Paytaxt ərazisində avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən yolgöstərici xətlər, piyada keçidləri rəngləndikdən bir neçə ay sonra görünməz hala düşür.
Belə yerlərdən biri də Bakı, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov 19 küçəsindədir. Sakinlər piyada zolağının aylardır tamamilə silindiyini, lakin aidiyyəti qurumların zolağı yeniləmədiyini bildirir.
Mövzu ilə bağlı BUTA.TV-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, bu məsələ həm AYNA-nın (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi), həm də yerli icra strukturlarının nəzarətində olmalıdır:
“Yol nişanları, zolaqlarla bağlı məsələlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nəzarətindədir. Həm də yerli icra strukturları bu məsələdə məsuliyyət daşıyır. Onlar bu məsələdə mövqelərini bildirməli və müəyyən işlər həyata keçirməlidirlər.
Yararsız hala düşən, silinən yolüstü keçid zolaqları yenilənməlidir. Burada problem istifadə olunan boyalardadır. Məsələn, dünyanın elə ölkələri var ki, asfalta vurulan zolaqlar illərlə silinmir. Xüsusi tərkibli, qalıcı boyalardan istifadə edilərsə, o, illər boyu asfaltda qalır. Əfsuslar olsun ki, Azərbaycanda bu da görünür, korrupsiya üçün şərait yaradan faktordur. İstifadə edilən boyalar keyfiyyətsiz olduğuna görə, cəmi 5-6 aya yoldan silinir. Bu məsələdə piyadalar haqlıdır və zolaqlar mütləq yenilənməlidir”.
Ekspert Rauf Ağamirzəyev isə qeyd edib ki, asfalta çəkilən boya nə qədər keyfiyyətlidirsə, dayanıqlılığı və uzunömürlülüyü də bir o qədər çox olur:
“Piyadalar bu cür problemlə qarşılaşdıqda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etməlidir. Bu məsələdə əsas problem istifadə edilən boyaların keyfiyyətidir. Yolların xətlənməsində işlədilən boyalar dünya ölkələrində də istifadə edilir. Sadəcə olaraq, kəmiyyət və keyfiyyət fərqi var. Boyalar suya, istiliyə, nəqliyyat vasitələrinin intensivliyinə davamlı hazırlanır. Dünya praktikasında daha bir boyama texnologiyası var ki, o da qabarıq formada olur. Xarici ölkələrdə avtomobil yolunun üfüqi nişanlanma xətləri məhz şəkildə olduğu kimi, qabarıq formada çəkilir. Buna səbəb isə nəqliyyat vasitəsi yoldan çıxdıqda, həmin qabarıqlar üzərində səs yaranması və sürücünün istər-istəməz sürəti azaltmasıdır. Beləcə real qəzaların da qarşısı alınır”.
Əsmətxanım Rzazadə
- Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın