Haniyəni və Məhəmməd Deifi öldürməklə “əlinin hara qədər çata biləcəyini” nümayiş etdirən İsrailin Sinvarı öldürəcəyi bəlli idi. Burada əsas məqam Haniyədən fərqli olaraq, Sinvarın xələfi məsələsinin sual altında olmasıdır və bu, Qəzza müharibəsinin gedişinini ciddi şəkildə dəyişdirə bilər.
Birincisi, İsrail HƏMAS üzərində “qələbəni” nəhayət elan edə bilər.
Qəzza daxilində HƏMAS-a liderliyi üzərinə götürəcək nüfuzlu fiqurun olduğu görünmür. Haniyə və Sinvardan sonra qruplaşmada iki əsas lider qalır: Xalid Məşəl və Musa Əbu Mərzuk. Lakin hər iki şəxs Qəzzada deyil, onların qruplaşmanı kənardan idarə etməsi mümkün olsa da, müharibədə ciddi “qan itirən” HƏMAS-ın müqaviməti böyük ölçüdə davam etdirəcəyi sual altındadır. Və bütün bunlar İsrailə “qələbəni” elan etmək imkanı verir.
İkincisi, girovlarla bağlı danışıqlar yenidən başlaya bilər.
Girov danışıqları ilə bağlı daha öncə ümidlər yaransa da, Haniyənin yerinə Sinvarın gəlişi maneə yaradırdı. Təkcə ona görə yox ki, Sinvar döyüşməyin tərəfdarı idi, həm də İsrail 7 oktyabr hücumunun memarı ilə “danışıqlar masası”nda əyləşmək istəmirdi. İndi İsrailə “qisas aldığını və qələbə qazandığını” nümayiş etdirmək imkanı yaranıb və Netanhayu kabineti daxili tələbləri fonunda girovların qaytarılmasına çalışacaq. HƏMAS daxilində, ümumilikdə Qəzzada da “atəşkəs istəklərinin” çoxalması, o cümlədən, Bayden administrasiyasının seçkilərə qədər “nəticə” əldə etmək istəyi də bu imkanı gücləndirir.
Və əsas suallardan biri HƏMAS-ın bundan sonra nə edəcəyi, Qəzzanın taleyinin necə olacağıdır. Bölgəyə sülh gələ və beynəlxalq nəzarət mexanizmlər altında yerli idarəetmə sistemi formalaşa bilər, lakin bu, yalnız İsrailin HƏMAS-ın silahı tamamilə yerə qoyması və qruplaşmanın “faktiki hökuməti”nin ləğv edilməsi şərtlərinin reallaşması fonunda mümkün görünür.
“Girov danışıqları”nın aktuallaşacağı fonunda Qəzzada hadisələrin inkişafına dair müəyyən təxminlər irəli sürmək olar:
- İsrail müqavimət göstərən qruplaşma üzvlərinə qarşı daha çox lokal xarakterli əməliyyatları davam etdirəcək;
- Beynəlxalq müstəvidə Qəzzanın bərpası və idarəedilməsi məsələnin daxil olduğu sülh danışıqları başlaya bilər;
- HƏMAS-ın yeni liderinin danışıqlara sövq edilməsi işini ABŞ-ın istəyi ilə ərəb ölkələri həyata keçirəcəklər və alternativ seçim imkanının çox olmaması nəticə əldə etməyi asanlaşdıra bilər.
Bu proseslər fonunda HƏMAS daxilində “atəşkəs” və “döyüş” tərəfdarlarının qarşıdurması da mümkün gözləntilərdəndir.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək