Kılıçdaroğlu ilə bağlı şok faktlar - VİDEO

11:12 - 22 May 2023 - DÜNYA

 Kılıçdaroğlu ilə bağlı şok faktlar - VİDEO

Artıq 13 ildir CHP-yə sədrlik edən Kamal Kılıçdaroğlunun hazırki və bundan əvvəlki seçki proseslərində qələbə qazanmaq üçün keçmiş HDP, indiki YSP və PKK-ya yaxın qüvvələr ilə ortaqlığı gündəmdədir.

BUTA.TV Türkiyənin “Haber7” xəbər portalının yazarı Zəkəriyya Sayın “Bozqurd Kamalın qaranlıq keçmişi” adlı faktoloji məqaləsini təqdim edir:

“2010-cu ilin may ayında siyasi dühasıyla yox, “kaset”lə Cümhuriyyət Xalq Partiyasının sədri olan Kamal Kılıçdaroğlu Türkiyənin partiyası olduqlarını sübut etmək üçün 23 may 2011-ci il tarixində Hakkaridə mitinq keçirdi. Kılıçdaroğlu tək bir Türkiyə bayrağının olmadığı mitinq meydanında iqtidara gələcəkləri halda yerli icra orqanlarına muxtariyyət verəcəklərini deyib. Sözügedən mitinqdən 19 gün sonra keçirilən parlament seçkilərində CHP Hakkaridən 1% belə səs toplaya bilmədi. Bundan cəsarətlənən PKK nəzarətindəki Demokratik Cəmiyyət Konqresi (DTK) 54 gün sonra özünü “muxtar” elan etdi.

Kılıçdaroğlunun PKK-nın siyasi qolu HDP ilə masaya oturma həmlələri 2014-cü ildə başladı. 7 yanvar 2014-cü ildə CHP-nin mənzil-qərargahında HDP-nin həmsədrləri Səbahat Tuncel və Ərtoğrul Kürkçünün də olduğu heyətlə keçirilən görüş ilk gizli ittifaq görüşü kimi tarixə düşdü. CHP sədri 20 oktyabr 2014-cü ildə “Biz YPG-ni terror təşkilatı kimi görmürük” dedi və YPG-nin olmayan “vətənini” qurtarmaq üçün təşkilatlanmış bir qurum olduğunu önə sürdü.

7 iyun 2015-ci il parlament seçkilərindən sonra CHP üzvü Şəfəq Paveyin Səlahəddin Dəmirdaşa dediyi “Təbrik edirəm, birlikdə yaxşı silkələdik” sözləri çox müzakirə edildi. CHP-yə yaxınlığı ilə tanınan Xalq Evləri sədri Oya Ərsoyun 8 fevral 2016-cı ildə dediyi “Gün - Fəratın iki sahilini Saraya (Ərdoğan nəzərdə tutulur – red.) qarşı birləşdirmə günüdür!” cümləsi ilə ilk dəfə ittifaq ifadəsi dilə gətirilməyə başlandı.

Xidməti avtomobilə sursat yükləyərkən cinayət üstündə yaxalanan HDP millət vəkili Faysal Sarıyıldızın toxunulmazlığının götürülməsi məqsədilə 20 may 2016-cı ildə keçirilən səsvermə Kılıçdaroğlunun maskasını yırtdı. Səsvermədə CHP millət vəkillərinin dörddə üçü “xeyr” səsini verdi, “ağ vərəqi” (TBMM-də ağ kart “xeyr”deməkdir – red.) kabinetdə yaddan çıxaran Kılıçdaroğlu “qırmızı vərəq”i qaldırıb, “rədd” səsini istifadə etdi.

Həmin günlərdə PKK terrorçularından “Barrikadalar quran dostlar” şəklində bəhs edən Kılıçdaroğlu yenə 2016-cı ildə qatıldığı bir televiziya proqramında “Biz həbsdə yatan PKK-çıların da yanına getdik, DHKP-C-liyə də getdik. Heç bir ayrı-seçkilik etmədik” etirafını dilə gətirdi. O, HDP-yə qarşı keçirilən əməliyyatlara etiraz edərək, “Seçki ilə gələn seçki ilə gedər” dedi. Kılıçdaroğluya bir-birinin arxasınca verdiyi açıqlamalar ilə etirazını bildirən Dövlət Baxçalı MHP-nin 22 noyabr 2016-cı ildə keçirilən qrup toplantısındakı çıxışında, “CHP-nin içinə HDP girib. CHP-dəki PKK qalıntıları bütün orqanizmi ələ keçirməyə başlayır” cümləsi isə qarşıda gözlənilən proseslərin xəbərini verdi.

16 aprel 2017-ci ildə keçirilən konstitusiya dəyişikliyi referendumu CHP və HDP-nin birlikdə hərəkət etməyə başladığı ilk səsvermə oldu. Prezidentli respublika sisteminə qarşı çıxan hər iki partiya 2017-ci ilin fevralında Berlində birlikdə panel keçirdi və çiyin-çiyinə “xeyr” təbliğatı apardı. Referendumdan 27 gün öncə Türkiyəyə gələrək FETÖ, PKK, HDP və CHP-nin əl-ələ verərək apardığı kampanyaya dəstək verən Almaniya millət vəkili Klaudiya Rotun da həmin vaxtda Maral Akşənər kimi əlinə “xeyr” yazması gizli ittifaqın genişlənməyə başlanmasının ilk siqnalı oldu.

2014-cü ildə HDP heyətini CHP mənzil-qərargahında qəbul edən Kılıçdaroğlu qarşılıq olaraq 2017-ci ilin iyun ayında HDP-ni ziyarət etdi. CHP sədri sözügedən görüşdə Serpil Kamalbay, Fatma Qurtulan və Sırrı Sürəyya Öndər ilə müzakirələr apardı. Dərhal sonra isə “Ədalət Yürüşü”nə başlayan Kılıçdaroğlu HDP rəhbərliyi ilə birlikdə addımladı. Hətta HDP həmsədri Pərvin Buldan yürüşün Səlahəddin Dəmirdaşın məhkum olduğu Ədirnə həbsxanasınadək davam etməsini istədi.

24 iyun 2018-ci il seçkilərində isə HDP-nin minimum həddi keçməsi üçün CHP fəaliyyətə başladı və “Hər evdən bir səs” kampaniyası ilə sözügedən partiyaya ən 3%-lik dəstək verdi. Bəzi CHP bələdiyyə sədrləri isə sevincdən HDP üçün “şükür plovu” ehsanı verdilər. Kılıçdaroğlu bu qalmaqallı dəstəyi “bütün rəngləri Məclisə daşımağı bacardıq” ifadəsi ilə yumşaltmağa çalışdı. Qəndil isə qırıcı sürəti ilə “HDP ətrafında toplanan demokratik gücləri təbrik edirik” açıqlamasını verdi və CHP-yə əmanət səslər üçün təşəkkür edildi.

Bu arada sözdə milliyyətçi olan İYİ Partiyası və CHP-nin HDP ilə masaya oturaraq, PKK terror təşkilatının da tələblərinə qanuni zəmanət altına alan “Federasiya Konstitusiyası” layihəsi hazırladığı ortaya çıxdı.

28 yanvar 2019-cu ildə HDP bələdiyyə seçkilərində bəzi vilayətlərdə namizəd irəli sürməyəcəklərini elan etdi və beləliklə, CHP ilə arasında olan gizli ittifaq ilk dəfə ictimai xarakter aldı. Bəzi CHP üzvləri isə “Bu arsızlığın içində mən yoxam” deyərək istefa verdi. HDP İstanbul, İzmir, Adana, Ankara, Mersin, Antalya və Bursada namizəd irəli sürmədi və beləliklə açıq şəkildə CHP və İYİ Partiyasının ortaq namizədini dəstəklədi.

30 mart 2019-cu ildə keçirilən seçkilərdə 340 nəfər CHP siyahısından namizəd oldu. Bunlardan 15 nəfəri HDP və PKK-ya bağlı şəxslər idi. Verdiyi dəstəyin qarşılığında PKK ilə əlaqəsi olan 557 nəfər İstanbul bələdiyyəsində işə götürüldü. CHP siyahısından seçkilərə girən HDP üzvləri Cihan Yavuz Şişli, Funda Buyruq isə Seyhan bələdiyyəsində sədr müavini oldu.

Millət İttifaqı bunun ardından 14 may 2023-cü il seçkiləri üçün qollarını çirmələdi. Belə ki, CHP parlamentdə 9 HDP millət vəkilinin toxunulmazlığının qaldırılması haqqında sənədin və Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyada xidmət etməsi barədə qanun layihəsinin əleyhinə səs verdi. PKK rəhbərlərindən Duran Kalkan və Mustafa Qarasu verdikləri açıqlamada “CHP qanun layihəsinə “yox” deyərək xeyirli bir iş görüb” və “CHP HDP ilə doğru əlaqələr qurarsa, təsirli ola bilər” dedilər.

“SİHA Sezgin” ləqəbli Sezgin Tanrıqulu isə “HDP Türkiyədə idarəçiliyə ortaq olmaq istəyir. Bunun təminatı verilməlidir. Bu ortaqlığı qurmaq məcburiyyətindəyik” açıqlamasını verdi. “Altılı masa”da sözdələşmələr başladığı zaman isə CHP millət vəkilləri Gürsel Təkin, Özgür Özəl və yazar Barış Yarkadaş HDP-yə nazirlik verilməsinin mümkün olduğunu deyərək əməkdaşlığı etiraf etdi. Bütün bunlara rəğmən HDP ilə ittifaq haqqında sözləri cəfəngiyyat adlandıran Kılıçdaroğlu 18 mart 2023-cü ildə, yəni Çanaqqala və Afrin zəfərlərinin ildönümündə HDP ilə alver masasına oturmaq qərarı verdi. Etirazlardan sonra iki gün təxirə salınan görüşün ardından HDP prezident seçkilərində namizəd çıxarmamaq qərarını verdi. 2011-ci il seçkilərində Hakkaridə 0,9% səs toplayan CHP 14 mayda səslərin 72%-ni aldı, lakin 14 may seçkilərində Kılıçdaroğlu yenə qazana bilmədi, ikinci turda millətçilərin səslərini qazanmaq üçün bütün kirli keçmişini inkar etdi. Hələ on gün əvvəl kameraların önündə HDP-nin dəstəyindən məmnuniyyətini dilə gətirən Kılıçdaroğlu terror təşkilatları ilə masaya oturmadığını, onları bitirəcəyini elan edir.

Baxaq görək ortağı HDP Kılıçdaroğlunun bu seçkiyə yönəlmiş dönüşünə nə deyəcək...”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol