Hazırda Ermənistanın geosiyasi baxımdan vəziyyəti çox çətindir. Çünki onların uzun illərdir Azərbaycan və Türkiyəyə qarşı həyata keçirdikləri siyasətin əsas dayaq nöqtəsi Rusiya idi. Yəni bunun üçün lazım olan komponentlər rəsmi Moskva tərəfindən təmin edilib. İndi isə vəziyyət dəyişib və Rusiyanın müxtəlif səbəblərə görə Ermənistana həmişə göstərmiş olduğu ənənəvi dəstəyi davam etdirmək istəmədiyi hiss olunur. Bütün bu səbəblərdən onlar özlərinə yeni himayəçi axtarışındadırlar.
Bu sözləri BUTA.TV-a Paşinyanın KTMT-nin 23 noyabrda Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsi haqqında danışan ölkəmizin keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Diplomat prosesin Ermənistan üçün kifayət qədər ağrılı keçəcəyini vurğulayıb:
“Paşinyan artıq bir neçə dəfə Rusiyadan uzaqlaşıb Qərbə yönəlmək fikrini bəyan edib. Əsas məsələ isə onun buna qadir olub-olmamasıdır. Rəsmi Moskvanın Ermənistana iqtisadi, hərbi və siyasi baxımdan böyük təsir imkanları var. Digər bir sual isə Qərbin Paşinyana nə qədər və hansı mərhələyədək dəstəkləyəcəyidir. İndi bu dəstək verilir, amma bu dəstəyin yetərincə olub-olmayacağı hələ də sual altındadır. Gürcüstanda Saakaşvili dövrünü xatırlayırıq - şifahi vədlər verilir, ancaq vəziyyət gərgin mərhələyə keçəndən sonra dəstək kəsilir. İndi biz Ukrayna üçün də kifayət qədər dəstəyin verilmədiyini, rəsmi Kiyevin müharibənin gedişatı və mümkün nəticələri barədə narahatlıqlarının artdığını müşahidə edirik. Qərb Ermənistan cəmiyyətini özünə tərəf çəkmək üçün Azərbaycan tərəfindən hansısa təhlükələrin mövcudluğu haqqında danışır. AB tərəfindən son verilən açıqlamalar, bəyanatlar da bunun təzahürüdür. Rusiya tarixi aspektdən bu ölkəni tərk edəcək, artıq proses başlayıb. Lakin hərbi, siyasi və iqtisadi baxımdan mövcudluğunu qoruyub saxlayacaq. Bir sıra önəmli rus ekspertin Ermənistanı açıq şəkildə “qulpsuz çamadan”a bənzətməsi də Moskvanın davamlı şəkildə bu ölkəyə marağını itirdiyini göstərir. Ümumiyyətlə isə onu deyə bilərəm ki, böyük siyasətdə belə addımların hər zaman qarşılığı olur və bəhs etdiyimiz proses də Ermənistan üçün çox ağrılı keçəcək”.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı