Köçəryan və Sərkisyan tezliklə Bakıya göndəriləcək

10:08 - 15 May 2024 - MÜSAHİBƏ

 Köçəryan və Sərkisyan tezliklə Bakıya göndəriləcək

BUTA.TV erməni jurnalist Natali Aleksanyanın Globalinfo.az-a müsahibəsini təqdim edir:

- Hazırda İrəvanda Tavuş yeparxiyasının ruhani lideri Baqrat Qalstanyanın təşəbbüsü ilə keçirilən aksiyalar davam edir. Onların məqsədi nədir? Bu aksiyanın arxasında kim və hansı qüvvələr dayanır?

- Baqrat Qalstanyanın arxasında Qarabağ klanı və yeganə məqsədi Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq olan keçmiş hakim elita durur. Onların başqa məqsədləri yoxdur. Bu ona görə edilir ki, Ermənistanın bu gün irəliləyiş əldə etdiyi sülh gündəliyi istər-istəməz son onilliklər ərzində ölkədə formalaşdırılmış ideologiyanın iflasına gətirib çıxaracaq. Beləliklə Qarabağ klanının Ermənistana qarşı törətdiyi bütün cinayətlər üzə çıxarılacaq. Onlar özləri üçün qorxurlar, ona görə də Paşinyanın qarşısını almağa çalışırlar.

- Son etirazlarda tez-tez keçmiş prezidentlər Serj Sərkisyanın və Robert Köçəryanın adı hallanır. Onlar Ermənistanda öz hakimiyyətlərini bərpa etmək istəyirlər? Qarabağın işğalında, iki xalq arasında düşmən münasibətin alovlanmasında xüsusi rol oynamış bu “klan”ın hakimiyyətini Ermənistan üçün necə qiymətləndirirsiniz?

- Son 30 ildə erməni və Azərbaycan xalqlarının başına gətirilən bütün bəlaların əsas günahkarları Robert Köçəryan və Serj Sərkisyandır. Bütün Qarabağ hekayəsinin başladığı “miatsum” hərəkatının təşəbbüskarları və xaç ataları məhz bu şəxslərdir. Onlar dövlət cinayətkarlarıdır, Ermənistanın cinayət məcəlləsinin bütün mümkün maddələrini pozublar və pozmaqda davam edirlər. Ermənistan iki Qarabağ müharibəsində bütün ölümlərə, ölkəni Qarabağı məsələsi ilə inkişafdan qoyduqları üçün onlara “minnətdar” olmalıdır. Bu şəxslər əməllərinə görə cavab verməmək üçün hakimiyyəti öz əllərinə almaq istəyirlər, lakin buna nail ola bilməyəcəklər.

- Baş nazir Nikol Paşinyan 4 kəndin təhvil veriləcəyini açıqlayanda həmin yerlərin xəritələrdə heç vaxt Ermənistan ərazisi olmadığını bildirdi. Sərhədlərin müəyyən edilməsi prosesini, Bakı ilə İrəvan rəsmiləri arasında sülh danışıqlarını, 4 kəndin Azərbaycana verilməsi kimi amilləri mövcud siyasi vəziyyətdə necə dəyərləndirərdiniz?

- Kəndlərin Azərbaycana verilməsini və bütövlükdə delimitasiya prosesini son dərəcə müsbət qiymətləndirirəm. Həmçinin inanıram ki, bu, geridönüş nöqtəsidir və sonra Ermənistanla Azərbaycan arasında qaçılmaz sülh olacaq. Düşünürəm, danışıqlar prosesi daha da sürətlənəcək, yekun nəticəni görmək üçün səbirsizlənirəm.

- Ermənistan parlamentinin müxalifət fraksiyaları və bir sıra şəxslərin tez-tez Azərbaycanda həbsdə saxlanılan keçmiş “artsax” (özünü buraxmış qondarma rejim – red.) liderlərinin Ermənistana qaytarılmasını tələb etdiklərini görürük. Bu barədə nə düşünürsünüz? Araik Arutyunyan, Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyanın qaytarılması Ermənistanın maraqlarına uyğundurmu?

- Hazırda Bakıda həbsxanada olan insanlar cinayətkardır. Cinayətkarların yeri isə həbsxanadır. Ermənistanda onlar azad gəzərdilər, üstəlik, ölkənin siyasi sistemini də hər şəkildə sarsındardılar. Ona görə də hesab edirəm ki, Bakı həbsxanası onlar üçün ən uyğun yerdir. Mən həqiqətən ümid edirəm ki, Robert Köçəryan və Serj Sərkisyan tezliklə onlara qoşulacaqlar.

- Siz Azərbaycanda sülhə çağırış edən erməni jurnalist kimi tanınırsınız. Çıxışlarınızın birində hətta Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycan vətəndaşlığını almaq istədiyinizi bəyan etdiyiniz deyilir. Sülh çağırışlarına və Azərbaycana dost münasibətə görə Ermənistanda hər hansı çətinliklə üzləşmisinizmi?

- Azərbaycan prezidentinə yazdığım məktubda mən Azərbaycan vətəndaşlığını istəməmişdim. Sadəcə qeyd etmişdim ki, ehtiyac olarsa, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə vətəndaşlığı qəbul etməyə razı olacam. Bu müraciətim ermənilərin hələ Qarabağda olduğu zamana və inteqrasiya imkanının müzakirə edildiyi prosesə aid idi. Mən bu məsələdə öz köməyimi təklif etmişdim. Təbii ki, həmin məktubdan sonra ağır təqiblərə məruz qaldım. Bu, qismən indi də davam edir. Amma Allaha şükür ki, Ermənistan xalqı sülhün alternativinin olmadığını anlamağa, yavaş-yavaş məni dəstəkləməyə başlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol