Gələn il Azərbaycanda xaricdən idxal olunan benzinin bahalaşacağı gözlənir. Gələn ilin büdcə layihələrinə görə, neft məhsullarının idxalına tətbiq edilən aksizlər üzrə daxilolmalar 42.9 faiz çox nəzərdə tutulub.
Bəzi yerli ekspertlər hesab edir ki, aksizlər üzrə daxilolmalar artırsa, bu, ölkədə Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətlərinin yüksələcəyindən xəbər verir. Sonuncu dəfə Aİ-95 və Aİ-98 benzinində bahalaşma 2022-ci ilin iyulunda baş verib. O zaman Aİ-95-in litri 1.6 manatdan 2 manata, Aİ-98 isə 1.9 manatdan 2.3 manata qaldırılıb.
Azərbaycanda Aİ-95 və Aİ-98 istehsal olunmur və ölkəyə idxal edilir.
2023-cü il vəd olunmuşdu
Halbuki rəsmilər artıq illərdir ölkədə bu markalı benzinlərin istehsal olunacağı barədə vədlər verir. Həmin növ yanacaqların Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunması nəzərdə tutulur. Rəsmi məlumata görə, bu məqsədlə zavodda artıq bir neçə ildir yenidənqurma və modernizasiya işləri aparılır. İşlərin 2023-cü ildə bitəcəyi deyilsə də, hələlik, bu barədə heç bir məlumat yoxdur.
Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2022-ci ildə Azərbaycan 102 milyon 540 min dollar dəyərində 99 min 490.98 ton Aİ-95 markalı avtomobil benzini idxal edib. Benzin, əsasən, Rusiyadan və Rumıniyadan gətirilir. Apreldə isə Azərbaycan Belarusdan da benzin idxalına başlayıb.
Milli Məclisin Energetika və təbii ehtiyatlar komitəsinin sədri Asim Mollazadə "Turan"a açıqlamasında məsələ ilə bağlı bunları deyib: "Azərbaycanda bu benzin emal edilmir və biz onu xaricdən alırıq. Benzini satan ölkələr necə qiymət qoyacaqlar, elə də olacaq. Hər şey benzin satan ölkələrdən asılıdır".
"Qiymət 10 faizə qədər arta bilər"
İqtisadçı Zöhrab İsmayıl aksizlərin artırılmasını hökumətin əlavə gəlir mənbəyi axtarışları ilə əlaqələndirir: "Hesablama Palatasının büdcə ilə bağlı rəyində göstərilir ki, hasilatın pay bölgüsü sazişləri üzrə podratçıların mənfəət vergisi azalır. Bunu kompensasiya etmək üçün hökumət əlavə addımlar atır və gəlir mənbəyi axtarır. Onlardan biri də idxal olunan neft məhsullarıdır", - o, AzadlıqRadiosuna bildirib.
İqtisadçının xatırlamasına görə, artıq bir neçə ildir Neft Emalı Zavodunda yenidənqurma işlərinin aparıldığı deyilir, amma ortada bir nəticə yoxdur. Z.İsmayıl qeyd edir ki, əgər Aİ-95 və Aİ-98-in qiymətləri qalxacaqsa, Aİ-92 də bahalaşacaq: "Ola bilməz ki, Aİ-95 və Aİ-98 benzini 2.2 və 2.5 manat olsun, amma Aİ-92 markalı benzinin qiyməti 1 manat qalsın. Çox güman ki, bunun da qiyməti qalxacaq. Bu da ölkədə qiymət artımına gətirib çıxaracaq".
Ekspertin fikrincə, Aİ-95 və Aİ-98 markalı benzinlərin qiyməti 10 faizə qədər arta bilər. Aİ-95 və Aİ-98-dən fərqli olaraq Aİ-92-nin qiymətini Tarif Şurası tənzimləyir.
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi
- "Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər
- Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov