Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video

19:39 - 1 Avqust 2026 - GÜNDƏM

 Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video

Ötən gün Göyçay rayonu ərazisində Şirvan kanalının yarılması nəticəsində baş verən fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

BUTA.TV xəbər verir ki, bu barədə Azərtac-a Şirvan Suvarma Kanalının İstismarı İdarəsinin rəisi Əliqulu Abbasov məlumat verib.

Onun sözlərinə görə, kanalın yarılması nəticəsində su əsasən kənd istiqamətinə deyil, yaxınlıqdakı qobu adlanan dərin çökəkliyə yönəlib. Bununla yanaşı, su Göyçay rayonunun Mallı-Şıxlı kəndi ərazisində yerləşən otlaq, bağ və əkin sahələrini su altında qoyub. Həmçinin 5 fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub.

Hadisə baş verən andan etibarən əraziyə idarənin əməkdaşları və xüsusi texnika cəlb olunub. Kanalın yarılan hissəsində suyun qarşısının alınması və vəziyyətin nəzarətə götürülməsi məqsədilə gecə boyu təxirəsalınmaz tədbirlər həyata keçirilib.

İdarə rəisi bildirib ki, bu gün səhər saatlarınadək suyun təsiri nəticəsində yuyulub uçan torpaq yatağı yenisi ilə əvəz olunub, bərkitmə işləri aparılıb və suyun axını tam dayandırılıb. Hazırda həmin hissədə möhkəmləndirmə tədbirləri davam etdirilir.

Hazırda Mallı-Şıxlı kəndində aidiyyəti qurumların əməkdaşları tərəfindən həyətyanı sahələrə dolmuş suyun kənarlaşdırılması, ərazinin təhlükəsiz vəziyyətə gətirilməsi və dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında Şirvan kanalının Göyçay rayonunun Şahadət-Qarabağlar kəndi ərazisindən keçən hissəsində baş verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol