Polad Həşimovu kim satıb? - “Azərbaycanda separatçı rəhbərlərin danışmamasında maraqlı olan çox adam var”

19:37 - 7 Oktyabr 2023 - KRİMİNAL

 Polad Həşimovu kim satıb? - “Azərbaycanda separatçı rəhbərlərin danışmamasında maraqlı olan çox adam var”

Şəhid general-mayor  Polad Həşimovun anası tez-tez "Polad Həşimov ermənilər tərəfindən vurulsa da, koordinatları Azərbaycandan verilib" iddialarını səsləndirib.

Səmaya Həşimova dəfələrlə mediaya açıqlamasında oğlunun satqınlıq səbəbiylə şəhid olduğunu deyib. Bəs görəsən, Qarabağdakı separatçı rejimin keçmiş rəhbərlərinin və digər vəzifə tutan şəxslərin həbs olunması Ermənistana casusluq edənləri ifşa edə bilərmi? Məsələ ilə bağlı Yeni Sabaha danışan politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər bunu istisna etməyib:

“Bu tipli istənilən hadisə tam obyektiv, hərtərəfli istintaqın aparılmasını tələb edir. Fərziyyələrlə hərəkət etmək qeyri-ciddi olar. Təbii ki, həbs olunan şəxslər, xüsusən də həmin dövrdə vəzifədə olanlar məxfi informasiya daşıyıcılarıdır. O baxımdan Polad Həşimovla bağlı da informasiyaya malik ola bilərlər”.

Siyasi şərhçi həbs olunan ermənilərin təhlükəsizliyinin qorunmasının vacib olduğunu vurğulayıb:

“Onu da unutmayaq ki, Polad Həşimovun düşmənləri təkcə Ermənistanda, Qarabağda deyildi, həm də Azərbaycanda onun düşmənləri vardı. Bu baxımdan həbs olunan Qarabağdakı separatçı rejimin keçmiş rəhbərlərinin və digər vəzifə tutan şəxslərin təhlükəsizliyini təmin etmək lazımdır. Çünki Azərbaycanda onların danışmamasında maraqlı olan çox adam var. Eyni zamanda, Rusiyada, Rusiyanın buradakı beşinci kolonunda bu cür şəxslər var. Bu səbəbdən həbs olunanların fiziki təhlükəsizliyi təmin olunmalıdır, digər tərəfdən də istintaq prosesini aparanların özü ciddi nəzarətdə olmalıdır. Çünki beşinci kolonun – rus və erməni kəşfiyyatının adamları hər yerdə ola bilər. Həbs olunanlar potensial informasiya daşıyıcıları ola bilər və onların istintaqı hərtərəfli aparılmalıdır”.

Qeyd edək ki, P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən həlak olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol