"Braziliya çayxanalarından komandalarımıza futbolçu yığırlar" - Deputat ƏSƏBİLƏŞDİ

16:21 - 26 Mart 2025 - GÜNDƏM

"Məşqçi dəyişməklə milli düzəlmir. Xaricdən gətirilən məşqçilərə kalan pul verilir. Amma nəticə yoxdur. Vaxtilə Berti Foqtsu komandadan uzaqlaşdırmaq istədilər, şantaj etdi, komandada qaldı. Çünki uzaqlaşdırıldığı təqdirdə, böyük məbləğdə təzminat ödəməli idilər. İndi də Fernandu Santuşu çıxara bilməzlər, çünki müqavilə var".

Bu fikirləri BUTA.TV-a açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının uğursuz nəticələrini tənqid edən "Qarabağ" klubunun sabiq prezidenti, millət vəkili Aqil Abbas deyib. O bildirib ki, əvvəldən düşünmək lazım idi:

"Azərbaycanın yerli məşqçilərindən faydalanmaq olardı: Tərlan Əhmədov, Rəşad Sadıqov və sair. Qurban Qurbanova bir dəfə fürsət verdilər ki, "Qarabağ" komandasını buraxsın, "Xəzər Lənkəran"ın gününə düşsün. Qurbanov komandanı atmadı, həmçinin ona millidə axıra kimi şans yaratmadılar. Q.Qurbanov təzminat filan istəmədən hörmət edib millidən çıxdı. O, futbolçuların dilini bilirdi, oyunçuları tanıyırdı.

Fernandu Santuş Portuqaliya millisini pis günə qoydu, gəldi "Beşiktaş"a da eyni aqibəti yaşatdı, indi növbə bizim millidədir.

Nə qədər ki, Azərbaycanda regionlarda futbol olmayacaq, uşaq futbolu inkişaf etməyəcək, bölgələrdə stadionlar olmayacaq, bu nəticələr təkrarlanacaq. Uşaq futbolçularının çoxu süni öt örtüyündə məşq edirlər, zədələnirlər".

Deputat qeyd edib ki, məğlubiyyətlərdə futbolçuların da günahı var:

"Futbolçularımız vaxtlarını keçirirlər, məşqlərdə ciddi çalışmırlar. Görünür məşqçinin dediyini başa düşmürlər, dediklərinə əməl etmirlər. Amma onlar da yorulublar. Nə qədər uduzmaq olar? Həvəsdən düşürlər. Bizim futbolda bacardığımız budur. Nə qədər danışsaq da, bizdə hələ futbol ayağı yoxdur.

Legioner olan futbolçularımız heç bir komandada möhkəmlənmədən Bakıya qayıdıb gəlirlər. Yerli futbolçularımız bozbaş yeməyə öyrəşiblər deyə xaricdə çox qala bilmirlər. Mənim özüm xaricə gedəndə ac qalıram, yeməklərinə öyrəşə bilmirəm. Amma onlar öyrəşməlidirlər, hər bir çətinliyə dözməlidirlər. Anadan, atadan, bacı-qardaşdan ötrü darıxmalı deyillər. Futbolçularımızın təfəkkürü dəyişməlidir. Futbolu ayaqla yox, ağılla oynayırlar. Haiti kasıb ölkə olsa da, futbolçuları Avropa klublarında oynayırlar".

A.Abbas bəzi azarkeşlərin "milli komanda ləğv edilsin" fikrinə də münasibət bildirib:

"Yox, milli komanda niyə ləğv edilsin ki? Uduza-uduza öyrənəcəyik. Xaricdən komandalarımıza futbolçu gətiririk. Artıq limit də yoxdur. Xaricdən gətirilən futbolçuların bir-iki komandadan başqa hamısı havayı pul yeyənlərdir. Braziliya çayxanalarında oturanları komandalarımıza futbolçu kimi yığırlar. "Neftçi", "Qarabağ" və "Sabah"ı çıxsaq, qalanları uğursuz transferlərdir. Xarici oyunçu olmaqları o demək deyil ki, Pele olacaqlar. Gedib əldən-ayaqdan düşmüş futbolçuları gətirirlər".

Məhərrəm Əliyev - Oxu.az


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol