“Şagirdin yaşına uyğun olmayan mövzuları dərsliyə salmaq...” – Mərdanov gündəm olan dərsdən danışdı

17:39 - 16 Noyabr 2023 - CƏMİYYƏT

 “Şagirdin yaşına uyğun olmayan mövzuları dərsliyə salmaq...” – Mərdanov gündəm olan dərsdən danışdı

I, II sinif şagirdlərinə "Həndəsi fiqurlar və fəza fiqurları" mövzusunun öyrədilməsi son günlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Valideynlər isə sözügedən mövzuların bu yaşda şagirdlər üçün kifayət qədər çətin olduğu qənaətindədirlər. Məsələ ilə bağlı Yenisabah.az-a danışan sabiq təhsil naziri, professor Misir Mərdanov bildirib ki, dərsliklər mütləq şagirdlərin yaşına uyğun formada tərtib edilməlidir:

“Bu barədə dəqiq fikir söyləmək üçün gərək həmin dərsliyi görəm. Bu mövzunun elə tərəfləri ola bilər ki, həmin yaş qrupuna bunu keçmək olar. Bu səbəbdən həmin dərsliyi, keçilən mövzunu görməsəm, proqramla dərsliyi müqayisə etməsəm, dəqiq fikir söyləyə bilmərəm. 

Hər kəs çalışmalıdır ki, keçirilən fənlər, yazılan dərsliklər şagirdin gücünə uyğun olsun. Hər şey uşağın yaşına uyğun olmalıdır. Şagirdin yaşına uyğun olmayan mövzuları proqrama və dərsliyə salmaq olmaz. 

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Son illər ibtidai siniflərin dərsliklərində olan materiallarla tanış deyiləm. Artıq 11 ildir ki, o sistemdən ayrılmışam. Evimizdə, ailəmizdə də o yaşda uşaq olmadığı üçün dərslik proqramından xəbərim yoxdur”.

Mövzu ilə əlaqədar fikirlərini bölüşən təhsil eksperti Məzahir Məmmədli qeyd edib ki, ibtidai sinif şagirdləri üçün hazırlanan dərsliklərin dili çox ağırdır:

“Son günlər dərsliklərlə bağlı məsələlər çox ciddi müzakirə olunur. Hətta bu mövzu efirlərə də daşınır, artıq televiziyalarda da bu məsələ müzakirəyə çıxarılır. 

Bu yaxınlarda kitab müəllifləri ilə də görüşümüz oldu, amma təəssüflər olsun ki, müəlliflər hər cür məsələdə özlərini haqlı çıxarırlar. Lakin biz müşahidə etdikdə görürük ki, dərsliklərin dili həqiqətən çox ağırdır. Dərs proqramları ümumilikdə buraxılış imtahanları üçün adekvat deyil, imtahanda təsdiq olunmuş dərsliklərdən kənar suallar salınır. 

Bu gün II sinif dərsliyində yer alan “müstəvi” sözünün izahını nəinki şagirdlər, heç onların valideynləri belə verə bilmir. II sinif şagirdi üçün müstəvi sözünün ümumi anlayışı çox ağırdır. Ən azından müəyyən bir mərhələni keçib, riyazi terminləri biləndən sonra – IV, V sinifdə bu mövzuları  şagirdlərə keçmək olar. II sinif şagirdi müstəvinin nə olduğunu haradan bilsin? Axı onun ibtidai bazası yoxdur. İndi 5-6 yaşından hazırlıq kurslarına uşaqlar gedir, amma orada da müəyyən elementar yazı-pozu, davranış qaydaları öyrədilir”.

Ekspertin sözlərinə görə, dərsliklərlə bağlı ciddi problemlər mövcuddur və bu problem qısa zaman ərzində həll edilməlidir:

“Bəzən müəyyən standartlarla ölçüm edirlər, nümunə göstərirlər ki, Avropa ölkələrində belədir və s. Axı biz irəli gedən məsələlərdə özümüzü onlarla müqayisə etmirik, niyə məhz bu kimi məsələlərdə Avropanı əsas götürürük? Biz əvvəlcə uşaqları o səviyyəyə qədər yetişdirməliyik.

Dərsliklərlə bağlı çox ciddi problemlər var. Ümidvarıq ki, bu problemlər istiqamətində  yeni yaranmış ümumtəhsil və məktəbəqədər baza üçün yaranmış agentlik tədbir görəcək. Əgər ora mütəxəssislər yığsalar, bu məsələlərə yenidən baxılacaq. Əks təqdirdə, vəziyyət çox çətindir, tədris dili çox ağırdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol