beynəlxalq Bank işi üzrə mühakimə olunur. Onların hər ikisi bundan öncə bir dəfə Cahangir Hacıyevlə birlikdə mühakimə olunub. Cahangir Hacıyev də 2015-ci ildən bu yana 2 dəfə hakim önünə çıxarılıb. İlk mühakimədə (2016-cı ildə) ona 15 il, Azad Cavadova 10 il 6 ay həbs cəzası kəsilmişdi. İkinci dəfə (2019-cu ildə) onun cəzası 16 il 3 ayadək artırıldı. Həmin vaxt Dünyamin Xəlilov haqqında isə 14 il 6 aylıq hökm çıxarılmışdı.

Müttəhimlərin heç biri özünü təqsirli saymır. Hər üçü bildirir ki, Beynəlxalq Bankdan götürülən kreditlər müxtəlif layihələrin icrasına, müəssisələrin yaradılmasına yönləndirilib.

Dostları məsuliyyəti Cahangir Hacıyevə yönləndirməyə çalışsalar da, Cahangir Hacıyev məhkəmədə onlarla üz-üzə gəlmək istəməyib. Niyə? Bu Cahangir Hacıyevin kriminal aləmdə qəbul olunmuş jestidir, yoxsa dostlarını utandırmaq niyyəti?

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, məhkəmə istənilən halda Cahangir Hacıyevin şahid qismində ifadə verməsini təmin etməli idi: “Ehtimal etmək olar ki, Cahangir Hacıyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülərkən sağlam olub. Lakin təcridxanaya köçürüləndən sonra xəstələnib, hansısa kəskin respirator xəstəliyə tutulub. Bu halda, məhkəmə təxirə salınmalı və onun sağalmasını gözləməli, o sağalana qədər proses təxirə salınmalı idi. Bu o halda baş verərdi ki, məhkəmə ona "pas vermək" istəməsin. İndiki halda isə bunu demək olmaz. Məhkəmənin şahidi məcburi gətirmək hüququ var. Bundan başqa, şəxs özünü xəstəliyə vurubsa, bunu da məhkəmə istərsə, yoxlaya bilər. Cahangir Hacıyevdən sağlıq durumu ilə bağlı həkim arayışı tələb olunmalı idi. Məhkəmə bunu etmirsə, Cahangir Hacıyevlə elə məhkəmədən də şübhələr üçün meydan açılır. Bu ehtimal da var ki, Cahangir Hacıyev, sadəcə, dostlarının üzünə durmamaq üçün məhkəməyə gəlməyib və məktub yazmaqla kifayətlənib. Dövlət də buna imkan verməməlidir, hər bir halda Cahangir Hacıyev məhkəmədə dindirilməlidir".

Hüquqşünas deyir ki, məhkəmə Cahangir Hacıyevin məktubu ilə kifayətlənməli deyildi: “Əgər Cahangir Hacıyev şahid kimi məktub yazıb məhkəməyə təqdim edəcəkdisə, məhkəmə də bununla kifayətlənəcəkdisə, bu halda onun saxlanıldığı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülməsinə nə ehtiyac vardı?

Hüquqşünas deyib ki, bəzən qanunla mənəvi dəyərlər üst-üstə düşmür: “Azərbaycan Respublikasının qanunvericiliyində elə müddəalar var ki, bir çoxlarının mənəvi dəyərlərinə ziddir. Bu gün qüvvədə olan Ailə Məcəlləsinə görə qız əmisinə, dayısına ərə gedə bilər. Oğlan da bibisi, xalası ilə evlənə bilər. Qanunla məhdudiyyət yoxdur. Amma evlənə bilərmir? Bizim mənəvi dəyərlərimiz buna imkan verirmi? Əlbəttə ki, yox! Qanunla isə məhdudiyyət yoxdur! Cahangir Hacıyevin dostları ilə məhkəmədə üz-üzə gəlmək istəməməsi "oğru qanunları", başqa mənəvi dəyərlərinə görə ola bilər. Bu məsələləri rəhbər tutub o, məhkəmədə dostlarının əleyhinə istifadə oluna biləcək ifadə verməkdən yayınıb. Dövlətin də vəzifəsi odur ki, hamı qanuna tabe olsun. Kimsə özünün mənəvi dəyərlərini qanunlardan üstün sayırsa, hətta qanun ədalətsizdirsə belə, qanuna tabe olması təmin edilməlidir. Qanun işləməyəcəksə, ölkədə nüfuzu da olmayacaq. Qanunlar pisdirsə, ədalətsizdirsə, həmin qanunlar dəyişməlidir".

Hüquqşünas hələ universitet illərində təhsil alarkən müəllimi Tofiq Qafarovun sözlərini xatırlayıb: “Tofiq Qafarov "Cinayət Hüququ"ndan dərs deyirdi. O zaman konstitusiyamız qəbul olunmamışdı və o zamankı qanuna görə ailə üzvü digər ailə üzvünün əleyhinə ifadə verməyə borclu hesab edilirdi. Rəhmətlik Tofiq Qafarov bu mövzunu izah edəndə deyirdi ki, qanunda bu məsələlər olsa da, mənəvi dəyərlərimizə ziddir. Atanın oğula, ananın qızına, həyat yoldaşına qarşı ifadə verməyə qanunla borclu olduğu göstərilirdi. 1995-ci ildə konstitusiyamız dəyişdi, həmin qanun da dəyişdi, məcburiyyət aradan qalxdı. Yazıldı ki, ailə üzvü ifadə verməyə bilər. Bütün bunlarla yanaşı, qanunda şəxsin ifadə verməli olduğu əksini tapıbsa, qanunun tələbi təmin edilməlidir"


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol