“Hamı istəyir ki, sosial şəbəkədəki xanımlar kimi görünsün...” - Videomüsahibə

08:00 - 4 İyun 2026 - GÜNDƏM

 “Hamı istəyir ki, sosial şəbəkədəki xanımlar kimi görünsün...” - Videomüsahibə

Tibb üzrə fəlsəfə doktoru, cərrah Səkinə Xudiyeva “BUTA.TV”nun suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Neçə ildir əməliyyatlar icra edirsiniz? 

- 2008-ci ildə Tibb Universitetini bitirdikdən sonra, 2010-cu ildən iş fəaliyyətinə başlamışam və 2012-ci ildən demək olar ki, cərrah kimi fəaliyyət göstərirəm. Hazırda 10 elmi məqaləm, bir elmi kitabım var. Tibb üzrə fəlsəfə doktoruyam. Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra dosenti olmuşam və bu illər ərzində, aparıcı cərrah kimi işləmişəm. 

Bu xəbər hal-hazırda çox oxunur
10 min oğurladı - O pula brend geyimlər aldı

- Sizə ən çox hansı əməliyyatlarla bağlı müraciətlər olur?

- Bildiyiniz kimi, mən Həkimləri Təkmilləşdirmə İnstitutunda Plastik Rekonstruktiv Cərrahiyə klinikasının şöbə müdiri işləmişəm. Bu işə başladığım andan plastik cərrah kimi fəaliyyət göstərmişəm. Həmin dövrlərdə 2 plastik cərrahın elmi rəhbəri olmuşam. Plastik cərrah kimi ixtisaslaşmışam, abdominoplastika, sinə kiçiltmə, böyütmə, blefaroplastika, qol gərmə, liposaksiya - fəaliyyətim bu əməliyyatlar üzərindən olub. Demək olar ki, on minlərlə əməliyyatım olub. Doktorluq dissertasiyam var və hazırda da davam edir. Plastik cərrahiyyədən əlavə, ümumi cərrah olduğumdan, ümumi cərrahi əməliyyatlar da icra edirəm. 

- Bəs pasiyentləriniz kimlərdir? Ən çox hansı yaş aralığında sizə üz tuturlar?

- Mənim üçün sevindirici haldır ki, qadın ümumi cərrah olmuşam. Mentalitetimizə uyğun olaraq mənə qadınlar müraciət edirdi. Hətta hicablı xanımlar daha çox müraciət edirdi və hərdən deyirdim ki, mən ev xanımları ilə işləyirəm. Qadın komandam var idi, anestezioloqumuz, bütün işçilər qadınlardan ibarət idi. Bəylər də xanımlarını çox rahat şəkildə bizə həvalə edə bilirdilər. Qadınlar özləri deyirdilər ki, doktor, biz elə bilirik, siz bizim arzularımızı yerinə yetirəcəksiniz. Çünki siz də bilirsiniz ki, nə istəyirik, arzularımızı sizinlə həyata keçirə bilirik. Bu cəhətdən xanımlarla çox işləmişəm.

Hər yaşda müraciətlər var, əməliyyatlar elədir ki, bununla xanımların özgüvəni bərpa olunur. Bu baxımdan hətta 18 yaşından 60 yaşına qədər olan xanımlar bizə müraciət edir. Əlbəttə ki, ailə qurduqdan, övlad dünyaya gətirdikdən sonra daha çox müraciət edirlər.

- 18 yaş dediniz, bəs plastik əməliyyatlar üçün müəyyən yaş məhdudiyyəti varmı? Yəni yaşa görə əməliyyatdan imtina etmək olar?

- İşlədiyim dövrdə ən çox sinə kiçiltmə üçün böyük sinəli pasiyentlər mənə müraciət ediblər. Yaşı 18-dən yuxarı xanımları hətta öz anaları bizə əməliyyata gətirir ki, həddindən artıq böyük sinələri var, pasiyent utanır. Deyirdilər, doktor, instituta qəbul olunub, utandığından dərsə gedə bilmir. Evdən bayıra çıxmır, demək olar ki, sosial həyatı sıfırlanıb. Bu baxımdan sinə kiçiltmə əməliyyatları daha çox olub, yəni 18 yaşdan sonra bu əməliyyatlara daha çox müraciət eləyiblər. Amma dediyim kimi, digər əməliyyatlar da - qarıngərmə, bədən ölçüsünün kiçildilməsi əməliyyatları üçün də daha çox xanımlar müraciət eləyirlər.

- İndi xanımlar bütün bədən şəkilləndirməsi edirlər, eyni vaxtda bəzən bir neçə əməliyyat - liposaksiya, mamoplastika və s. icra olunur. Necə hesab edirsiniz, bu əməliyyatların eyni vaxtda edilməsi nə dərəcədə düzgündür? Ümumiyyətlə, maksimum neçə əməliyyatı eyni vaxtda icra etmək olar?

- Bu, pasiyentdən asılıdır, yəni fərdi yanaşma olmalıdır. Əlbəttə ki, bizə yaxınlaşanda xanım istəyir ki, birdən-birə bütün əməliyyatları icra eləsin. Mən Daşkəndə - Özbəkistana gedirəm, orada da pasiyentlər bu fikirlə bizə yaxınlaşırlar. Onlarda qadınlar 30 yaşda 4-5 övlad dünyaya gətirirlər və xanımların demək olar ki, bədən quruluşu tam deformasiya olunur. Qarın nahiyədə sallanma, sinə sallanması olur. Gələn zaman “bütün əməliyyatlar olunsun, mən tam 18 yaşında olduğum kimi görünmək istəyirəm” deyirlər. Əlbəttə ki, müayinələrdən sonra qərar veririk ki, hansı əməliyyatları icra etmək olar. Yəni belə bir protokol yoxdur ki, pasiyentə 4 əməliyyat icra edə bilərsən, beşinci qadağandır və yaxud da 3 əməliyyat edə bilərsən, dördüncü qadağandır. Analizlər verirlər, ondan sonra biz baxırıq, hər hansı bir göstəricidə dəyişikliklər varsa, əlbəttə ki, o göstəriciləri aradan qaldırdıqdan sonra konsultasiya edirik. Anestezioloqun da konsultasiyası olur, çünki bu əməliyyatlar bir qrup şəklində icra olunur. Əgər orqanizmin bu əməliyyatları götürə biləcək durumu varsa, 2-3 əməliyyat icra edə bilirik.

- Sizə hamiləlikdən sonra əzələ sallanması ilə bağlı müraciətlər olunur. Bədəndən hansısa miqdarda piyin çıxarılması ilə bağlı norma var, yoxsa bu bədən çəkisinə görə tənzimlənir?

- Əlbəttə ki, çəki ilə tənzimlənir. Mənə elə gəlir, hər bir həkimin nə qədər piy çıxaracağı ilə bağlı özünə qoyduğu qadağalar var. Əlbəttə, mən də bir həkim olaraq istəyərəm ki, öz pasiyentimdə birdən-birə çox gözəl nəticə versin. Amma olarmı? Yəni 5 litr çəkdin, 10 litr çəkdin və yaxud da bədəndən 10 kilo toxuma çıxardın... Bədən indeksi var, bu, ona uyğun gəlməlidir. Çünki birdən-birə pasiyentə maye itkisi verə bilməzsən, birdən-birə toxumanın xaric olunmasından sonra onda baş verəcək fəsadları yarada bilməzsən.

Əlbəttə, hamı bir-birinə bənzəmək istəyir. Hamı istəyir ki, sosial şəbəkədə gördüyü xanımlar kimi görünsün. Dediyim kimi, fərdi yanaşma olmalıdır. Çəkidən asılı olaraq, yaş həddinə görə yanaşma olmalıdır. Əlbəttə, hamiləlikdən sonra əzələ boşalması olur. Bu hamıda olurmu? Xeyr. Bəzən xanım gəlir ki, 3 hamiləlikdən sonra bədənim deformasiya olunub. Amma 3 hamiləlik keçirmiş xanımlar tanıyırıq ki, bədənində heç bir deformasiya yoxdur və çox gözəl bədən quruluşuna sahibdir.

Əgər hamiləlik keçirmiş pasiyentlərdə diastazın, yəni əzələnin boşalması varsa, bu zaman qarnın bir önə durmuş görüntüsü baş verir. Nə qədər qarnını yığsa da, nə qədər idman etsə də, pəhriz saxlasa da, bu görüntünü aradan qaldıra bilmir. Bu biz xanımların ən böyük kompleksidir. Həmin görüntünü, əlbəttə, əməliyyatla aradan qaldıra bilirik. Qasıqüstü nahiyədən kiçik kəsim edirik. Tam əzələ boyu olaraq, həmin o diastazı sorulmayan sapla tikirik və istədiyi o dümdüz qarını yarada bilirik.

- Bəs hamıda eyni nəticə alınır, yoxsa bütün pasiyentlərdə eyni olmur?

- Əlbəttə, eyni olmur. Biz pasiyentlərə bunun izahını da veririk ki, yəni bu, skeletindən, genindən, yediyin qidalardan, hormonlardan asılıdır. Eyni tip görüntünü, eyni bədən quruluşunu biz bəzən sizə verə bilməyə bilərik. Öncədən yoxlayırıq, bunların bərpası ilə məşğul oluruq. Genə heç nə eləyə bilməyəcəyik, amma hormonal dəyişiklikləri tənzimləyə bilərik. 

Bəzən də xanımın qarnında həddindən artıq köpmə olur. Biz onu yönləndiririk terapevtə, müalicə olunur, sonra əməliyyat edirik. Çünki bu görüntü ilə yenidən rastlaşa bilərik. Dediyim kimi diastazı tikərik, artıq dəri və dərialtı toxumasını götürərik, amma əməliyyatdan 4-5 ay sonra yenə də xanım həmin şikayətlərlə bizə qayıda bilər. Bu terapevtik problem aradan qaldırılandan sonra bizim ona edəcəyimiz əməliyyat daha düzgün olacaq.

- Bəzən həmkarlarınız tərəfindən icra edilmiş, xüsusən də plastik cərrahlara aiddir, hansısa əməliyyatdan sonra müəyyən fəsadlar ortaya çıxır. Xoşagəlməz hallar, ölüm halları ilə üzləşirlər. Sözsüz ki, tibbi əməliyyatda risk mütləq var. Amma bəzən bir əməliyyatdan sonra həkimin bütün karyerasının üstündən xətt çəkilir. Belə hallar da var. Bunlarla bağlı nə deyə bilərsiniz?

- Bəli, belə hallar çoxdur. Açığı deyim ki, biz həkim olaraq pasiyentləri bölürük. Hansı pasiyenti əməliyyat eləyə biləcəksən və o sənə gələcəkdə nə narahatlıq yaradacaq. Mən pasiyentə izah edirəm ki, mən səni əməliyyat eləyəcəyəm. Amma dümdüz qarın istəyirsənsə, bu qarnı əldə eləmək üçün sən də mənə kömək etməlisən. Bir əməliyyatla mən sənin diastazını yığacağam. Diastazı həddindən artıq yığaramsa, orqan çatışmazlığı yaranar. Yəni sənin qarındaxili təzyiqin çoxdursa, mən onu həddindən artıq yığsam, ağciyərlərinə və ürəyinə yüklənmə olacaq. Biz buna poliorqan çatışmazlığı deyirik. Qarındaxili təzyiq nə qədər icazə verirsə, mən o dərəcəyə qədər qarnı yığıram. Bəzən qarının ön divarı həddindən artıq piyli olur. Mən onun  piylənməsini aradan götürmürəm, çünki onu altdan kəssəm, qidalanmanı tam pozacağam və nekrozlara səbəb olacaq. Bu izahı pasiyentə verirəm ki, səndə nekroz olmasın deyə mən sənə edəcəyim əməliyyat bu dərəcədə olacaq. Əgər daha çox çəki itirsən, piylənməni aradan qaldırsan və ya əməliyyatdan öncə liposaksiya elətdirsən, o dümdüz qarnı əldə eləyə bilərsən. 

Yaxud da sinə kiçiltmə, dikləşdirmə əməliyyatından sonra az miqdarda boşalma olacaq. İllər keçdi, hamilə qaldın, sinədə az miqdarda da olsa deformasiya olacaq. Hamiləlik zamanı yenə şişəcək, yenə kiçiləcək. Pasiyentə bunu izah eləyirik. Mənim bir pasiyentim var, mədəkiçiltmə əməliyyatından sonra yanıma gəldi və mən onun dəri və dərialtı toxumasını tam olaraq yığdım, tam nəticə aldım. İllər keçəndən sonra pasiyent mənə yaxınlaşıb, 20 kilo alıb, bədəndə həddindən artıq böyümə var. Tikişlərdə açılma, genişlənmə var və pasiyentə izah eləyirsən ki, sən həddindən artıq çəki aldığından belə bir deformasiya olub. Bundan sonra şikayət edib həkimin üstünə gəlir ki, 4 ildən sonra niyə belə nəticəm olub, məni necə əməliyyat eləmişdin ki, belə oldu? Burada, əlbəttə, həkimin heç bir günahı yoxdur. Bu gün həkimlər bu tip pasiyentlərdən əziyyət çəkirlər. Biz həkimlər bilmirik ki, burada nə edək, necə özümüzü qoruyaq. Qoruyacaq bir qüvvəmiz yoxdur.

- Sinə kiçiltmə, sinə böyütmə əməliyyatlarından danışdınız. Bu, hamiləlikdə hansısa problem, risk yarada bilirmi xanımlar üçün?

- Sinə böyütmə əməliyyatlarında ciddi bir risk görmürük. İmplant əzələ altına qoyulur və demək olar ki, sinədə heç bir narahatlığımız olmur. Pasiyentləri hamiləlikdən sonra ən çox narahat eləyən süd verə bilməsidir. Südvermə prosesini tam rahat şəkildə icra eləyə bilirlər. 7-8 il öncə əməliyyat icra eləmişəm ki, pasiyent hamiləlikdən sonra tam şəkildə süd verə bilib.

Sinə kiçiltmə əməliyyatlarında südvermə azalır. Çünki adından da göründüyü kimi, sinəni kiçildirsən. Sinəni kiçildən zaman istər-istəməz biz süd vəzisinə toxunuruq, az miqdarda axacaqlardan götürürük və axacaqlar azalır. Bu xanımlarda südvermə azala bilər. Amma bu əməliyyatdan sonra südvermə olmayacaq deyə bir şey yoxdur. 

- Son vaxtlar qadınlar xərçəng riski səbəbindən süd vəzilərini əməliyyat etdirərək çıxarırlar. Bu təhlükənin qarşısını ala bilirmi?

- Genetik olaraq sinədə onkoloji bir risk varsa, dünya ulduzları belə əməliyyatlar icra eləyir. Amma bizdə onu icra eləmək dəbdə deyil. Çünki bu psixoloji olaraq xanımı tam rahatlandırmaz. “Mən gələcəkdə xərçəng ola bilərəm” yox, bu olmalıdır, ondan sonra əməliyyat icra olunmalıdır. Orada bir kiçik bir hüceyrə görməsələr, sinənin götürülməsi haqqında düşünməyəcəklər. Hər halda, xərçəng hüceyrəsi görüntüsü varsa, əlbəttə ki, sinənin götürülməsi daha məqsədəuyğundur. 

Mənim yanıma gələn pasiyent sinə kiçiltmə və yaxud da sinə böyütmə əməliyyatı istəyirsə, mən mütləq olaraq onu analizə, USM müayinəsinə göndərirəm. O müayinədə şübhəm varsa, mammoloqa göndərirəm. Tam olaraq zəmanət əldə edirəm ki, mənim icra eləyəcəyim əməliyyat sahəsində heç bir xərçəng hüceyrəsinə aid olacaq durum yoxdur. Ondan sonra o əməliyyatı icra edirəm. Əməliyyatdan sonra da ildə bir dəfə müayinədən keçirlər. 

Sosial şəbəkəyə diqqət yetirsəniz, görərsiniz ki, o qədər böyük - giqant sinələr əməliyyat eləmişəm. Bəlkə də, mənim qədər çox əməliyyat edən yoxdur. Patoloji piy toxumalarını əməliyyat eləməklə sən xərçəngin də qarşısını almış olursan. 

- Bakıda son vaxtlar plastik əməliyyat etdirən xanımların hamısı bir-birinə oxşayır. Burunlar eyni, şişirdilmiş dodaqlar... Həm cərrah, həm də sadəcə bir xanım kimi sizin bu əməliyyatlara münasibətinizi öyrənmək istəyərdim.

- Bilirsiz ki, mən illərdir bu işlə məşğul olmuşam. Hər zaman yaxınlaşanda deyirəm ki, mən böyütmə əməliyyatlarını bacarmıram. Söhbət sarğı nahiyəsindən, yəni popo böyütmədən gedir. Mən təbiiliyi sevirəm, öz pasiyentlərim bilir ki, təbii, düzgün formanı sevən doktor olmuşam, elə də davam eləyirəm. Amma doğal görüntü 2026-cı ilin dəbidir. Fikir versəniz, xanımlar da az-az bu xətt üzərindən getməyə çalışırlar, axır zamanlar heç kim o böyüdücü əməliyyatlara getmir.

Bədənin ideal formaya salınması, artıq dəri toxumasının götürülməsi, bədənin düzgün şəkildə şəkillənməsi əməliyyatlarına üstünlük verirlər. Bundan sonra yəqin ki, xanımlarda daha təbii, daha düzgün bədən quruluşu, daha düzgün dodaqlar görəcəyik. Hərdən mənə deyirlər ki, doktor, siz niyə bu əməliyyatlardan özünüzə elətdirmirsiniz? Mən həmişə doğallığı gözəllik kimi görürəm.

- Bilirik ki, təxminən 20-30 il əvvəl açıq icra olunan əməliyyatların çoxu indi laparoskopik cərrahiyyə ilə edilir. Bəs laparoskopiyanın avantajları və disavantajları hansılardır? Ola bilərmi ki, gələcəkdə nə vaxtsa bütün əməliyyatlar tamamilə minimal invaziv yolla icra olunsun, ənənəvi cərrahiyyədən imtina olunsun? 

- Nə qədər ki, pasiyentlər səhlənkar olacaqlar, açıq cərrahiyyə hər zaman olacaq. Amma mini-invaziv cərrahiyyə, cərrahiyyənin müasirləşməsi deməkdir. Laparoskopik cərrahiyyə Azərbaycana gələndə hamı deyirdi ki, lazer şüaları yandırır, qaraciyərə təsir edir. Sonrakı dövrlərdə hamı üstünlük verdi ki, laparoskopla icra etsinlər. Hazırkı dövrdə bu, plastik cərrahiyyədə də özünü göstərir. Əvvəlki dövrdə adicə lipomanı xaric etmək üçün kəsiklər icra olunurdu. Amma indi mini-invaziv üsul çıxdı, liposaksiyalar dəbə düşdü.

Liposaksiyalar zamanı isə biz lipomatik cihazdan istifadə edirik. Həmin o piyi liposaksiya edib, heç bir kəsik atmadan balaca bir dəlik açmaqla, lipomanı aradan qaldıra bilirik. Pasiyent öz iş həyatına dərhal dönür. 

Açıq cərrahiyyədə isə pasiyent bir həftə tərpənə bilmirdi, yataq rejimi olurdu, tikiş sökülürdü, “obrabotka” olunurdu. Bu biz cərrahları da, pasiyentləri də azad elədi ki, tam rahat şəkildə əməliyyatları icra edək. İndiki dövrdə də demək olar ki, üzgərmə əməliyyatları endoskopik yolla, mini-invaziv yolla icra olunur. Ən çox da qaşqaldırmalara aiddir. Düzdür, hələ üz nahiyəsinə gəlib çıxa bilməmişik, amma yəqin ki, gələcəkdə onlarda da istifadə olunacaq. Hazırda bütün dünya cərrahları bunun üzərində çalışır ki, laparoskopik yolla biz diastazı yığaq, böyük bir kəsim atılmasın. Dəridə sallanma, boşalma, piylənmə yoxdursa, sırf diastazı aradan qaldırmaq üçün bundan istifadə edirik. Hazırkı dövrdə yırtıqların əməliyyatı demək olar, laparoskopla icra olunur. 

- Yəni tam olaraq avantajlıdır.

- Bəli, avantajlıdır və bu avantajdan da bizim xalqımız, həkimlərimiz və pasiyentlərimiz istifadə edir.

- 15 ilə yaxındır cərrahi əməliyyatlar icra etdiyinizi bildirdiniz. Bəs daha ürəyinizcə olan əməliyyat varmı ki, xüsusi həvəslə girirsiniz o əməliyyata?

- Mən sizə deyim ki, öncə sevmədiyim əməliyyatları indi sevməyə başlamışam. Mən özüm o əməliyyatı, görüntünü sevməliyəm. Əgər görüntü özümə xoş gəlirsə, bilirəm ki, pasiyenti də qane edəcək. Əməliyyatdan sonra pasiyent ayılana kimi öz işçilərim də bilir ki, 5-10 dəqiqə özüm ora baxış keçirirəm, görüm mən nə etdim. Çünki xanımlar, ən çox xanımları deyirik, düzdür, indiki dövrdə kişilər də bu əməliyyatları sevirlər - özünü necə hiss eləyəcək? Özgüvəni artacaqmı? Bu baxımdan “hansı əməliyyatı çox sevdim?” sualına deyərdim ki, sinə kiçiltmə əməliyyatını. Sinə böyüdən zaman da sevinirlər, amma kiçiltmə əməliyyatları daha çox pasiyentdə özgüvən yaradır. Sanki sevincləri artır, istəklərinə qovuşurlar. Çünki o çiyinə ağrılıq verir, dəridə, dəri altında qıcıqlanmalar, qaşınmalar yaradır, ürək sıxıntıları, təngnəfəslik verir. Bu əməliyyatla birdən-birə 4-5 narahatlıqdan azad olurlar. Daha çox həm sağlamlıq, həm psixoloji, həm ruhi cəhətdən rahatlıq yaradır deyə mən o əməliyyatları sevməyə başlamışam.

- Kişi pasiyentləriniz də dediniz olur. Onlar ən çox hansı əməliyyatları istəyirlər?

- Kişilər daha çox qarından, dərinin altına yığılan piydən şikayətlənirlər. Amma kişilərdə bu əməliyyatı kəsimlə yox, mini-invaziv yolla icra eləmək daha məqsədəuyğundur. Çünki onlarda qarındaxili təzyiq çox olur, dəri sallanması demək olar ki, olmur. Bir də axır zamanlar kişilərdə sinə böyümələri çox olur. Bu da yəqin ki, hormonal fonda olur, idmanla əlaqəli xüsusi dərmanlardan ola bilər. İllər keçdikcə hormonal fonda böyümələrlə bağlı pasiyentlər artır. Bu, yetkinlik yaşında çox olur. Amma 18 yaşdan sonra, yəni 20-25 yaşa qədər pasiyentlər arasında, demək olar ki, bu əməliyyatların sayı artıb.

- Bir də pasiyentlərinizlə bağlı soruşmaq istəyərdim. Ən gənc və ən yaşlı pasiyentlərinizi xatırlayırsızmı?

- Ən çox mənim xatirimdə 18 yaşında əməliyyat olunan pasiyentim qalıb. 18 yaşı tamam olandan bir həftə sonra anası qızını yanıma gətirib. Onun həddindən artıq böyük – giqant sinəsi olub. Balaca bel, sümük xırda, amma giqant sinə... Mən onu əməliyyat eləyəndən sonra, onun üzündə olan o sevinc hissini heç vaxt unutmuram. “Azad elədiniz məni. Mən özümü çox xoşbəxt hiss eləyirəm. Bəlkə də, həyatda ilk dəfədir ki, bu qədər özümü xoşbəxt hiss edirəm” deyirdi. 

Bir də bir 62 yaşlı xanım pasiyentimiz var idi, biz ona implant qoyduq, sinə böyütmə əməliyyatı icra elədik. Deyirdi ki, hər zaman sinəsini böyütmək arzusu olub. Xanımın bütün göstəriciləri bizə uyğun gəldi - kardioloq, rentgen, qan analizi verdik, anestezioloqun baxışı oldu və biz bu əməliyyatı icra elədik. Ondan sonra onun üzündə olan o təbəssümü də mən heç vaxt unutmaram. Biz onun illər ərzində ən böyük arzularını həyata keçirdik.

- Bəs əməliyyatdan sonrakı çapıqlarla bağlı nə deyə bilərsiz? Olurmu ki, çapıqla bağlı problem yaranır və sizə müraciət edirlər?

- Hazırda əməliyyatdan sonrakı çapıq bütün cərrahların ən yaralı yeridir. Çünki bütün pasiyentlər “əməliyyatdan sonra çapıq necə qalacaq?” sualını verir. Birinci sualım o olur ki, bədəninizdə çapığınız varmı? Çapıq varsa, o çapığa baxıram və məlumat verə bilirəm ki, hə, sənin də çapığın bu tərzdə qalacaq. Çapıq yoxdursa da pasiyentə bütün məlumatları veririk. Mən əməliyyat icra etdiyimiz skalpeldən tutmuş sapa qədər hər şeyə diqqət yetirirəm. Çox kiçik skalpeldən istifadə edirəm ki, lap nazik olsun. Nazik skalpel çox az xətt qoymuş olur. Saplara diqqət yetirirəm, bəzən klinikada deyirlər ki, doktor ən bahalı saplardan istifadə eləyir. Çünki bahalı sap dediyimizin tərkibində kollagen var. Çapıq izi qoymayan, antiallergik saplar imkan verir ki, gələcəkdə dərin çapıq izi qalmasın, keloid verməsin. Keloid dərinin qabarması deməkdir. Amma keloidinin olmasını pasiyent bilmirsə, əməliyyatdan sonra o yara keloid verəcəksə, bax onda ən böyük problem yaranır. Dəridə olan o deformasiyanı qəbul eləyə bilmir. Burada həkimin günahı varmı? Əlbəttə ki, yoxdur, bu, dərinin verdiyi bir xüsusiyyətdir.

Ümumiyyətlə, kollagen sintezinin çox olması da, az olması da bizim üçün problemdir. Çox olacaqsa, dəridə aralanma, sanki cırılma baş verəcək, qızartı olacaq. Az olacaqsa, şişmələr baş verəcək.

Müasir dövrdür, silikonlardan istifadə edirik, yara üzərinə vururuq, qəti olaraq çapıq verməsin. Lazer “şlifovka”ları var, onlardan istifadə edirik. Çapıqlaşmamız düzgün olsun, hətta itsin.

Gülnar Əliyeva

Foto-Video: Pərvin Zeynal



Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol