“Kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, həmçinin işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər”.
“BUTA.TV” xəbər verir ki, bunu Torpaq Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı keçirilən brifinqdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov bildirib.
Onun sözlərinə görə, bu tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizinədək hissəsində tikilə bilər: “Bu halda yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna təşkil edir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti-quraşdırma işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və yerli icra hakimiyyəti orqanlarını məlumatlandırmaqla aparılacaq. Tikinti işlərinin aparılmasına dair tələblər isə müvafiq Qanunla müəyyən edilib”.
R.Şahbazov qeyd edib ki, istixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı 5 hektara və 1 faizə dair məhdudiyyətlər tətbiq edilmir: “Yeniliklərdən biri də torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi məsələləridir. Belə ki, Prezidentin 28 sentyabr 2024-cü il tarixli Fərmanına əsasən, yay və qış otlaqları, örüş və biçənəklər istisna olmaqla, mülkiyyətçilər öz torpaqlarının məqsədli təyinatını kateqoriya daxilində dəyişmək imkanı əldə edirlər. Əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin bir-biri arasında məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri və ya icarəçiləri, həmçinin istifadəçiləri tərəfindən həyata keçirilir”.
Qeyd edək ki, torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ediləcək.
Dövlət orqanları tərəfindən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı müraciətlərə rəy verilməsi prosesi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Bu halda, aidiyyəti dövlət orqanları 10 iş günü müddətində rəylərini elektron qaydada bildirməlidirlər. Göstərilən müddətdə rəylər təqdim edilmədikdə, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi aidiyyəti dövlət orqanı ilə razılaşdırılmış hesab olunacaq.
“Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
***
“Torpaq Məcəlləsinə edilən dəyişikliklər mətbuatda müxtəlif ekspertlər tərəfindən yanlış şərh olunur. Bu, Bakı və ətraf ərazilərdə indiyə qədər olan tikililərin, fərdi yaşayış evlərinin rəsmiləşməsi demək deyil”.
Bunu isə brifinqdə Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev bildirib.
O qeyd edib ki, dəyişiklik 2025-ci ilin yanvarından etibarən yeni təşəbbüs və təkliflərə münasibətdə tətbiq olunacaq: “Bundan əvvəlki tikililər isə ölkə qanunvericiliyi ilə tənzimlənir. Sənədləşməmiş tikililərlə bağlı da müəyyən addımlar atılır. Burada əsas hədəf aqrar sektorun inkişafıdır”.
Gülnar Əliyeva
- Müəllim şagirdi stulla vurdu, cəzalandırıldı - Video
- Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək - Melkonyan
- Bakı separatçılarla bağlı İrəvanı əməkdaşlığa dəvət etdi
- Separatçıların cinayət işi məhkəməyə göndərildi
- Arvadını və qızını öldürən şəxslə bağlı qərar verildi
- İşdən çıxarılan səfir həbs edilə bilər - Şok mənimsəmə
- Niderland səfiri sərhədimizə gəldi
- Türkiyə regionu tam dəyişdi: Qafqaza qayıdır - Xaçatryan