Bakının Sabunçu rayonunda 1968-ci il təvəllüdlü Əfsər Məmmədov qızının sevgilisi olan Sərxan Yusifovu (ad, soyad şərti verilib - red.) qətlə yetirib.
BUTA.TV-nin əldə etdiyi məlumata görə, Əfsər qızı Vüsalə ilə sevgi münasibətində olan, söhbət etmək məqsədilə gizlin onun evinə gələn 2006-cı il təvəllüdlü Sərxanın bu hərəkətlərindən xəbər tutub. 26 avqust 2022-ci ildə o, Sərxana zəng vuraraq qızı ilə bir daha görüşməməsi və onun yaşadığı evə gəlməməsi barədə xəbərdarlıq edib.
Buna baxmayaraq, Sərxan sentyabrın 6-da saat 23:50-də Əfsərin Bilgəh qəsəbəsindəki evinə gəlib. Təsadüfən Sərxanla evinin həyətində rastlaşıb və onu tutaraq həyətindəki qaraja salıb. Sərxandan xəbərdarlıq etməsinə məhəl qoymadan hansı səbəbə yenidən evinə gəlməsini soruşub, ona irad tutub.
O, Sərxanın qızı ilə intim münasibətdə olmasından şübhələnib və qisas almaq niyyəti ilə oğlanı öldürmək qərarına gəlib.
Qarajdan götürdüyü yapışqan lent, ip və kilimi avtomobilinin yük yerinə qoyub. İplə Sərxanın əl-qolunu ön hissədən bağlayaraq, "Toyota Prado" markalı avtomobilinin arxa oturacağında əyləşdirib. Gecə təxminən bir saat onu əl-qolu bağlı vəziyyətdə saxlayıb. Daha sonra qızının sevgilisini Albalılıq yaşayış massivində ünvansız əraziyə gətirib. Boş ərazidə Sərxanı avtomobildən düşürüb, əl-qoluna bağladığı ipi açıb.
Sərxanı qızı ilə aralarında cinsi əlaqənin olub-olmaması, əgər olubsa, indiyədək harada və necə görüşmələri, habelə hansı vaxtdan bəri görüşdükləri barədə sorğu-suala tutub. Sərxan ona qızı ilə 2022-ci ilin aprel ayından görüşdüklərini, bəzən evin bağında, bəzən isə öz evində dəfələrlə cinsi əlaqədə olduqlarını bildirib.
Əfsər Sərxanın baş və bədən nahiyələrinə şillə, yumruq zərbələri vurub, ona xəsarətlər yetirib. Sonra Sərxanın boğazına ip dolayaraq sıxıb. Sərxan hadisə yerində ölüb.
"İki dəfə evli olmuşam"
İstintaq orqanı tərəfindən Əfsərin barəsində Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə - yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfsər ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Gədəbəy rayonunda doğulub, 1976-cı ildə Bakı şəhərinə gəlib: "1990-ci ildən isə Bakı şəhərində hazırkı ünvanda yaşayıram. Əvvəllər iki dəfə qeyri-rəsmi nikahla evli olmuşam. Lakin ailə-məişət zəminində yaranmış münaqişələr səbəbindən ayrılmışam.
Təxminən 2005-ci ildə Vəfa ilə rəsmi nikaha daxil olmuşam. Bizim birgə nikahımızdan iki qız, bir oğlan olmaqla üç övladımız var. Oğlum Şirvan və qızım Səbinə orta məktəbin 11-ci sinif şagirdidirlər. Onlar universitetə hazırlığa getdikləri və həmin evdən hazırlıqlara olan məsafə daha yaxın olduğu üçün metronun "Qara Qarayev" stansiyasının yaxınlığında yerləşən digər evimdə qalırlar. Kiçik qızım Vüsalə isə orta məktəb şagirdidir".
"Qızımı sevdiyini dedi"
Əfsərin sözlərinə görə, 2022-ci ildə təxminən gecə saat 2 radələrində yaşadığı evdə olarkən həyətdən səs gəldiyini eşidib: "Bayıra çıxdıqda bir nəfər cavan oğlanın hasardan bayıra hoppanıb keçdiyini gördüm. Dərhal həyətdən bayıra çıxdım və hasarın qarşısında onu saxladım. Ona 2 şillə vurdum və oğru zənn etdiyim üçün evdən nə oğurladığını soruşdum.
O isə bildirdi ki, adı Sərxandır, kiçik qızım Vüsaləni sevdiyi üçün evə gəlib. Vüsaləyə qarşı fikri ciddidir, onunla evlənmək istəyir. Bildirdim ki, siz hələ uşaqsınız, evlənən yaşınız deyil, böyüyüb iş və sənət sahibi olduqdan sonra el adəti ilə elçi gələndə, qızı sənə verib-verməyəcəyim barədə fikirləşərəm. Adının Sərxan olduğunu bildiyim oğlan bir daha evimə gəlməyəcəyi barədə söz verdi, sonra isə getdi".
"Elə bilmişdim ki, qızımla əlaqəsi yoxdur"
Əfsər qeyd edib ki, avqustun 25-də arvadı Vəfa evin həyətində Sərxan adlı bir cavan oğlanı gördüyünü və Vüsalənin dalınca gəldiyini bildirib: "Vəfa həmin oğlanı iki ay əvvəl, 2022-ci ilin iyun ayında evimizin həyətində tutduğunu və ona evə gəlməyi qadağan etdiyini bildirdi.
Sərxanı evimin həyətində tutan zaman elə bilmişdim ki, onun hələ qızım Vüsalə ilə əlaqəsi yoxdur, sadəcə Vüsaləni görmək üçün ilk dəfə evimin həyətinə girib.
Lakin Vəfanın həmin oğlanı evin həyətində iki ay əvvəl tutduğunu bildirdikdən sonra başa düşdüm ki, Sərxan qızım Vüsalənin dalınca bir neçə aydır gəlir, çox güman ki, qızım da onunla danışır".
"Məqsədim tənbeh etmək olub"
Əfsərin ifadəsinə görə, 2022-ci ilin avqust ayında qızı Vüsaləni digər övladları kimi universitetə hazırlıq məşğələlərinə getməsi üçün metronun "Qara Qarayev" stansiyasının yaxınlığındakı evlərinə aparıb və Vüsalə həmin evdə qalıb:
"Vüsaləyə ona oğlanla çoxdan görüşdüyünü bildiyimizi dedim, tənbeh etmək üçün ona 1-2 şillə vurdum. Vüsaləyə həmin oğlanla görüşməyi qadağan etdim.
Qızıma Sərxana zəng etməyi və onunla danışmaq istədiyimi bildirdim. Çünki Sərxana da onların çoxdan görüşdüyünü artıq bildiyimi demək istədim. Vüsalə istifadəsində olan telefonla Sərxana zəng etdi. Ondan telefonu aldım və Sərxana dedim ki, sənə zəng edəcəyəm, gəl görüşək. Sərxanla görüşmək istəyimdə məqsədim onu son dəfə tənbeh etmək idi".
"Qızımdan əl çəkməyi tapşırdım"
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra qızı Vüsaləyə telefondan istifadəni qadağan edib:
"Avqustun 25-də və ya 26-da Sərxanın istifadəsində olan telefon nömrəsinə zəng etdim, onu görüşə çağırdım. Günorta saatlarında, saat 16:00 radələrində Bilgəh qəsəbəsində görüşdük. Ona idarə etdiyim "Prado" markalı avtomobilə oturmasını və qızım Vüsalə barədə söhbət etmək üçün mənimlə getməsini təklif etdim. Sərxan avtomobilimə oturdu.
Onu Bilgəh qəsəbəsində boş əraziyə apardım. Avtomobildən düşdük. Sərxanı təhbeh etmək üçün döyməyi qərara aldım. Qızımla 2022-ci ilin iyun ayından görüşdüyünü bildiyimi dedim. Sonra ona şillə-yumruqla zərbə vurdum. Vüsalədən əl çəkməyi, bir daha qızımın dalınca gəlməməyi tapşırdım.
Sərxanı maşınımla aparıb yaşadığı evin yanında düşürtdüm".
"Arvadım evi təmizlədi"
Əfsərin sözlərinə görə, həmin gündən 2 gün sonra atası Bəşir vəfat edib, başları onun yas məclisinə qarışıb:
"Sentyabrın 6-da saat 21 radələrində işdən çıxaraq Bilgəh qəsəbəsində yaşadığımız evə gəldim. Həmin gün oğlum da Bilgəh qəsəbəsindəki evimizə gəlmişdi. Birlikdə yemək yedik, çay içdik. Sonra oğlumu metronun yanındakı evimizə apardım. Arvadım Vəfa arabir metronun "Qara Qarayev" stansiyasının yanındakı evi təmizləyirdi. Buna görə, Vəfaya bildirdim ki, oğlumu aparan zaman o da bizimlə gəlsin.
Saat 22 radələrində Bilgəh qəsəbəsindəki evdən çıxıb, metronun "Qara Qarayev" stansiyasının yanındakı evimizə getdik. Orada bir az oturduq. Vəfa evi təmizləməyə başladı, mən çay içdim. Oğlum səhəri günü məşqdə olmalı idi. Dedi ki, idman köynəyi yadından çıxıb, Bilgəh qəsəbəsindəki evdə qalıb. Onu götürmək lazımdır. Təmizlik işləri qurtaranadək oğlumun idman köynəyini gətirmək üçün evdən çıxdım və Bilgəh qəsəbəsindəki evə yola düşdüm.
Bilgəhdə avtomobili evin həyətindəki qaraja saldım. Bir neçə dəqiqə qarajda qaldıqdan sonra evin həyətinə keçdim. Bu zaman Sərxanın həyətdən bayıra çıxmaq istədiyini gördüm. Onun qolundan tutdum və evin həyətində nə gəzdiyini soruşdum. Xəbərdarlığıma məhəl qoymadığı üçün əsəbiləşdim. Onu qaraja apardım, bir-iki şillə vurdum".
"Qızımla danışmağa icazə verəcəyimi bildirdim"
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra isə Sərxanın əl-qolunu bağlayıb, qarajda qızı ilə aralarında nə kimi münasibət olması barədə sorğu-sual etməyə başlayıb: "Sərxan suallara cavab verməkdən yayınmağa çalışdı. Mən Sərxanın qızımla cinsi əlaqədə olub-olmadığınl bilmək istədim. Çünki bildim ki, qızımı döysəm də, mənə düzgün məlumat verməyəcək.
Bir neçə dəqiqə Sərxanı sorğu-sual etdim, onu döyəcəyimlə hədələdim. Amma o, qızımla münasibətlərini açıqlamadı. Təzyiq etməklə nəticə əldə edə bilməyəcəyimi gördüm, xoş danışmaqla onu guya "kişi kimi" səmimi olmağa, hər şeyi açıqlayacağı təqdirdə qızımla danışmağına icazə verəcəyimə inandırdım. Buna görə, qarajda onu maşınıma əyləşdirdim, evdən kənara gedərək yolboyu səmimi söhbət etmək istədiyimi söylədim.
Sərxan avtomobildə arxa oturacaqda oturdu. Mən qarajdan evin həyətinə keçdim. Oğlumun köynəyini axtarmağa başladım. Çünki oğlum bildirmişdi ki, idman köynəyi yadından çıxaraq evin həyətində stolun üstündə qalıb.
Köynəyi axtarmaq üçün işıqları yandıranda bacım Nəzrin evin həyətinə çıxdı və niyə qayıtdığımı soruşdu. Dedim ki, oğlumun köynəyini götürməyə gəlmişəm. Köynəyi stolun üstündən götürdüm və qaraja girdim. Avtomobili küçəyə çıxardım. Bu zaman bacımın qaraja dalımca girdiyini gördüm. Nəzrin Sərxanı görməsin deyə avtomobili sürərək getdim. Düşündüm ki, qarajın qapısını Nəzrin özü bağlayar".
"Mənə müqavimət göstərdi"
Əfsər bildirib ki, Sərxanı Albalılıq yaşayış massivi ərazisində yerləşən boş əraziyə aparıb: "Gecə dəniz kənarına çatdıq, avtomobildən düşdük. Sərxanın əl-qolunu açdım, qızımla nə zamandan görüşdüyünü, aralarında yaxın əlaqə, yəni intim münasibətin olub-olmadığını soruşdum. Bildirdim ki, düzünü bilmək istəyirəm, əgər səmimi olub düzünü desən, Vüsalənin səninlə danışmasına icazə verəcəyəm.
Bu sözlərimdən sonra Sərxan Vüsalə ilə 2022-ci ilin fevral ayından münasibəti olduğunu, onunla bir neçə aydır ki, yaxın əlaqəsi, yəni intim münasibətdə olduqlarını bildirdi.
Sərxandan Vüsalə ilə harada və nə zaman cinsi əlaqədə olduğunu soruşdum. O, gecələr evimizə gələrək həyətdə, bəzən isə öz evində cinsi əlaqədə olduqlarını bildirdi. Bu sözləri eşitdikdə, bərk əsəbiləşdim. Sərxanı şillə və yumruqla vurmağa başladım. O da mənə müqavimət göstərməyə başladı.
Sonra Sərxanı yerə yıxdım, ipi boğazına salaraq boğmağa başladım. İplə boğazını sıxaraq nəfəsi kəsilənədək onu boğdum".
Əfsər qeyd edib ki, Sərxanın öldüyünü gördükdən sonra peşmançılıq hissi keçirib: "Tutulacağımdan qorxduğum üçün meyiti gizlətməyi qərara aldım. Meyitin əl-qolunu, ayaqlarını yapışqan lentlə və iplə bağladım, avtomobildə olan xalçaya bükdüm və baqaja qoydum.
Bundan sonra metronun "Qara Qarayev" stansiyasının yaxınlığındakı evimə getdim. Arvadım Vəfanı oradan götürərək evə gətirdim. Lakin ona heç nə demədim. Vəfa da baqajda meyit olduğunu bilmədi. Evə gəldikdən sonra həyəcandan yata bilmədim. Səhərədək Sərxanın meyiti avtomobilin baqajında qaldı".
"Asfalt qazıyan maşınla çuxurun üzərinə xeyli torpaq tökdüm"
Əfsər qeyd edib ki, səhəri gün, təxminən səhər saat 8 radələrində maşını Qaradağ rayonu, Lökbatan qəsəbəsində boş əraziyə sürüb: "Günortayadək orada gözlədim. Ətrafa göz gəzdirdim ki, əlverişli vaxtda meyiti orada torpağa basdırım. Ərazidə işləyən insanların seyrəldiyini gördükdə meyiti baqajdan götürdüm və çuxura atdım. Sonra əlimlə meyitin üstünə torpaq tökdüm.
Çuxurun təxminən 2 metr dərinliyi olduğunu və onu əlimlə doldura bilməyəcəyimi gördüm. Yaxınlıqdakı asfalt qazıyan maşınla çuxurun üzərinə xeyli torpaq tökdüm, meyitin üstünü tamamilə bağladım ki, heç kim tapa bilməsin.
Bu ərazidə traktor təmiri işi ilə məşğul olduğum üçün traktorların açarları bəzən məndə olurdu. Rəsmi müqavilə əsasında işləməsəm də, günəmuzd çalışırdım. Təmirə ehtiyacı olan asfaltçəkən maşınları təmir edirdim. Buna görə, çox vaxt həmin maşınların açarları məndə olurdu.
Asfalt qazıyan maşınlar Sərxanı basdırdığım yerin yaxınlığında, təxminən 50-60 metr aralıda saxlanılmışdı.
Daha sonra yaşadığım evə qayıtdım. Cinayət törətdiyim barədə heç kimə məlumat vermədim. Sərxanı öldürməyimi əvvəlcədən planlaşdırmamışam".
Əfsər deyib ki, cinayəti törətdiyini etiraf etməzdən əvvəl 14-cü polis bölməsinə 2-3 dəfə çağırılıb, orada sorğu-sual edilib: "Tutulmaq istəmədiyim üçün cinayəti etiraf etmək istəmirdim. Polis əməkdaşları tərəfindən xeyli sorğu-sual olunduqdan sonra Sərxanı öldürdüyümü bildirdim, onun meyitini dənizə atdığımı göstərdim.
Lakin dəniz kənarında meyitin aşkar edilmədiyini bildirdikləri üçün meyiti basdırdığım yeri göstərdim".
"Sevgili olmağa razılaşdım"
İş üzrə şahid qismində ifadə verən Vüsalənin sözlərinə görə, 2022-ci ilin yanvar ayınadək Bilgəh qəsəbəsində 9-cu sinifində oxuyub: "Sərxan həmin məktəbdə 8-ci sinifdə oxuyurdu. Lakin onunla tanış olduqdan sonra bilmişəm ki, məndən bir yaş böyükdür.
2022-ci ilin yanvar ayından ailəmizin qərarına görə, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında yerləşən evimizə köçəcəkdim və orada universitetə hazırlıq imtahanı üçün məşğələlərə gedəcəkdim.
2022-ci ilin yanvar ayında Bilgəhdəki məktəbdən çıxdım və metronun "Qara Qarayev" stansiyasının yaxınlığında yerləşən orta məktəbə getməyə başladım.
Həmin ilin fevral ayında "İnstaqram" sosial şəbəkəsində olan mənə məxsus profilə Sərxan mesajlar yazdı, məndən xoşu gəldiyini və sevgili olmaq istədiyini bildirdi. Mən də Sərxanın bu təklifinə razı oldum. Münasibətlərimiz fevral ayında başladı və mart ayından görüşdük.
Mən hazırlıqlara gedərkən Sərxan dalımca gəlirdi və biz görüşürdük. Münasibətlərimiz bir müddət belə davam etdi".
"Bağda cinsi əlaqədə olmuşuq"
Vüsalə qeyd edib ki, 2022-ci ilin aprel ayından Sərxanla cinsi əlaqədə olmağa başlayıb: "İlk dəfə aprelin 14-də Sərxanla onun ailəsinin yaşadığı Bilgəh qəsəbəsindəki evlərində öz razılığımla təbii yolla cinsi əlaqədə oldum. Cinsi əlaqədə olmaq üçün o mənə hər hansı psixi və ya fiziki zor tətbiq etməyib. Cinsi əlaqədə olmağımızı isə onun ailə üzvlərindən heç kim bilməyib. Çünki onların evində heç kəs olmayanda məni evlərinə aparıb və biz cinsi əlaqədə olmuşuq. Bir dəfə Sərxan məni evlərinə dəvət edərək anası ilə də tanış etdi. O məni anasına sevdiyi qız kimi təqdim etdi.
Münasibətimiz davam etdikcə, mən də Sərxanı Bilgəh qəsəbəsindəki yaşadığım evə çağırmışam. Sərxan gecə saatlarında dəvətimlə evimizin hasarını atlayaraq həyətə düşürdü. Mən isə evdən gizlicə həyətə çıxırdım.
Biz gecə saat 2-3 radələrində, hamı yatdıqdan sonra evin həyətində, evin bağ olan hissəsində cinsi əlaqədə olurduq".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Əfsər 18 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Zərərçəkmiş şəxsin ailə üzvlərinin oğlanlarının qətli ilə bağlı onlara dəymiş 36 min 136 manat maddi, ailə üzvlərinə qarşı mənəvi zərərə görə 6 min manat, anasına mənəvi zərərə görə 7 min manat mülki iddia qismən təmin edilib. Məhkəmə maddi və mənəvi zərərə görə, 6 min manat təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxsin ailə üzvlərinə ödənilməsi barədə qərar qəbul edib.
Məhkəmə mülki iddianın digər hissəsinin təmin olunmamasını belə izah edib ki, zərərçəkmiş şəxslər mülki qaydada məhkəməyə müraciət edə bilərlər.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir