Dostları Cahangir Hacıyevə qarşı: həbsdəki sabiq bankir məhkəmədə nə deyəcək?

14:40 - 18 Oktyabr 2023 - KRİMİNAL

 Dostları Cahangir Hacıyevə qarşı: həbsdəki sabiq bankir məhkəmədə nə deyəcək?

Sabiq deputat Dünyamin Xəlilov və Azad Cavadov əsas məsuliyyəti Beynəlxalq Bankın keçmiş sədrinə “yükləyir” - bəs o...

Külli miqdarda mənimsəmədə təqsirləndirilən Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, “Aqrarkredit” ASC məhkəmədə mülki iddia qaldırıb. ASC dəymiş ziyana görə Dünyamin Xəlilovdan 17 milyon 735 min manat kompensasiya tələb edir.

Məhkəmə “Aqrarkredit” ASC-ni mülki iddiaçı kimi tanıyıb və iddia iş materiallarına əlavə edilib. İttihama görə, Dünyamin Xəlilov müxtəlif illərdə Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyev və Azad Cəfərovla birləşərək bankın vəsatətlərini mənimsəyib. Onlar banklarda kreditlərin verilməsi adı ilə müxtəlif məbləğlərdə pulları mənimsəyiblər. Həmin şəxslər müxtəlif vaxtlarda mütəşəkkil dəstə yaradaraq Beynəlxalq Banka külli miqdarda ziyan vurub. C.Hacıyev və A.Cəfərovdan 9 nəfərin adına kredit rəsmiləşdirərək 5 milyon manat kredit götürüb.

Ümumilikdə mütəşəkkil dəstə Azərbaycan Beynəlxalq Bankına 6 milyon 603 min manat ziyan vurmaqda təqsirləndirilir. Bundan başqa, A.Cavadov C.Hacıyevlə yaxın dostluğundan istifadə edərək 1 milyon 603 min 727 manatı mənimsəyib.

Həbsdə olan sabiq deputat Dünyamin Xəlilovla bağlı daha bir cinayət işi  açıldı

Dünyamin Xəlilovla Azad Cavadov Beynəlxalq Bankın keçmiş rəhbəri, 2015-ci ildən həbsdə olan Cahangir Hacıyevlə dost olublar. Onların heç biri ittiham üzrə özünü suçlu saymır və bildirirlər ki, Beynəlxalq Bankdan götürülən kreditlər müxtəlif layihələrin icrasına, müəssisələrin yaradılmasına yönləndirilib. Onların hər ikisi daha öncəki məhkəmələrində də Beynəlxalq Bank işi üzrə bənzər ittihamlarla mühakimə edilirdi. İddia olunurdu ki, Cahangir Hacıyev dostları ilə əlbir olaraq onların tabeliyindəki işçilərin adına kreditlər ayırıb və həmin pullar mənimsənilib. Cahangir Hacıyev də 2015-ci ildən bu yana iki dəfə mühakimə olunub. Birinci dəfə onunla birlikdə məhkəmə qarşısına çıxarılanlar arasında Azad Cavadov da olub. Həmin məhkəmənin sonunda Cahangir Hacıyevə 15 il, Azad Cavadova 10 il 6 ay həbs cəzası kəsilib. 2019-cu ildə ikinci dəfə Dünyamin Xəlilovla mühakimə olunan keçmiş bankirin cəza müddəti 16 il 3 aya yüksəldildi. Sabiq deputatın özü ilk dəfə 13 il həbs cəzası almışdı. İkinci dəfə cəzası 14 il 6 aya qaldırılmışdı.

Məhkəmənin son iclasından əvvəl “Yeni Müsavat” yazmışdı ki, dostları özlərini suçlu bilmirlərsə, demək, əsas məsuliyyəti də banka rəhbərlik etmiş Cahangir Hacıyevə “yükləmək istəyirlər”. Cahangir Hacıyevin həbsdən əfv və ya amnistiya ilə çıxmaq şansı sıfırın altındadır. Şübhəsiz ki, məhkəmə başlayanda Cahangir Hacıyevin dindirilməsi vacib olacaq.

Ona bu məhkəmədən sonra yeni cinayət işi də açıla bilər ki, bununla da sabiq bankirə ən yüksək cəza müddəti - 20 il verilə bilər. Bu isə elə “ömürlük həbs” kimidir...

Hüquqşünas: “Bizdə uçot dərəcəsi bankların əmanət faizindən xeyli aşağıdır”  - 06.08.2021, Sputnik Azərbaycan

Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki,  Beynəlxalq Bankdan milyardlarla manat oğurlanıb və bu pullar qaytarılmayınca, kimlərinsə həbsdən qurtulması mümkün deyil: “Azərbaycan Beynəlxalq Bankında dövlətin itkiləri 10 milyardlarla hesablanan itkilərdir. Cahangir Hacıyevə qarşı əvvəlki ittihamlarda elə də böyük rəqəmlər vardı ki, onunla əlbirlikdə ittiham olunanlara qarşı irəli sürülən mülki iddiadakı rəqəmlərə təəccüblənmədim. Ehtimalım belədir ki, yeni ittihamlar da ola bilər. Qanunsuz kreditlərə görə azı 200 nəfər məhkəmə qarşısına çıxarılmalıdır”.

Əkrəm Həsənov həmçinin qeyd edib ki, kimlərsə deyə bilər ki, həmin kreditlər verilərkən Cahangir Hacıyevi sənədlərə imza atmağa məcbur ediblər: “Amma bu məqam onu məsuliyyətdən azad etmir. Bu gün keçirilən məhkəməyə gəlincə, Azərbaycan Cinayət Məcəlləsinin 55-ci maddəsinə əsasən, ən uzun cəza müddəti 20 ildir. Bundan başqa, ömürlük cəza da təyin oluna bilər. Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə məhkəmədə  Cahangir Hacıyevin əleyhinə ifadələr verilsə və yeni ittihamlar olsa, cəzası maksimum həddə, 20 ilə qədər artıra bilər”.

Son məhkəmə iclasda təqsirləndirilən şəxslərin ifadələri “Yeni Müsavat”ın yazdıqlarını təsdiqləyib. 

Belə ki, ifadə verən Azad Cavadov onun, sadəcə, 55 min manat kreditdən xəbəri olduğunu bildirib: “2010-cu ildə işimdən ayrılmışam. İşlədiyim yer Beynəlxalq Bankın tərkibində idi. Mən çıxandan sonra işlədiyim şirkət bankdan ayrıldı. Bir gün bankdan zəng etdilər ki, müəyyən layihələrin həyata keçirilməsi məqsədilə kredit götürüləcək. Mən adam tapmalı idim. Cahangir Hacıyev zəng etdi ki, narahat olma, krediti özümüz ödəyəcəyik. Rauf Şahbazovla birgə getdik banka, kredit üçün blank doldurub çıxdıq. Kredit üçün ayrılan pul bankın kassasında qaldı. 2015-ci ildə xəbərim oldu ki, kredit ödənməyib. İş üzrə zərərçəkmiş şəxslərdən, sadəcə, Rauf Şahbazovu tanıyıram”.

Daha sonra sabiq deputat Dünyamin Xəlilov ifadə verib. O, ifadəsində bildirib ki, bankda ayrı-ayrı adamların adına kreditlər rəsmiləşdirilib: “Bankda ayrı-ayrı fiziki şəxslərin adına müəyyən layihələrin icrası adına kreditlər rəsmiləşdirilirdi. 2007-2012-ci illərdə Kamal Abbasov və başqa adamlar kredit götürmüşdü. Kamal Abbasov Cahangir Hacıyevin dostu idi. 2-3 layihənin rəhbəri idi. Sonradan mənə dedi ki, kreditləri ödəyə bilmirəm. Cahangirlə danışdım, dedi həll edəcəyik. Ümumilikdə 3 fiziki şəxsin adına kredit götürülməsi üçün Cahangir Hacıyev zəng edib xahiş etdi. Amma pul bankın kassasında qalıb. Hansısa layihələrin icrası üçün istifadə edildiyini dedilər”.

Daha sonra məhkəmə bu işdə şahid qismində qeyd olunan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin prosesdə dindirilməsinə qərar verib.

Proses noyabrın 13-də davam etdiriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol