Deputat: Bəzi xidmətləri dövlət xəstəxanası göstərə bilmir

15:00 - 22 Noyabr 2023 - CƏMİYYƏT

 Deputat: Bəzi xidmətləri dövlət xəstəxanası göstərə bilmir

Keyfiyyətli və əlçatan tibbi yardımın təmin olunması cənab Prezidentin yürütdüyü daxili siyasətin ana xəttini təşkil edir. İcbari tibbi sığortanın (İTS) tətbiqi bunun bariz nümunəsidir. Bu, təkcə insanların pulsuz və keyfiyyətli tibbi yardım alması və səhiyyə sahəsində əlçatanlığı təmin etmək deyil, həm də səhiyyənin müasir dövrün tələblərinə, yeni çağırışlara uyğun effektiv idarəetmə sisteminin tətbiqidir.

BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Onun sözlərinə görə, 2017-ci ildən etibarən pilot layihə olaraq həyata keçirilən bu islahat son 3 ildə bütün respublika üzrə tətbiq olunmaqdadır:

“İcbari tibbi sığortanın tətbiqindən qısa zaman keçsə də, bu sahədə çox ciddi uğurlara imza atılıb. Yaradılan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarla qurulmasını təmin edəcək, həmçinin əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq və səhiyyənin maliyyə potensialını gücləndirəcək. İcbari tibbi sığorta səhiyyə sahəsinə ayrılan bütün vəsaitlərin vahid bir mənbədə cəmləşdirilməsini və əhalinin tibbi xidmətlərdən istifadəsi üçün çəkilən xərclərin bir mənbədən maliyyələşdirilməsini təmin edəcək. Bu xidmət sayəsində xəstəliklərin erkən aşkarlanması və xəstənin vaxtında müalicəsi mümkün olur”.

Bu xəbər hal-hazırda çox oxunur
Şəbnəm Tovuzlu həbs oluna bilər - ŞOK SƏBƏB

Deputat xidmətlər zərfi ilə 1334 sayda cərrahi əməliyyatın təminata alındığını bildirib:

“Həmin əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorta-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları, orqan transplantasiyaları və s. bir sıra digər əməliyyatlar daxildir.

Müqaviləli tibb müəssisələrinə təkcə dövlət tibb müəssisələri deyil, özəl xəstəxanalar da aiddir. Elə xidmətlər var ki, onları dövlət xəstəxanası göstərə bilmir. Ona görə də özəl tibb müəssisələri ilə müqavilələr imzalanır. Özəl xəstəxanaların seçimi prosesində müəyyən meyarlar nəzərə alınır. Məsələn, belə müəssisələr daha geniş spektrdə xidmət təklif edən xəstəxanalar olmalıdır ki, vətəndaş ona lazım olan ambulator və ya stasionar tibbi xidməti əldə edə bilsin. Hazırda Agentlik dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin həyata keçirilməsi və əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığın yüksəldilməsi məqsədilə 150 tibb müəssisəsi ilə müqavilə bağlayıb”.

İlham Məmmədov onu da vurğulayıb ki, vətəndaşlar ödəniş etmədən özəl klinikalarda da həmin xidmətlərdən yararlana bilirlər:

“Agentliyin müqavilə bağladığı özəl klinikalarda əsasən ürək-damar, ümumi cərrahiyyə uroloji, travmatoloji, oftalmoloji, neyrocərrahiyyə, lor, koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatları icra olunub.

Onu da unutmaq lazım deyil ki, icbari tibbi sığorta fondunun vəsaitləri sonsuz deyil. Fondun vəsaitinin yalnız 17%-i təqribən 1.7 milyon vətəndaşın ödədiyi sığorta haqları hesabına formalaşır. Qalan əhali üçün bütün səhiyyə xərcləri dövlət büdcəsindən ödənilir”.

Millət vəkili qeyd edib ki, dövlət büdcəsindən növbəti ildə də icbari tibbi sığortanın tətbiqinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi məqsədi ilə 1,4 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur:

“Bu sahə inkişaf etdikcə xidmətlər zərfinə daxil olan tibbi xidmət növləri də artırılacaq. Əgər ilk mərhələdə tibbi xidmət 2500 civarında idisə, indi bu 3000-dən artıqdır və gələcəkdə bu daha da arta bilər.

Ən mühüm məsələlərdən biri də səhiyyə orqanlarının konkret funksiyalarla təmin olunmuş səhiyyə qurumları tərəfindən idarə olunması, kənar strukturların müdaxilə edərək prosesləri müxtəlif istiqamətlərə yönəltməsinin qarşısının qəti şəkildə alınmasıdır. İnanıram ki, bütün bu məsələlər tədricən öz həlli tapacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol