Orta məktəbdə telefonamaniyanın kökünü necə kəsmək olar? - “Dərslik yoxdursa, şagird nə etsin?!”

14:30 - 20 Dekabr 2023 - CƏMİYYƏT

 Orta məktəbdə telefonamaniyanın kökünü necə kəsmək olar? - “Dərslik yoxdursa, şagird nə etsin?!”

Bir sıra ölkədə orta məktəblərdə mobil telefondan istifadəni qadağan edən qanunlar qəbul olunur. Bu sarıdan sonuncu dövlət Rusiya olub. 2024-cü ildə qüvvəyə minəcək qanuna əsasən, telefonlardan yalnız təhsil alanların və ya təhsil təşkilatının işçilərinin həyatı və ya sağlamlığı üçün təhlükə yarandıqda istifadə oluna bilər.

Azərbaycan məktəblərində belə bir qadağa tətbiq edilə bilərmi? Təhsil eksperti Məzahir Məmmədli “Yeni Sabah”a açıqlamasında birmənalı cavab verməyib:

“Telefonun ölkəmizdə qadağan edilməsi barədə parlament səviyyəsində müzakirələr aparılıb. Amma belə bir fikrin qanunlaşdırılması gözlənilmir.

 Düşünürəm ki, şagirdlər telefondan faydalı şəkildə yararlanacaqsa, bilik və bacarıqlarını artıracaqsa, yol gedəndə dərs oxuyacaqsa, telefondan istifadə etmək elə də ziyanlı olmaz. Məsələn, Azərbaycan informatika dərsliyinin resursu yoxdur. Bunun üçün şagirdlər mütləq şəkildə texnologiyaya, planşetə, noutbuka, yaxud telefona müraciət etməlidirlər. Əks halda, şagird nə edə bilər? 

Məncə, telefondan istifadənin qarşısını almaq hazırkı dövrdə qeyri-mümkündür. Sadəcə, müəyyən məhdudiyyətlər tətbiq etmək olar. Şagirdlər məktəblərə daxil olduqları zaman telefonu onlardan alıb, saxlanca qoymaq olar. Dərsdən sonra isə telefondan valideynləri ilə əlaqə saxlamaq, yaxud fərqli resurslardan yararlanıb, biliklərini təkminləşdirmək üçün istifadə etmək normal haldır”.

Ekspert bildirir ki, telefonun təhsil müəssisələrində qadağan olunması ona ehtiyacı daha da artıracaq:

“Hazırda Rusiyada müharibə şəraiti davam edir. Ola bilsin ki, bu dövr hökuməti həmin məsələ barədə qanun qəbul etməyə vadar edir. Amma 21-ci əsrdə kiməsə telefonu qadağan etmək çox çətindir. Əgər belə bir qadağa tətbiq olunarsa, telefona hərislik daha da artacaq və şagirdlər hansısa bir formada, gizlin də olsa, smartfonlardan istifadə edəcəklər”.

Aytac Şahin


- kanalımız


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol