“Space” kanalında yayımlanan “Meyxəbər” verilişi növbəti dəfə ictimaiyyətin tənqid hədəfinə tuş gəlib. Etiraz edənlər müzakirələrin küçə söhbətlərindən ibarət olduğunu deyərək yersiz ifadələrinə görə meyxanaçıları tənqid ediblər. Qeyd edək ki, “Meyxəbər”in aparıcıları meyxanaçılar Mehman Əhmədli, Vüqar Əbdülov, Rüfət Nasosnu, Oqtay Kamildir.
Bununla bağlı fikirlərini bölüşən Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib ki, televiziya elə cəmiyyətin özünü göstərir.
“Televiziya kimi göstərir? Aydan, Marsdan gələnləri, yaxud eramızdan əvvəl yaşayan mamutları göstərmir ki. Bizi göstərir də. Biz kimiksə, televiziya da onu göstərir. Sosial şəbəkələrdə bu qədər proses baş verirsə, televizyaya niyə ayaq açmasın? “Meyxəbər” verilişinin formatını normal qəbul edirəm. Cəmiyyətin böyük əksəriyyəti meyxanaya meyillidir. Baş verən hadisələrə meyxanaçıların təqdimatında nəzər salınması maraqlıdır. İndiyə qədər “Meyxəbər”ə baxmamışam, böyük məmnuniyyətlə növbəti buraxılışlara baxacağam ki, görüm nə danışırlar. Amma heç nə məni təəccübləndirməyəcək, çünki özümüzü görəcəyəm. Elə bil tində oturublar, gündəlik baş verən hadisələr barədə öz fikirlərini söyləyirlər. Hər kəs öz səviyyəsində danışır. Elə bilirsiniz ki, siyasi verilişlərdə danışan bəzi deputatlarımız, alimlərimiz meyxanaçılardan ağıllı danışırlar? Bəzi deputatlar, alimlər, hətta guya politoloqlar elə danışırlar ki, yumşaq sözlə desək, adamın əti tökülür. Meyxanaçılar heç olmasa səmimidirlər. Mirzə Cəlil demişkən, nə qədər ki kitab oxumuruq, dünya elmindən bixəbərik, məscidlərdə gedib baş yarırıq, xoruz döyüşdürürük, it boğuşdururuq, bu cür “vacib” əməllərlə məşğul oluruq, televiziyalarda da verilişlərimiz belə olmalıdır, başqa cür ola bilməz. O qədər ciddi, gözəl verilişlərimiz var. Əsasən bu verilişlər İctimai TV-dədir. Adam İctimai TV-yə baxanda nə əti tökülür, nə utanır. Çünki yaxşı tərəfimizi göstərir. İctimai TV-yə baxanda heç olmasa inanırıq ki, hələ tam məhv olmamışıq, itirilməmişik, hələ bizdə insani nələrsə, gözəl sənət, gözəl münasibətlər qalır, humanist ideyalarımız yaşayır. Amma başqa kanallara baxanda, çox təəssüf, özümüzü olduğumuz kimi görürük ki, bax, biz buyuq. Gecə saat 12-dən səhərədək meyxanaya qulaq asıb atılıb-düşən, hər şeyi qafiyədə sevən millətik. Öz də qafiyələr nə qədər vulqar, qeyri-etik olsa, o qədər bizə xoş gəlir. Biz həmin o toplumuq ki, canlı anamıza qiymət vermirik, amma bir aylıq kasıb maaşımızı verib ana mahnısını çalıdırıb zövq alırıq”.
B.Vəziroğlu deyib ki, efir güzgüdür, gərək, güzgüyə baxıb, özünü düzəldəsən: “Biz isə hələlik baxırıq, deyirik ki, yox, bu, biz deyilik. Kimsə küçə musiqiçilərini yığıb toyuna gətirib, 50 min pul xərcləyəndə nifrətlə danışırıq, amma bir həftə sonra özümüz toy edəndə həmin o küçə musiqiçilərini çağırıb 50 mindən daha çox pul xərcləyirik. Yəni özümüzü görə bilmirik. Televiziyada özümüzü görüb dərk etməyənədək düzələn deyilik. Uzaq başı güzgünü vurub sındıracağıq. Amma gəlin güzgünü sındırmaqdansa, özümüzü düzəldək...”
B.Vəziroğlu “meyxanaçılardan kimə qulaq asırsınız?” sualına isə belə cavab verib: “İndiki meyxanaçılardan Balaəliyə böyük məmnuniyyətlə baxıram. Mənə maraqlıdır, çünki bu adam başdan-ayağa koloritdir. Azərbaycan tipidir, özü də çox istedadlı adamdır. Həm ritmi, həm bədahətən söz deməsi, artistizmi... Çox maraqlı adamdır. İnsan elə həmişə müəyyən əsərlərə baxıb ağlamaz ki. Adam arada əylənmək də istəyir. Ona görə də son vaxtlar sosial şəbəkələrdə rastıma çıxanda Balaəliyə çox böyük məmnuniyyətlə qulaq asıram. Ürəyim açılır, adam bütün məclisi canlandırır. Çox hazırcavabdır. “Nu poqodi nu, yari mələs hu...” kimi qafiyələr çıxarır. Bu da əyləncə növüdür. Sənət həm də əyləncə deməkdir axı. Balaəli qeyri-etik ifadələr işlətmir. Mənim rastıma çıxmayıb. Bəlkə də, qapalı məclislərdə edir, bunu bilmirəm. Sosial şəbəkələrdə normal yumorlu, satiralı meyxanalarını görmüşəm. Musiqi duyumu, ritmi olan adamdır. Hərəkətləri mənə ləzzət edir. Yəni meyxanaçıların sırasında çox istedadlı adamlar var. Meyxana bizim folklorumuzdur, bundan hara qaça bilərik? Nə oldu, bəs qoşmalara, aşıq dastanlarına qulaq asırıq, kəndlərdə “Eşşək beli sındırdı” oyanıyırıq. Bunlar da hamısı söz sənətimizin ilkin folklorudur. Aşıqlar da əvvəllər coşqulu məclis aparırdılar. Meydanda o baş, bu başa gedib oynayırdılar, əsasən də Şirvan aşıqları. Sənətkardırlar, məclis adamıdırlar də...”
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?