İcra başçıları postunun ləğvi bu səbəbdən ləngiyir

12:35 - 23 Aprel 2025 - CƏMİYYƏT

 İcra başçıları postunun ləğvi bu səbəbdən ləngiyir

Məsələ referendumda həllini tapa bilər

Şəki Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyinatı  medianın diqqətini çəkib. “Banker.az” xəbər verir ki, RİH başçısı Elxan Usubovun əmri ilə Xəyalə Töhrablı başçının birinci müavini təyin edilib.

Diqqətçəkən odur ki, Töhrablı  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını fortepiano ixtisası üzrə bitirib. 2006-cı ildən 2024-cü ilə qədər Şəki Musiqi Texnikumunda müəllim vəzifəsində çalışıb. Göründüyü kimi, dövlət işində heç bir təcrübəsi olmasa da, bu onun başçı müavini olmasına əngəl yaratmayıb.

Qeyd edək ki, zaman-zaman icra hakimiyyətlərinin ləğv edilməsi, bələdiyyə institutunun təkmilləşdirilməsi təklifləri səslənir. İcra hakimiyyətlərinin ləğv olunacağı barədə xəbərlər 14 iqtisadi rayonun yaradılmasından sonra aktuallaşıb. Bildirilirdi ki, bu, ölkənin yeni idarəetmə modelinə keçməsi, bütün icra hakimiyyətlərinin ləğvi prosesinə hazırlıqdır. Prezident İlham Əliyev də o ərəfədə çıxışlarının birində Azərbaycanda yeni idarəçilik modelinin yaradılmasına diqqət çəkmişdi: “Mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb. Hesab edirəm ki, bu, o qədər də hərtərəfli düşünülməyib. İndiyə qədər 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunublar. Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib. Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq”.  Amma bu proses sonradan irəliləmədi. 

Yerli icra hakimiyyətlərinə etimad və inamın son dərəcə azalmasını həmin qurumlara rəhbərlik edən məmurların həbsində də görmək olardı. Yerli icra hakimiyyətlərinin bugünkü işi idarəetmə sisteminin bu həlqəsində geniş islahatlara ehtiyac olduğunu göstərir. Tədricən ərazi idarəetmə orqanları üzrə idarəçiliyi yeniləmək, yeni metodologiyaya keçmək dövrün tələbidir. Eyni zamanda ekspertlər inzibatı ərazi bölgüsündə islahatların lazım olduğunu bildirirlər. Bu həm də büdcə yükünü azaldar. Bəs bu proses niyə ləngiyir?

Natiq Cəfərli AYNA-nı məhkəməyə verir - FOTO

Natiq Cəfərli

REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda inzibati idarəetmə ilə bağlı ciddi dəyişikliklərə ehtiyac var: “Zaman-zaman da bu dilə gətirilir, müzakirə olunur. Ümid edilir ki, yaxın zamanlarda bununla bağlı müəyyən addımlar da atılacaq. Çünki artıq sovetdənqalma bir struktur olan icra hakimiyyəti strukturları müasir dövrün tələblərinə uyğun vəzifələri yerinə yetirə bilmir. Ona görə də ölkənin inzibati ərazi vahidində dəyişiklik edilərək iri inzibati regionların yaradılmasına ehtiyac var. 14 iqtisadi rayonun inzibati ərazi vahidinə çevrilməsinə nəyin mane olduğu izah edilmir. Ola bilsin ki, 14 iqtisadi rayonun yaradılmasının hansı effekti verdiyini öyrənmək üçün zamana ehtiyac duyulur. Böyük şəhər bələdiyyələrin yaradılmasına və böyük şəhər bələdiyyələrinə seçkilərin keçirilməsinə də ehtiyac var. Bunun da nəticəsində düşünürəm ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da yerli özünüidarəetmə institutlarının gücləndirilməsinə və bir mərkəzdən şəhər təsərrüfatının idarə olunmasına keçid lazımdır. Çünki son yağışlar da göstərdi ki, bir mərkəzdən bir məntiqlə idarə olunmur. Bakı Şəhər İcra Hakimiyyətinin lazımi səviyyədə səlahiyyətləri də yoxdur ki, bütün problemləri özü həll etsin. Ona görə də düşünürəm ki, islahatların vaxtı çoxdan çatıb. Konstitusiya və suverenlik ili olduğunu da nəzərə alsaq, bu il əsas qanunda dəyişiklik etməklə inzibati idarəetmədə yeni qaydalar yaratmaq mümkündür”. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol