Bu ilin əvvəlindən Azərbaycanda ABŞ dollarına tələbatın artması davam edib. Mərkəzi Bankın məlumatına görə, yanvar-may aylarında 37 valyuta hərracında banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Açıqlanan rəqəmlərə görə, ilin ilk üç ayında Azərbaycanda əhalinin də dollara tələbi kəskin artıb. 2024-cü ilin yanvar-mart aylarında insanlar banklardan 931.3 milyon dollar alıblar. Bu da illik müqayisədə 491.5 milyon manat və ya 112 faiz çoxdur.
İlin əvvəlində Mərkəzi Bank hərraclarda valyutaya tələbin aktivləşməsini "mövsümi xarakterli" adlandırmışdı: "Bu, əsasən, bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən, ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır".
Bəs dollara tələbin artması fonunda 2024-cü ildə mümkün devalvasiya riski varmı?
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov News24.az-a bildirib ki, dollara tələbin artmasında bir çox amillər rol oynayır:
“Dollara tələbin yüksək olması həm dövlət xərclərinin, həm də idxalın artması ilə bağlıdır. Çünki dövlət xərcləmələri birmənalı şəkildə daha çox vəsaitin pul dövrüyəsinə daxil olmasına və onların bir qisminin idxal və yığım vasitəsilə dollar tələbi yaratmasına səbəb olur. Amma dekabr, yanvar və fevral ayı ilə müqayisədə prosesin Mərkəzi Bank tərəfindən daha çox nəzarətdə olduğunu və aylıq valyuta satışının xüsusən də ilin əvvəli ilə müqayisədə nisbətən stabilləşməsini müşahidə edirik”.
Deputat qeyd edib ki,Mərkəzi Bank ötən ilin sonunda da, bu ilin əvvəlində də prosesi nəzarətdə saxlaya bilib. Onun sözlərinə görə, Mərkəzi Bankın intervensiya imkanları var və bundan faydalanaraq prosesə təsir göstərmək mümkündür:
“Amma növbəti dövrdə milli valutamızın məzənnəsinin necə dəyişməsi birmənalı olaraq Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Mərkəzi Bank praktiki olaraq intervensiya yolu ilə proseslərə təsir imkanlarını qoruyub saxlayır. Eyni zamanda neftin dünya bazar qiyməti də bütövlükdə valyuta tələblərinə təsir göstərən faktorlardan biridir. Çünki neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmini müəyyənləşdirir. Amma Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün birmənalı şəkildə milli valyutamızın növbəti dövr üçün kursu Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.
İqtisadçı Xalid Kərimli isə bildirir ki, 2024-cü ildə devalvasiya olacağını demək çətindir:
“Ən azından indiki göstəricilər çərçivəsində bu real deyil, proqnozlaşdırılmır. Bu Məkəzi Bankın səlahiyyətində olan bir məsələdir. Bizdə qiymətlər bazarda formalaşmır. Dolların artım səbəbi 2024-cü ildən başlayaraq dövlətin proyektləri bağlı iqtisadi aktivlikdir. Ölkədə COP-29 keçiriləcək. Bu olduqca böyük bir tədbirdir. Bunun hazırlığı üçün ciddi işlər görülür. Artıq yenidənqurma işləri əvvəlki illərlə müqayisədə daha çox vüsət alıb”.
İqtisadçı əlavə edib ki, dollara tələb artsa da, neftin və qazın qiymətləri hökumət üçün konfortlu zonadadır, vəsaitlər gəlir və narahatlıq yaratmır. Dolların qiymətinin il ərzində bahalaşacağını demək çətindir.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir