Erkən evlilik təkcə qanun pozuntusu deyil, bir uşağın gələcəyinin əlindən alınması deməkdir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
Onun sözlərinə görə, Ağdaşda yetkinlik yaşına çatmayan şəxsin erkən evliliyə cəlb olunmasına cəhd edilməsi ilə bağlı daxil olan məlumat əsasında aidiyyəti qurumlar operativ tədbirlər həyata keçirib. Belə ki, araşdırma nəticəsində qızın 17 yaşında olduğu müəyyən edilib və planlaşdırılan toy mərasimi təxirə salınıb:
"Təəssüf doğuran məqamlardan biri isə öz övladının hüquqlarını pozmağa çalışan şəxslərin bu halı işıqlandıran media nümayəndələrinə qarşı aqressiv davranması, onların çəkiliş aparmasına mane olması və kameralarına müdaxilə etməsidir. Media əməkdaşlarına qarşı zorakı davranış nə baş verənləri dəyişir, nə də qanun qarşısında məsuliyyəti aradan qaldırır. Əksinə, bu cür hərəkətlər hüquqi məsuliyyəti daha da ağırlaşdıra bilər".
Komitə rəsmisi valideynlərə müraciət edib: "Valideynlər unutmamalıdırlar ki, övladı vaxtından əvvəl ailə qurmağa məcbur etmək ona xoşbəxt gələcək qazandırmır. Əksinə, onun təhsil almaq, inkişaf etmək, peşə sahibi olmaq və müstəqil həyat qurmaq imkanlarını əlindən alır. Erkən evlilik qız uşaqlarının fiziki və psixoloji sağlamlığı üçün ciddi risklər yaradır, onların həyatını və gələcəyini təhlükə altına qoyur.
Övladlarımıza verə biləcəyimiz ən böyük hədiyyə erkən evlilik deyil, keyfiyyətli təhsil, təhlükəsiz mühit və seçim hüququdur. Unutmayaq ki, Azərbaycan qanunvericiliyinə əsasən nikaha daxilolma yaşı 18-dir və bu tələbin məqsədi uşaqların hüquq və mənafelərini qorumaqdır. Gəlin, övladlarımızın gələcəyini qorumaq üçün birlikdə məsuliyyətli olaq".
- Azərbaycanda bu məşhur məkana giriş pullu oldu - Video
- Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
- Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik...
- "Əhmədli"də küçə satıcıları yığışdırıldı - Video
- Azərbaycanda vergi borcları 4 milyardı ötdü
- Toyu çəkən İTV əməkdaşlarına hücum edildi - Video
- Məşhur şadlıq sarayı 2,5 milyona satışa çıxarıldı - Foto
- Ravil Tağıyev vəzifəsindən azad edildi