İsrailin iyunun 13-də, sübh açılmamış İrana zərbələr endirməsinin detalları heyrət doğurur: Hələ dünən axşam saatlarında SEPAH-ın – İranın ən elit, ən güclü, hərbi təchizat baxımından ən hazırlıqlı və hərbi-iqtisadi imkanlarına görə “ayrıca dövlət” olan SEPAH-ın komandiri Hüseyn Salami yerli agentliklərə açıqlama vermiş, İsrailin “bir neçə günə hücuma keçəcəyi” barədə məlumata reaksiyasında müharibəyə tam hazır olduqlarını elan etmişdi!
İsrail ilk zərbədəcə Salamini öldürə bilir – həm də öz evində, yatdığı yerdə!
Hələ dünən İran ordusunun Baş Qərargah rəisi Bagiri İsrailə meydan oxumuş, hər hansı yanlışın cavabının çox sərt şəkildə veriləcəyini bildirmişdi – eyni vəziyyətdə, öz evində, hücumun ilk dəqiqələrində öldürüldü...
İsrail bir ölkənin – indiki kontekstdə İranın – hərbi strukturunun əsas simalarını bircə zərbə ilə aradan götürdü!
Bu, sadəcə inanılmazdır və görünür, bütün dünya, o cümlədən İran İsrailin imkanlarını düzgün təsəvvür edə bilmir!
İsrail İrandan ərazi baxımından 100 dəfə kiçikdir!
İsrail İrandan əhali baxımından 10 dəfə kiçikdir!
İsrailin təbii sərvətləri İranla qətiyyən müqayisə edilə bilməz!
İsrail onillərdir onu qəbul etməyə “düşmənlərin” əhatəsindədir!
İran isə din və təbii sərvətlərin verdiyi zənginlik içərisində bir neçə ölkəni təsir dairəsinə salmağı bacarmışdı – proksiləri ilə Yaxın Şərqdə meydan oxuyurdu!
Cəmi 1,5 ilə - 7 oktyabr 2023-cü ildən başlayan hücumla İsrail İranın bütün proksiləri darmadağın etməklə məşğuldur və İranın hədələrinə qarşı iki dəfə “xəbərdaredici” zərbələr endirmişdi!
İsrail HƏMAS lideri İsmayıl Haniyəni Tehranda öldürməyi bacaranda hansı imkanlara sahib olduğuna işarə etmişdi. Tehran prezident andiçməsinə gələn qonağını qorumağı bacarmamışdı və bu, faktiki olaraq bir ölkəyə qarşı “müharibə aktı” sayıla biləcək addım idi.
Amma bu hücum – Baş Qərargah rəisi, SEPAH komandiri, nüvə alimləri və strateji nüvə obyektlərinin bir gecədə vurulub-məhv edilməsi Təl-Əvivin İranı, onun bütün infrastrukturunu nəzarətdə saxladığı, ən məşhur simalarını “evinə qədər” izlədiyini göstərdi!
İnanılmaz gücdür: bir ölkənin Baş Qərargah rəisi faktiki hədələr müqabilində, rəsmi ABŞ-ın Yaxın Şərqdəki bütün hərbi bazalarını ən yüksək döyüş hazırlığına gətirdiyi bir gündə, bütün beynəlxalq medianın yaxın bir-iki gündə hücum olacağı haqda məxfi mənbələrə istinadla məlumat yaydığı halda necə öz evində gedib rahat yata bilər?
Bu ölkənin hərbi gücünə cavabdeh şəxslərin hansı gün harada gecələdiklərini İsrail dəqiqliyi ilə necə bilə bilər?
İsrail necə nöqtə atəşi ilə əsas hərbi komandirləri və nüvə texnologiyasını çiynində daşıyan alimləri bir saat ərzində aradan götürə bilər?
İsrail – bu İrandan 100 dəfə balaca ölkə Yaxın Şərqə meydan oxuyan İranı büsbütün sardığını sübut etdi.
İran və bütün dünya bu gücü gördü!
Əlbəttə, İsrailin arxasında ABŞ dayanır, xüsusilə indi, İranın cavab zərbəsi gözlənildiyi zaman artıq ABŞ və Britaniyanın Yaxın Şərqdəki qüvvələrinin tam hazırlıq vəziyyətinə gətirildiyi, qırıcıların qaldırıldığı və zərbənin dəf edilməsində İsarilə yardım edəcəkləri rəsmən elan edilib.
Ancaq kim nə deyir-desin, İsrail 7 oktyabrdan bəri müharibələri tək aparır, İrana zərbə endirən də İsrail özüdür!
- Ərdoğan İlham Əliyevə zəng etdi: İsrail müzakirəsi...
- Azərbaycanın hərbi gəmiləri yola düşdü - Foto
- İlham Əliyev Britaniya Kralını təbrik etdi
- İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət... - Bayramov
- Bakıdan Təbrizə aviareyslər bu tarixədək ləğv edildi – Rəsmi
- Bayramov Arakçı ilə danışdı
- Yaxın Şərqdən gələ biləcək yeni sunamilərə hazır idik!
- İranın raketlərinin 25%-i İsrail müdafiəsini keçə bilib