Azərbaycanın mina problemi NATO-da müzakirə edildi

13:16 - 26 Sentyabr 2024 - GÜNDƏM

 Azərbaycanın mina problemi NATO-da müzakirə edildi

Azərbaycanın mina problemi və onun aradan qaldırılması sahəsində NATO-nun maliyyə və texniki dəstəyi Alyansın Avro-Atlantika Tərəfdaşlıq Şurası iclasında müzakirə edilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) BUTA.TV-a verilən məlumata görə, ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyəti NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurası (EAPC) formatında Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin Yüngül və Atıcı Silahlar və Mina Fəaliyyəti üzrə "Ad hoc" İşçi Qrupunun iclasında iştirak edib. İclasa NATO-nun üzv və tərəfdaş dövlətlərinin nümayəndələri, eləcə də Alyansın aidiyyəti strukturlarından nümayəndələr qatılıblar.

İclas zamanı Azərbaycanın üzləşdiyi mina problemi, problemin həlli istiqamətində görülmüş işlər, müxtəlif dövlət və beynəlxalq təşkilatların bu sahədə Azərbaycana dəstəyi, eləcə də təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu xüsusda Ağdam rayonunun Qərvənd kəndinin 400 hektar ərazisinin minalardan təmizlənməsinə dair Qərvənd Etimad Fondunun yaradılmasının tezləşdirilməsinin vacibliyi vurğulanıb.

İclasda ANAMA-nın nümayəndə heyəti Azərbaycanda mina təhlükəsinin miqyası, bu sahədə qarşıya çıxan çətinliklər və problemin aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə geniş təqdimatla çıxış edib. Təqdimatda, 2020-ci ilin noyabr ayından etibarən 379 azərbaycanlının mina partlamaları nəticəsində həlak olduğu və yaralandığı, minaların məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını və həmin ərazilərdə yenidənqurma və bərpa işlərinin aparılmasını ciddi şəkildə ləngitdiyi, eləcə də minaların humanitar, iqtisadi və ekoloji fəsadları ətraflı şəkildə izah olunub. Bundan əlavə, ANAMA-nın mina probleminin həllində istifadə etdiyi qabaqcıl texnologiyalar, xüsusilə də mexaniki minatəmizləmə vasitələri və sahədə tətbiq olunan yeni yanaşmalar haqqında məlumat verilib.

Eyni zamanda iclas çərçivəsində Azərbaycanın üzləşdiyi mina probleminin miqyasını və işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə prosesini əks etdirən fotosərgi təşkil edilib.

Səfər çərçivəsində ANAMA nümayəndə heyəti NATO Baş katibinin Əməliyyatlar üzrə köməkçisinin müavini B. San və NATO-nun Silahlara Nəzarət, Tərksilah və Kütləvi Qırğın Silahlarının Yayılmaması bölməsinin (ADN) direktoru E.Lemos-Maniati ilə ikitərəfli görüşlər keçirilib. Görüşlər zamanı Alyansın mina probleminin həlli istiqamətində mövcud təcrübəsi və bu xüsusda NATO-nun ölkəmizə maliyyə və texniki dəstəyi müzakirə olunmuşdur.

Bununla yanaşı, ANAMA və NATO nümayəndə heyətinin NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) yerləşdiyi Lüksemburqa səfəri baş tutub. Səfər zamanı NATO ilə minatəmizləmə sahəsində təcrübə mübadiləsi, müasir texnologiyaların öyrənilməsi və yeni üsulların tətbiqi sahəsində müzakirələr aparılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol