Bakıda lift qırılması: Kimdir günahkar? - “FHN sənəd veribsə, deməli...”

00:09 - 19 Yanvar 2024 - CƏMİYYƏT

 Bakıda lift qırılması: Kimdir günahkar? - “FHN sənəd veribsə, deməli...”

Xəbər verdiyimiz kimi, Bakıda binanın lifti qırılıb və xəsarət alanlar var. Hadisə Xətai rayonu, Gəncə prospekti, 2980/81 ünvanındakı “Şərur” MTK-ya məxsus binada baş verib. Baş verən qəza səbəbi ilə 4 nəfər xəsarət alıb. Belə ki, sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə relsdən çıxaraq sürətlə aşağı düşüb.

Bəs görəsən, bu cür hadisələr niyə yaşanır? Bina təhvil verilərkən Fövqəladə Hallar Nazirliyi lazımi baxışı keçirirmi? Mövzu ilə bağlı  Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov danışıb. Millət vəkili qeyd edib ki, paytaxtdakı bir çox yeni tikiliyə “istismara yararlıdır” sənədi verilmədən sakinlər ora köçüb:

“Binada liftin qırılması, xəsarət alanların olması barədə mən də məlumatlıyam. Belə bir məsələ var ki, paytaxtda bəzən yeni tikili binalar dövlət qurumu tərəfindən yaşamağa yararlıdır sənədi almamış insanlar artıq ora köçürlər. Belə binalar kifayət qədərdir, bəzisinə qaz verilməyib, bəzisində işıq problemi var, amma insanlar köçüb yaşayırlar. Ona görə də insanlara tövsiyə edirəm ki, qəbul edilməmiş binaya köçməsinlər. Əgər qəbul edilmiş binada bu cür hadisə baş veribsə, əlbəttə ki, burada Fövqəladə Hallar Nazirliyinin günahı var, bu qurum texniki nəzarəti həyata keçirən orqandır. Onlar mütləq heç olmasa, ildə bir dəfə binalarla maraqlanmalıdırlar ki, görsünlər liftlər işləyir, ya yox. Bu gün kifayət qədər bina tikintidən sonra icraata götürülməyib. Amma insanlar hazırda orada yaşayırlar”.

V.Əhmədov bildirib ki, əgər Fövqəladə Hallar Nazirliyinin istismara yararlı olduğuna dair sənəd verdiyi binalarda bu cür hadisələr yaşanarsa, bu zaman bundan qurum məsuliyyət daşıyır:

“Bədbəxt hadisənin baş verdiyi bina icraata götürülüb, ya yox bilmirəm, amma insanlar məsuliyyətli olmalıdır. Bu gün yeni tikili binalarda yük üçün ayrıca lift qoyurlar. Sözügedən binada yəqin ki, yük lifti olmayıb. Amma yeni tikilən binalarda liftlər iki cür olur. Son vaxtlar dünyada baş verən hadisələr, zəlzələlər binalara qoyulan tələbləri daha da sərtləşdirib. İstər onun tikilmə qaydası, istər davamlılığı olsun bunlar hamısı ciddi yoxlanılır. Yalnız bütün tələblərə cavab verən binalara akt verilir və insanların köçməsi üçün təhlükəsiz hesab edilir. Akt verilməyən binalara köçməyi məsləhət görməzdim. Əgər bina qəbul olunmursa, deməli, orada problem var ki, ona akt verilməyib, dövlət qurumu onu qəbul etməyib. Bu cür təhlükəli yerə köçməyin nə mənası var? insanlar bunu başa düşməlidir.

Amma bina dövlət orqanı tərəfindən qəbul olunubsa, istismara verilibsə, akt varsa və bədbəxt hadisələr yaşanırsa, əlbəttə ki, bunda dövlət qurumu məsuliyyət daşıyır”.  


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol