BUTA.TV jurnalist, idman eksperti Aydın Bağırovun müsahibəsini təqdim edir:
- Aydın bəy, Gürcüstan yığması Avro-2024-də möhtəşəm performans göstərdi. Gürcü futbolunun bu qədər inkişaf etməsinə səbəb nədir?
- Gürcüstan futbolunun tarixi ənənəsi olub. Sovet dövründən başlayaraq SSRİ çempionatında uğurlu çıxışları olub, 1981-ci ildə Avropa kubokunu qazanıb. O vaxtlar bizim təsəlli yerimiz “Neftçi”nin 1966-cı ildə qazandığı bürünc medal idi. Bu ənənə müstəqillik dövründə də davam eləməyə başladı. Baxmayaraq ki, Gürcüstan iqtisadi baxımdan geridə idi, hətta 90-cı illərdə görürdük ki, onların məşhur komandalarda, “Mançester”dən tutmuş, “Trabzonspor”a qədər oynayan futolçuları var idi. Avropada futbol baxımından hamı inkişafdadır, bir bizdən başqa. Gürcüstan, məsələn, uşaq futbolunda çox ciddi işlər görüb, bu da ona gətirib çıxartdı ki, peşəkar futbolçular yetişdi. Gürcüstanın milli komandasının heyətindəki 26 futbolçudan 24-ü legioner həyatı sürür və bu, fenomenal bir göstəricidir. Müqayisədə biz 6-7 oyunçu göstərə bilərik ki, Türkiyədə birinci liqa səviyyəsində oynayır. Digər oyunçularımızdan İsveçdə Musa Qurbanlı, Xorvatiyada Mahir Emreli oldu ki, onların da karyeraları uğurlu olmadı.
- Ümumiyyətlə, Avro-2024-ün səviyyəsindən razısınızmı?
- Avropa futbolu mənə görə dünya futbolunun tacıdır. Həm klub, həm də komanda səviyyəsində olanlara aiddir. Bu günlərdə keçən çempionatda da gərgin, gözəl oyunların şahidi oluruq. Mənə o da qismət oldu ki, Almaniyaya gedib, Türkiyə-Çexiya oyununu canlı izləyə bildim. Hesab edirəm ki, İspaniya Almaniya səddini keçsə, çempion olacaq.
- Aydın bəy, özümüzdən danışsaq, AFFA-nın rəhbərliyinin işi sizi qane edirmi?
- Bu gün rəhbərlik dəyişib deyə, konkret qiymət vermək olmur, zamanı qabaqlamaq doğru deyil. Amma məyusam ona görə ki, AFFA-nın İcraiyyə Komitəsinin tərkibində cəmi iki nəfər futbol adamı var. Onlardan biri Qurban Qurbanov, digəri isə “Neftçi”nin veteranı Səməd Qurbanovdur. Digər 11 üzv futbolla bağlı adam deyil. Heyrət edirəm, necə ola bilər ki, Azərbaycan futbolunun taleyinə verilən qərarda futboldan anlayışı olmayan adamlar iştirak eləsin? Həmin qərarlardan birini gördük ki, Fernando Santos Azərbaycan milli komandasının baş məşqçisi təyin olundu. Onun yaşı haqlı olaraq narazılıq doğurur, bizim futbol mentalitetimizə də bələd deyil. Üstəlik, Qurban Qurbanovun həmin toplantıya qatılmaması məndə suallar yaratdı. Qurban müəllim vicdanlı insandır, yaxından tanıyıram. Bu mənim fərziyyəmdir. Ola bilər ki, qərarın müzakirəsiz qəbul olunduğunu bildiyi üçün tamaşada rol almaq istəməyib.
- Konkret desək, AFFA-dan nə gözləyirsiz?
- 25 ildir futbolla məşğulam. Heç vaxt AFFA-nın işindən razı olmamışam. Çünki razılıq üçün gərək ortada iş olsun. 1998-ci ildən üzü bəri mənim gördüyüm dövrdə belə ortada fəaliyyət sıfır səviyyədə olub, nöqsanlar da çox. İdarəetmədə futbolla əlaqəsi olmayan adamlar iştirak edib, nəticə etibarı ilə də Avropa, dünya çempionatı kimi yarışlara baxanda yalnız qonşularımıza həsəd apara bilirik. Halbuki 2008-ci ildən Azərbaycan futboluna milyardlar yatırılıb, amma ümumi nəticə bərbaddır. İstisna “Qarabağ” klubudur ki, orada işlər doğru gedib. Müəyyən zamanda “Neftçi” də Avropa kuboklarına çıxıb, amma yenə də “Qarabağ” səviyyəsində olmayıb. Ümumi götürəndə, AFFA da, klublar da bərbaddır. Kadr böhranı hökm sürür ki, belə davam etdikcə heç nə dəyişməyəcək. Gözləntilərim bu yöndədir ki, uşaq futbolundakı böhran aradan qaldırılsın. Bu sahədə xüsusi ilə dərin problemlər var. AFFA-dan Elxan Məmmədov uzaqlaşandan sonra ümidverici nəsə gözlənilir. Görürük ki, bölgələrdə liqalar yaradılıb. Amma bunlar yetərli deyil. Reallığı da qəbul etməliyik ki, klubların sponsorları olmalıdır. Hesab edirəm ki, AFFA bu problemləri aradan qaldıra bilər.
- Aydın bəy, kimi deyə bilərik ki, o, Azərbaycan futbolunda olmasa, böyük bir boşluq olar?
- Hər nə qədər Azərbaycan futbolunda kadr sarıdan problem olduğunu desək də, yaxşı kadrlar da var. İdarəetmə, məşqçi, futbolçu, hakim - bütün sferalarda. Konkret kiminsə adını çəkib istəməzdim ki, ayrı-seçkilik salım. Elə insanlar var ki, onların bu sahədə qalmasını istəyirəm.
- Bəs kimi deyə bilərik ki, o, olmasa, daha yaxşı olar?
- Azərbaycan futbolunda bu dəqiqə 70 faiz olmasa, əla olardı, onlara ehtiyac yoxdur. Onlar dostbazlıq, qohumbazlıqla gəlib düşüblər bu sahəyə və ciblərini doldurmaqla məşğul olublar. Söhbət idarəçilərdən gedir, əlbəttə. Onlar futbola zərər verməklə məşğul olublar. Onlar həm klublarda var, həm də federasiyada. Tezliklə getmələrini arzu edirəm.
- Millinin inkişafı üçün əcnəbi məşqçi vacibdirmi? Yəni, doğrudanmı özümüzün normal məşqçimiz yoxdur?
- Əcnəbi mütəxəssislərin lazımsızlığı da doğru deyildir. Bu, irqçilik kimi də çıxa bilər. Yaxşı əcnəbidirsə, niyə də yox? Məsələn, “Qarabağ” futbol klubunda Kadi Borxes, Juninyo, Abdullah Zubir kimi oyunçular var ki, biz onlara öz kadrlarımız kimi sahib çıxmışıq. Həm aldıqları pulun haqqını veriblər, həm də ölkəyə xidmətləri olub. Yaxud da məşqçilər olsun - Murad Musayev, Roman Qriqorçuk Azərbaycan futboluna fayda verən adamlardır. Roman Qriqorçuk “Qəbələ” klubunu iki dəfə Avropa liqasının qrupuna çıxardıb, Azərbaycana bağlı məşqçidir. Hətta bizimlə əlaqəsi olmayanda belə, işləməyəndə də diqqətdə saxlayıb bizi. Şuşa işğaldan azad olunanda məni təbrik eləmişdi. Bizə həm işi, peşəkarlığı və bağlılığı ilə yaxşı adamlar lazımdır. Bu, xarici də ola bilər. Amma bugünki reallıqda milliyə əcnəbi yox, öz kadrlarımız lazım idi. Qurban Qurbanov kimi adamın təcrübəsindən yararlanmalı idik. Başqaları da var - Rəşad Sadıqov, Samir Abbasov, Ayxan Abbasov və s. Bunlar dayanmadan öz üzərlərində işləyirlər. Bunlarla irəli getmək daha yaxşı olardı, nəinki xaricdən gətirib, milyonlar tökürük, onlar da özlərini burada xuliqan kimi aparırsa, daha nəyə lazımdır? Onlarla bir xal qazanırıq, özümüzkülərlə 3-4. AFFA-da oturan köhnə qalıqlar özümüzünkülərin fərqinə varmalıdır. Təbii ki, hamısına aid deyil. Amma orada elələri var ki, onların azərbaycanlı kimi qərar verdiklərinə şübhə edirəm.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...