“Bütün sosial problemlərdə insanlar birinci müğənniləri xatırlayırlar. Nəyisə görəndə ağzını açıb bir söz danışa bilmirsən, o saat başlayırlar ki, siz hansı qanunundan danışırsınız, ay nəbilim hansı qaziyə, hansı şəhidə kömək eləmisiniz?”
Bu sözləri müğənni Günel Ələkbərova deyib. O, hər problemli mövzuda müğənnilərin adının hallanmasından gileylənib: “Nəyinsə qiyməti bahalaşanda deyirlər müğənnilərin pulu var, onsuz da alırlar. Elə bil müğənni bunların cibinə girir, atalarının pulunu yeyir. Başa düşmürlər ki, müğənni də əziyyət çəkib pulunu qazanır.
Bir toya getmək, məclis idarə etmək, kiminsə toyunda oxumaq özü böyük bir məsuliyyətdir. Heç kəs gətirib müğənninin cibinə havayı pul qoymur. Müğənni əziyyəti ilə pul qazanır, bundan əlavə onun gözəllik salonuna getməyi, geyimləri, musiqiçilərinə verdiyi pul var. Bir mahnını yazdırmaq üçün nə qədər pul xərclənir. Bununla belə, bir çox həmkarım hər zaman ehtiyacı olanlara dəstək olub, onların yanında olur, yaxud hər hansı problemi ictimailəşdirir. İmkan daxilində müğənnilər də bunu edir, şərt deyil ki, hər şeyi “İnstagram”da paylaşasan. Yaxud kimsə paylaşmır deyə heç kəsə yardım etmir demək deyil”.
O, sosial şəbəkədə problemləri ictimailəşdirdiyi üçün belə tənqidlərlə üzləşdiyini açıqlayıb:
“Mən özüm bir çox problemi sosial şəbəkə hesabımda ictimailəşdirmişəm. Halbuki heç o problemlər məni şəxsən narahat etmir, sadəcə insanları düşünərək problemin həll olunması üçün bu addımı atıram. Mən insanların adından aidiyyəti qurumlara səsin daha tez çatdırılması üçün bunu edirəm, amma onda da bir mız qoyurlar. Ona görə son vaxtlar heç paylaşım da etmirəm. Bu milləti başa düşmək olmur, edirsən vay, etmirsən vay”.
İfaçı qeyd edib ki, cəmiyyət xarici müğənnilərə öz millətindən daha çox hörmət edir:
“Bizim bədbəxtliyimiz odur ki, başqalarına özümüzünkülərdən daha çox dəyər veririk. Türkiyədən adı it dəftərində belə olmayan müğənni Azərbaycana gələndə əldən-ayaqdan gedirlər. Vallah, orda heç bizimkiləri sayan belə yoxdur. Bu yaxınlarda Şəmkirdəki toya Ebru Gündeş gəlmişdi, Azəri qızı Günelin səhnəyə çıxmasını istəməmişdi. Amma anoloji hadisə Türkiyədə baş versəydi, türklər gələn müğənniyə deyərdilər ki, “sənə yaxşı yol”. İnsan birinci özünə, öz millətinə, daha sonra kənardakılara hörmət etməlidir. Özümüz özümüzü yıxıb-sürüməli, baltalamalı deyilik.
Boşanmalar artanda deyirlər müğənnilərin üzündən olur. Heç dəxli var? Guya ki, müəllim, həkim, bank işçisi boşanmır, yaxud yüngül həyat tərzi sürmür, əylənmir, açıq-saçıq geyinmir? Sanki hamı namuslu, qeyrətlidir, bir müğənnilik sənətində hər kəs namussuzdur. Biz tanınmışlar suyu belə üfürə-üfürə içirik. Hər mövzuda müğənniləri qınayırlar, amma müğənnisiz keçən məclis görmürük. Sosial şəbəkələrdə müğənniləri qınayanların, təhqir edənlərin çoxu ikiüzlü olur. Məsələn, girib hansısa şou-xəbəri paylaşılan səhifədə şərhləri oxuyuram ki, bir nəfər haqqımda ağzına gələni yazıb, məni təhqir edir. Sonra həmin adamın profilinə baxıram ki, sən demə, məni izləyir, şəkillərimin altına yazır ki, “mən sizi çox istəyirəm”. Belə olanda ekran görüntüsü alıb yazıram ki, “Ay padoş, başqa səhifədə ağzına gələni, mənim səhifəmdə isə tərif dolu şərh yazırsan”. Onda da başlayırlar ki, “Günel xanım, o mən deyiləm, vallah, uşaq girib yazıb”. O qədər belə şeylər olur ki...
Mən xalqımı, millətimi doğurdan sevən adamam, istəyirəm ki, hamımız bir-birimizə dəyər verək”.
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video